Maliyyə Nazirliyi bu ilin
doqquz ayında dövlət büdcəsinin
icrasına dair məlumat yayıb
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi 2014-cü ilin doqquz ayında dövlət
büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
AzərTAc-a nazirliyin mətbuat xidmətindən daxil olmuş məlumatda bildirilir ki, bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 14070,6 milyon manat, xərcləri 12693,5 milyon manat təşkil edib, 1377,1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Büdcənin mədaxili proqnozlaşdırılan 13903,7 milyon manatdan 1,2 faiz çox olub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,8 faiz icra edilməklə dövlət büdcəsinə 5324,4 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 394,4 milyon manat və yaxud 8,0 faiz çoxdur. Həmin vəsaitin 58,3 faizi və yaxud 3107,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu daxilolmalar 2013-cü ilin müvafiq dövrünə nisbətən 376 milyon manat və yaxud 13,8 faiz artıb.
2014-cü ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1134,9 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və yaxud 123,2 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 155 milyon manat təşkil edib. Digər daxilolmalardan nəzərdə tutulan 27,1 milyon manat əvəzinə büdcəyə 56,6 milyon manat və yaxud proqnoza nisbətən 2,1 dəfə çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon manat və yaxud 16,7 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7399,7 milyon manat vəsait transfert edilib. 2014-cü ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4731,7 milyon manat icra olunub.
2014-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86 faiz və yaxud 12693,5 milyon manat icra edilib. İqtisadi təsnifata uyğun olaraq bu müddətdə dövlət büdcəsi xərclərinin 31,7 faizi və yaxud 4019,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz və yaxud 521,4 milyon manat çoxdur.
Funksional təsnifata uyğun olaraq 2014-cü ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 24,6 faiz (51 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 16 faiz (29,7 milyon manat), müdafiə xərclərinə 15,2 faiz (141,6 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 10,7 faiz (71,9 milyon manat), səhiyyə xərclərinə 9,2 faiz (37,8 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə 8,4 faiz (113,6 milyon manat), təhsil xərclərinə 8 faiz (70,4 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 4,2 faiz (14,8 milyon manat) çox vəsait yönəlib.
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1401,2 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2729,1 milyon manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 44,4 milyon manat vəsait sərf edilib.
Dövlət büdcəsinin xərcləri cari ilin iyul-sentyabr ayları üzrə 3969,6 milyon manat icra olunub.
2014-cü ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin
doqquz ayında icmal
büdcənin gəlirləri 17734,3 milyon
manat icra edilib ki, bu
da ötən ilin eyni dövrü ilə
müqayisədə 817,4 milyon manat və yaxud 4,8 faiz çoxdur. İcmal büdcənin xərcləri isə
265,6 milyon manat və yaxud 1,8 faiz artaraq 14652,8 milyon manat icra olunub.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 8.