Sumqayıt inkişaf yolunda yeni uğurlara imza atır

 

Şəhərdə qazanılan nailiyyətlərin miqyası daha da genişlənləndirilib

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin akt zalında 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan ümumşəhər toplantısı keçirilmişdir.

İclası açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, sosial-iqtisadi sahədə dinamik inkişaf dövrünü yaşayan Azərbaycan qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdədir. Bu gün dünya miqyasında Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı artıq qəbul olunmaqda, onu səciyyələndirən  xüsusiyyətlər daha geniş rakursdan öyrənilməkdədir. Dünyanı sarsıdan böhranlardan yan keçən Azərbaycan iqtisadi inkişaf modelində əldə etdiyi nailiyyətlərilə digər dövlətlərə nümunə göstərdi. Bu gün respublikamızın bütün regionlarında uğurla həyata keçirilən dövlət proqramları, iqtisadi islahatlar, yeni dünya siyasətinin aparıcı qüvvəsinə çevrilmək üçün demokratik ənənələrin qorunması və inkişaf etdirilməsi  ölkəmizin mövqeyini daha da gücləndirir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövr ərzində Azərbaycana yeni uğurlar qazandıracağını indidən şərtləndirməkdədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanda əldə edilən nailiyyətlərə dünyanın aparıcı dövlətlərinin heyran qaldığını və qibtə ilə yanaşdığını nümayəndələrin nəzərinə çatdırdı. Natiq vurğuladı ki, bu gün respublikanın hər yerində həyata keçirilən geniş abadlıq-quruculuq işləri bu inkişafın tərkib hissəsi kimi yeni-yeni nailiyyətlərin qazanılmasına aparan yolu daha işıqlı edir. Azərbaycan üçün xarakterik cəhətlərdən biriyaşanan sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişaf etməsidir.  Ölkədə yoxsulluq 5 faizə düşmüşdür. Dünyanın aparıcı  iqtisadiyyat maqnatları müəyyən ediblər ki, iqtisadi və maliyyə böhranları keçmiş postsovet məkanında yalnız Azərbaycandan yan keçə bilər.

Eldar Əzizov bildirdi ki, Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ümummilli lider Heydər Əliyevin ideyaları böyük uğurla həyata keçirilir. Ölkəmizin beynəlxalq nüfuzu durmadan artır, iqtisadi qüdrəti davamlı şəkildə yüksəlir. Durmadan inkişaf edən Sumqayıt bu uğurlu siyasətin potensial daşıyıcısıdır.

Şəhər icra aparatının məsul işçisi Lalə Hacıyeva 2014-cü ilin doqquz ayının Sumqayıt şəhəri üzrə əldə olunan uğurların bəzi məqamlarını konkret faktlarla müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Respublikada yaşanan inkişaf  Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Ölkə başçısının tapşırıq və tövsiyələri şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərin mənbəyidir.  Bu gün şəhərin rəmzinə çevrilən hər nə varsa hamısı əhalinin rifah halının daha da yüksəlməsinə, maddi vəziyyətlərinin yaxşılaşmasına yönəlmişdir. Bu gün Sumqayıtda müxtəlif sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 480 manatdan çoxdur. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində hamısı daimi olmaqla 5059 yeni yeri açılmışdır.

Lalə Hacıyeva dedi ki, ilin əvvəlindən başlayaraq şəhərin bir neçə istiqamətində abadlıq işləri görülmüş, məhəllə və mikrorayonlararası yollar asfaltlanmışdır. Şəhərin 3,4,5-ci mikrorayonlarında yaşayış binalarının fasadları yenilənməkdədir.

Tədbirdə çıxış edənlər əminliklə bildirdilər ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri həllini tapacaq, tezliklə Qafqazın ikinci sənaye şəhəri sayılan Sumqayıt  dünyanın müasir şəhərlərindən birinə çevriləcəkdir.

Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

      

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S. 8.