Dövlətin davamlı qayğısı hər kəsdə razılıq doğurur

 

Cəbhə bölgələrində yaşayan əhalinin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmağa hesablanan dövlət qayğısı Ağdamda da böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Qayğıdan qaynaqlanan yüksək əhval-ruhiyyə Ağdam rayonunun 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqda özünü qabarıq şəkildə göstərirdi. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun məruzəsində və yığıncaqda səslənən ayrı-ayrı çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bu bölgənin sosial-iqtisadi inkişafına, rayon əhalisinin həyat şəraitinin, dolanışıq səviyyəsinin yüksəlməsinə göstərdiyi xüsusi qayğı və diqqət dönə-dönə minnətdarlıqla vurğulandı.

Cari ilin arxada qalan 9 ayının bölgə üçün ən mühüm hadisəsi Prezident İlham Əliyevin Ağdam rayonuna avqust ayının 6-da gerçəkləşən səfəridir. Səfər çərçivəsində ilk olaraq ön xətdə yerləşən hərbi hissənin döyüşçüləri ilə görüşən dövlət başçısı sonra İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün 632 evdən ibarət yeni qəsəbənin açılışında iştirak etmiş, burada 50 yerlik uşaq bağçasında, 440 şagird yerlik orta məktəb binasında yaradılmış şəraitlə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüş keçirmişdir.

Rayonda aparılan tikinti, abadlıq, quruculuq işlərini yüksək dəyərləndirən dövlət başçısı bölgəyə səfərinin sabahı günü imzaladığı "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamı ilə

2 milyon manat vəsait ayırdı. Eyni gündə imzaladığı ikinci sərəncamla 21 min nəfərin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisinə 3.2 milyon manat vəsait ayırmaqla Prezident İlham Əliyev Ağdama və ağdamlılara xüsusi qayğı və diqqətini bir daha təsdiqlədi. 

Dövlətin davamlı və yetərli qayğısından ruhlanan ağdamlılar cari ilin 9 ayı ərzində tikinti, abadlıq, quruculuq sahəsində diqqətəlayiq işlər görmüş, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük artıma nail olmuşlar. Heydər Əliyev prospektinin İmamqulubəyli kəndi ilə Quzanlı qəsəbəsini birləşdirən 1200 metrlik hissəsində yüksək zövqlə abadlıq işləri görülmüş, yolun hər iki tərəfində hasar çəkilmiş, piyadaların gediş-gəlişi üçün səki salınmış, hasar ağlay və mərmər daşları ilə üzlənmişdir. Xiyabanda 5 fontan quraşdırılmış, yaşıllıqlar salınmış, suvarma şəbəkəsi inşa edilmiş, prospektxiyaban müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir. Xiyabanda Ağdam şəhəriin simvoluna çevrilmiş çay evinin tikintisində son tamamlama işləri gedir. Dövlət başçısının sərəncamı ilə nəzərdə tutulan Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisinə başlanılmışdır.

Rayon əhalisinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər davam etdirilir. Hesabat dövründə Əfətli, Evoğlu, Qaradağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Sarıcalı, Təzəkənd kəndlərində və Ergi qəsəbəsində içməli su üçün subartezian quyuları istifadəyə verilmişdir. Mövcud subartezian quyularında isə 122 ədəd nasos, 16 ədəd transformator, 6600 metr su xətti təmir olunmuşdur. Yaxın günlərdə 13 ədəd, o cümlədən Çəmənli, Hacıməmmədli, Əfətli, Məmmədbağırlı, Küdürlü, Evoğlu, Ağalar, Mahrızlı, Sarıcalı, Əhmədağalı, Mirəşəlli, Təzəkənd və Səfərli kəndlərinin hər birində 1 ədəd içməli su üçün subartezian quyuları qazılacaq.

Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Bu ilin aprel ayında Quzanlı qəsəbəsində Qarabağ əlilləri və şəhid ailələri üçün altımərtəbəli 54 mənzilli yaşayış evi istifadəyə verilmişdir. İmamqulubəyli kəndi yaxınlığında salınmış 632 ailəlik qəsəbəyə "Dördyol-Mamırlı" ərazisində ağır şəraitdə yaşayan əhalinin köçürülməsi davam etdirilir. Rayonda məktəb tikintisinə də böyük önəm verilir. May ayında 120 şagird yerlik Birinci Baharlı kənd məktəbi, sentyabr ayında isə hər biri 120 şagird yerlik olan Hacıməmmədli və Həsənxanlı kənd məktəblərinin yeni binası istifadəyə verilmişdir. 360 şagird yerlik Əfətli kənd məktəbi üçün yeni binanın tikintisində isə son tamamlama işləri gedir.

2014-cü ilin 9 ayı ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 126 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 31.1 milyon manatya 32.8 faiz artım deməkdir. Hesabat dövründə 1423 yeni yeri açılmışdır ki, bunun da 793-ü daimidir.

Rayonda yüksək intellektual səviyyəyə malik vətənpərvər yeni nəsil yetişdirilməsinə xüsusi fikir verilir. Dövlət əhəmiyyətli bu şərəfli vəzifənin həyata keçirilməsində Ağdam rayonunun Təhsil Şöbəsi son dərəcə səmərəli fəaliyyəti ilə diqqət çəkir. Bu il ölkənin ali məktəblərinə qəbul üçün sənəd vermiş 560 nəfər ağdamlı məzundan 343 nəfəri uğur qazanmışır. Ali məktəblərə qəbul olunan məzunlardan 12 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə isə rayonun tarixində ən yüksək nəticəyə imza atmış, 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşur.

Yığıncaqda ötən 9 ay ərzində əsas xidmət sahələrində səhiyyə, mədəniyyət, rabitə sahəsində işlərin yaxşı təşkil edildiyi qeyd olunmuşdur. Əhalinin elektrik enerjisi və təbii qazla təminatında heç bir problemin yaranmadığı vurğulanmışdır. Məruzə və çıxışlarda qarşıda duran vəzifələrə də diqqət ayrılmış, rayonda vüsət alan tikinti, abadlıq, quruculuq işlərini bundan sonra da sürətlə davam etdirmək zərurəti qeyd olunmuşdur.

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S. 8.