Regional əməkdaşlıq:
Azərbaycanın strateji mədəniyyət
aspektləri
Strateji mədəniyyət ölkələrin xarici siyasət modelinin nəzəri və praktiki izahı üçün vacib amildir. Onun formalaşmasına geosiyasi amillər və eləcə də daxildə idarəetmə strukturlarının fəaliyyətinin səmərəli təşkili təsir edir. Nəticədə bütün bunlar ölkənin təhlükəsizlik siyasətinin məqsədyönlü formalaşmasına və inkişafına gətirib çıxarır.
Strateji mədəniyyət çox geniş məfhumdur və onun tərkib hissələrindən biri ölkələrin regional səviyyədə əməkdaşlıq üzrə fəaliyyətidir. Buraya regional səviyyədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formaları aid edilə bilər. Çoxtərəfli əməkdaşlıq, adətən, beynəlxalq və ya regional təşkilatlar çərçivəsində həyata keçirilir. Regional təşkilatlar regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Təhlükəsizlik amili çoxşaxəli xarakter daşıdığından təhlükəsizliyin etibarlı təmin olunması üçün dövlətlərdən çevik və yüksək peşəkar səviyyədə təhdidlərə qarşı əks tədbirlərin görülməsini tələb edir. Regional təşkilatların bu sahədə rolu ondan irəli gəlir ki, bölgədəki problemlərin kollektiv həlli üçün dövlətlərin bir çox sahədə birgə çalışma təcrübəsindən istifadə edilə bilər. Bundan əlavə, regional təşkilatlar özlərində struktur yaddaşa və ya başqa sözlə, institusional yaddaşa malikdirlər. Bu o deməkdir ki, regional təşkilatların bir çox sahədə əməkdaşlıq mexanizmi mövcuddur və illərlə toplanmış birgə təcrübə bazasına malikdirlər.
Azərbaycanın üzv olduğu ən mühüm təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir (MDB). MDB dövlətləri son iki əsr ərzində, demək olar ki, ümumi dəyərlər və prinsiplər əsasında yaşayıb inkişaf etmişlər. Sözsüz ki, bu inkişafın müsbət və mənfi tərəfləri də olub. Bu gün isə MDB onları birləşdirən əlaqələndirmə mexanizmidir. MDB-nin təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün əsas üstün cəhətlərindən biri odur ki, burada dövlətlərin fəaliyyəti birgə dəyərlər və bir-birinə iş kontekstinə görə yaxın, uzun illər uyğunlaşmış və oxşar prinsiplər üzərində qurulur. Oktyabr ayının 10-da Minsk şəhərində MDB dövlətləri başçılarının görüşündə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, MDB bir təşkilat kimi, öz potensialını qoruyub saxlayır və Azərbaycan bu təşkilat çərçivəsində təhlükəsizliyə olan təhdidlərə adekvat cavab verilməsi üçün səylərini davam etdirəcəkdir. Cənab İlham Əliyev bildirmişdir ki, MDB öz fəaliyyəti tarixində böyük təcrübə toplamışdır və bu təcrübə humanitar, iqtisadi, həm də enerji təhlükəsizliyi sahələrində vacib rol oynaya bilər.
Beynəlxalq münasibətlər nəzəriyyəsində regional təşkilatların roluna dair maraqlı mülahizələrə rast gəlmək mümkündür. Regional təşkilatların effektivliyinə dair nəzəriyyələrin təməl prinsipi dövlətlərin regional əməkdaşlıq dəyərlərinin yaranmasıdır. Qərb mütəxəssisləri Haver və Foleyin qeyd etdiyi kimi, regional təşkilatlar beynəlxalq təşkilatların tam şəkildə təmin edə bilmədiyi sahələri əhatə edir. Buraya mədəni və linqvistik yaxınlıqdan, birgə tarixdən və ya əməkdaşlıq tarixindən irəli gələn regional yaxınlıq və dövlətlərarası inam kimi vacib məsələlər aiddir. Haver və Foleyin dediyinə görə, bu prinsiplər ümumi təhlükəsizliyə olan təhdidlərə qarşı regional səviyyədə ölkələrin əlaqələndirilmiş şəkildə fəaliyyətinə böyük töhfə verə bilər. Regional təşkilatlar, həmçinin təhlükəsizliyə qarşı yeni təhdidlərə cavab üçün effektiv vasitə kimi çıxış edə bilər. Buraya ətraf mühitin qorunması, qanunsuz miqrasiya və digər təhdidlər daxildir. MDB-yə gəldikdə, bu təşkilatın yaranmasında əsas məqsəd SSRİ dağıldıqdan sonra meydana çıxan fəsadların (vahid iqtisadi sistemin, xammal və istehsal üzrə əlaqə sisteminin pozulması kimi ağır nəticələr) qəfil və kəskin təsirini neytrallaşdırmaq olmuşdur. Müasir dövrdə isə dünyanın siyasi və coğrafi mənzərəsi dəyişdikcə və maraqlar toqquşduqca MDB yeni rakursda çıxış etmək imkanı əldə edir.
Tarazlaşdırılmış siyasət yürüdən Azərbaycan NATO ilə də bir çox sahədə əməkdaşlıq edir və hərbi alyansın 20 ildən çoxdur ki, sabit tərəfdaşıdır. Bunu Prezident İlham Əliyev NATO-nun sentyabr ayında Uelsdə keçirilmiş Əfqanıstanla bağlı sammitində qeyd etmişdir. NATO və Azərbaycan bir sıra mühüm sahələrdə əməkdaşlıq edir. Buraya antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycan tərəfindən Əfqanıstan üçün qeyri-hərbi yüklərin daşınması üzrə hava koridorunun verilməsi, Əfqanıstan ordusuna 3 milyon avro və digər əməliyyatlara 1 milyon avro həcmində vəsait ayrılması aiddir. Sammitdə çıxış edərkən cənab İlham Əliyev qeyd etmişdir ki, hərbi münaqişədən sonra dayanıqlı iqtisadi inkişafın və təhlükəsizliyin təmin olunmasına nail olmuş ölkə olaraq Azərbaycan Əfqanıstanla öz təcrübəsini bölüşməyə hazırdır. Gələcəkdə Azərbaycanın tranzit rolu Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə daha da artacaqdır.
Regional səviyyədə əməkdaşlığının və effektiv xarici siyasətinin nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu müddət ərzində Azərbaycan təhlükəsizlik məfhumunun yeni anlamını, yəni onun yalnız hərbi sahədən ibarət olmadığını qabarıq şəkildə nümayiş etdirmişdir. Buraya BMT - İslam Dövlətləri Konfransı kimi təşkilatların birgə görüşlərinin təşkili kimi yeni təşəbbüslər aid edilə bilər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında mövqelərindən biri də ondan ibarət idi ki, təhlükəsizlik hərbi sahədən başqa dinlərarası dialoq, multikulturalizm və digər bu kimi humanitar məsələləri də əhatə edir.
Qeyd edilən əməkdaşlıq platformaları, Azərbaycanın regional və beynəlxalq strukturlarla sıx iş prinsipini nümayiş etdirir. Amerikalı mütəxəssis Daqlas Norsa görə, beynəlxalq təşkilatlar üzv olan dövlətlərin əhalisi arasında stimullaşdırıcı rol oynayır. Yəni onların dövlətlərinin beynəlxalq platformada gözəçarpan nailiyyətlərə nail olması vətəndaşlarda milli iftixar hissini artırır və öz iqtidarına inamını möhkəmlədir. Daqlas Nors onu da qeyd edir ki, təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq, həmçinin iqtisadi inkişafın təməl elementlərindən birini təşkil edir. Azərbaycanın MDB, NATO, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli fəaliyyəti bu nəzəriyyənin təcrübi təsdiqidir. Bununla Azərbaycan iqtisadi, hərbi, siyasi və humanitar sahələrdə öz təhlükəsizliyini möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmış olur.
Azərbaycanın regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasəti ölkəyə bir sıra dividendlər gətirir. İlk növbədə, çoxtərəfli əməkdaşlıq Azərbaycana xarici ölkələrlə birgə layihələr çərçivəsində əməkdaşlıq imkanı və təcrübəsi verir. Bu isə digər ölkələrin iş prinsipləri, struktur xüsusiyyətləri və institusional mədəniyyəti haqqında strateji məlumat toplanmasında vacib şərtdir. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin proqnozlaşdırıla bilən və sabit ölkə kimi tanınmasına xidmət edir. Sadalanan dividendlər ümumilikdə ölkənin xarici siyasət istiqamətində seçimlərini genişləndirir. Bu təcrübə həm də Azərbaycana Dağlıq Qarabağ probleminin həllində də mühüm üstünlüklər verə bilər. Dağlıq Qarabağ probleminin regionda sülh və sabitlik üçün təhlükə olması və Ermənistanın qeyri-konstruktiv rol oynadığını beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırmaq üçün regional və beynəlxalq təşkilatlarla iş ölkənin strateji mədəniyyətinin vacib hissəsi olaraq qalır. Təşkilatlar çərçivəsində fəal xarici siyasət kursu, həmçinin Azərbaycanın iş prinsiplərinin digər ölkələr tərəfindən daha yaxşı tanınmasına öz töhfəsini verir, bu isə öz növbəsində, Azərbaycana qarşı inamı artırır.
Azərbaycanın bugünkü xarici siyasət kursu ölkənin ümumi strateji mədəniyyətinin tərkib hissəsidir. Strateji mədəniyyət məfhumuna bir sıra mütəxəssislər tərəfindən tərif verilib. Amerikalı mütəxəssis Ken Bus strateji mədəniyyəti ölkənin dəyərləri, xarici siyasətdə davranış metodları, tarixi nailiyyətləri və təhdidlərə cavab formalarının toplumu kimi təqdim edir. Bu baxımdan Azərbaycanın strateji mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş xarici siyasət irsinə əsaslanması və uğurla inkişaf etdirilməsi bariz nümunədir.
Tamerlan VAHABOV,
Beynəlxalq münasibətlər və iqtisadiyyat
üzrə ekspert
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 10.