Azərbaycanın milli energetika
strategiyası
Ərazisi geosiyasi baxımdan
beynəlxalq dəhlizlər üzərində yerləşən,
regional təhlükəsizliyə təsir edə bilən əhəmiyyətli
təbii resurslara və potensiala malik ölkə kimi Azərbaycana
dövlət müstəqilliyini bərpa etmək nə qədər
çətin olmuşsa, onu qoruyub saxlamaq və inkişaf
etdirmək də bir o qədər mürəkkəb proseslərlə
müşayiət edilmişdir. Davamlı olaraq
qonşu dövlətlərin təcavüz və təhdidi ilə
üzləşən Azərbaycanın siyasi müstəqilliyini
təmin etmək, onu qabaqcıl, demokratik ölkələr
sırasına çıxarmaq ilk illərdə həlli
mümkünsüz olan bir məsələyə
çevrilmişdi. Müstəqilliyin ilk illərində
siyasi hakimiyyətdəki özbaşınalıq, savadsız
idarəçilik, sosial-iqtisadi xaos və ən faciəlisi isə
ərazimizin bir neçə istiqamətdə parçalanmaq təhlükəsi,
vətəndaş müharibəsi, qonşu dövlətin təcavüzünün
artması və ümidsizliyin yaşandığı bir
zamanda xalqımız yeganə çıxış yolu kimi
özünün liderinə - Heydər Əliyevə müraciət
etdi. Məhz Heydər Əliyev siyasi tariximizi
xalqımızın arzuları və istəyi istiqamətində
dəyişdi və yenidən bərqərar etdi.
Ümummilli liderin fəaliyyəti
o qədər genişdir ki, onu konkret bir tədqiqat, elm sahəsi
ilə əhatələmək mümkün deyil. Buna baxmayaraq,
ulu öndərin siyasi fəaliyyətinin şah əsərləri
həmişə öyrənilmə zərurəti duyur.
Onlardan biri də Azərbaycanın energetika
strategiyasının hazırlanması və həyata
keçirilməsidir.
Dövlətimizin siyasi
müstəqilliyi onun təbii resursları üzərində
iqtisadi suverenliyindən, bu resurslara müstəqil sərəncam
vermək səlahiyyətinin həyata keçirilməsindən
asılıdır. Təcavüzə məruz qalmış,
bəzi qonşu ölkələrlə sərhəd problemləri
yaşayan, büdcəsi boş olan bir dövlətin energetika
siyasətinin reallaşdırılması, xarici sərmayələrin
cəlb edilməsi təsəvvür edilməyən, həlli
mümkünsüz olan problemlərdən olmuşdur.
Xarici sərmayədarlar üçün tələb olunan
siyasi sabitliyin kövrəkliyi, iqtisadi sabitliyin, təminatın
qeyri-müəyyənliyi, hüquqi şərtlərin isə
yetərli olmadığı bir şəraitdə
"Əsrin müqaviləsi"nin
bağlanması bənzəri olmayan siyasi bir təşəbbüsün,
fəaliyyətin nəticəsi idi. Bu müqavilə
siyasi, iqtisadi-sosial, hüquqi əhəmiyyət kəsb etməklə,
əslində, Azərbaycanın siyasi müstəqilliyinin təminatı
oldu. "Əsrin müqaviləsi"
sosial-iqtisadi dəyərindən savayı, həm də siyasi əhəmiyyət
daşıyırdı.
1994-cü ilin sentyabrında
çoxistiqamətli diplomatik fəaliyyət nəticəsində
"Əsrin müqaviləsi"ndə dünya siyasətində,
BMT Təhlükəsizlik Şurasında həlledici mövqeyə
malik olan dövlətlərə mənsub transmilli şirkətlərin
Azərbaycanın beynəlxalq layihəsinə cəlb edilməsi
ilə regional təhlükəsizliyin uzunmüddətli təminat
sisteminin əsası qoyuldu. Bununla da Ermənistanın
və onu dəstəkləyən dövlətlərin Azərbaycana,
o cümlədən Transxəzər enerji layihələrinə
qarşı həyata keçirdiyi hərbi və diplomatik
kampaniya müəyyən mənada özünün əhəmiyyətini
itirmiş oldu. Həmin dövrdə
bütün təhdidləri aradan qaldırmaq istiqamətində
ulu öndər tərəfindən əks tədbirlər
görüldü. Rusiya XİN-nin Azərbaycana
qarşı qeyri-dost bəyanatlar verdiyi bir zamanda həmin
ölkənin energetika nazirinin Bakıya dəvət edilməsi,
RF-nin nəhəng neft şirkətinin kontraktda payçı
kimi qəbul edilməsi haqqında iki ölkə arasında
hökumətlərarası sazişin bağlanmasına nail
olunması şimal qonşumuz tərəfindən Azərbaycanın
təbii resursları üzərində suverenliyinin
tanınması idi.
Bu uğurlu siyasət sayəsində
1995-ci ildə Tehranda keçirilən "Xəzər dənizinin
neft-qaz mədənlərinin inkişaf perspektivləri"
adlı beynəlxalq konfransda İran hökuməti qeyd etdi ki,
İran Xəzər neft-qaz mədənlərinin inkişaf
layihəsində iştirakını siyasi konyuktura ilə
deyil, iqtisadi məqsədəuyğun idarəetmə ilə həll
edəcək. Bu mövqe İranın
özünə sərf edən şərtlərlə Xəzərin
statusu ilə bağlı məsələdə Rusiya və
Türkmənistanla əməkdaşlıqdan imtina edə biləcəyini
də göstərdi. İran Xəzərin Azərbaycan
sektorunda yerləşən "Şahdəniz"
yatağının işlənməsində 10 faiz pay əldə
etməklə dolayısı ilə Xəzərin Azərbaycan
tərəfindən irəli sürülən milli
bölgüsünü qəbul etdi. Daha sonra Rusiya
və Qazaxıstanla Xəzərin təkinin bölgüsü
üzrə sazişlərin bağlanması ulu öndərin
energetika strategiyasının reallaşdırılmasında
mühüm addım oldu.
Regional sabitliyin təmin edilməsi
və enerji resursları uğrunda mübarizədə ən
çətin problem Xəzərin beynəlxalq hüquqi
statusunun müəyyənləşdirilməsi ilə əlaqədar
olmuşdur. Xəzər hövzəsində yerləşən
dövlətlərin prioritetlərinin praktiki
reallaşdırılması Xəzər dənizinin statusunun
müəyyənləşdirilməsi problemindən
birbaşa asılıdır. Bu problem su məkanının
dəniz-göl statusu, qonşu dövlətlərin su sərhədləri,
nəqliyyat-daşıma və yer təkindən istifadə,
balıqçılıq, hərbi və digər sahələrdə
fəaliyyət, unikal Xəzər hövzəsinin
saxlanılması və öyrənilməsi, onun təbii
ehtiyatlarının qorunması və s. kimi məsələləri
cəmləşdirir.
Şübhəsiz ki,
möhkəm hüquqi bünövrə olmadan sahilyanı
dövlətlərin bərabərhüquqlu birgəyaşayışı,
onların öz aralarında və regionun xarici tərəfdaşları
ilə əməkdaşlığı, Xəzərin ekoloji təhlükəsizliyi
və səmərəli iqtisadi fəaliyyəti təmin oluna
bilməzdi.
Beynəlxalq hüquqi məsələlərin
həll edilməməsi sahilyanı dövlətlərin
qarşılıqlı münasibətlərində ciddi
çətinliklər, bəzən kəskin münaqişəli
vəziyyətə zəmin yaradır. Xəzərdə
yataqların mənsubiyyəti ilə bağlı mübahisə
İranla Azərbaycan və Azərbaycanla Türkmənistan
arasında meydana gəlmişdir. Lakin Azərbaycan
rəhbərliyi bu vəziyyətdən zərərsiz
çıxmış və hətta milli maraqları yüksək
səviyyədə təmin etmişdir. Xüsusilə
neft və qaz yataqlarının yerləşdiyi mübahisəli
kimi təqdim edilən dəniz məkanları Azərbaycana
xarici şirkətlərlə kontraktlar bağlamağa maneə
ola bilməmişdir.
Xəzər şelfinin
istifadəsində Xəzəryanı ölkələrdən
Azərbaycan daxili qanunvericilikdə birtərəfli qaydada Xəzər
dənizində milli sektora öz hüquqlarını ifadə
etmiş və bunu öz Konstitusiyasında (m.11) təsbit
etmişdir.
Bu gün Azərbaycanda 15-dən
artıq dövlətin 34-dən çox transmilli
korporasiyası işləyir. Dəniz
yataqlarının işlədilməsi barədə 20-dən
artıq müqavilə imzalanıb. Bu beynəlxalq
anlaşmalar və Azərbaycan Prezidentinin qətiyyətli
mövqeyi Türkmənistanın gah Azərbaycan, gah
Rusiya-İran variantına əsaslanaraq, gah da özünün
bölgü sxemini kəşf etməklə mövqeyinin
tez-tez dəyişdirməsinə səbəb olmuşdur.
Bütün bunlar fenomenal diplomatın, beynəlxalq
münasibətlərdə sərhəd problemlərinin incəliklərinə,
onların həlli təcrübəsinə, bu sahədə
bilgilərə malik ulu öndərin xalqımız
qarşısındakı əvəzsiz xidmətləridir.
"Əsrin müqaviləsi"
və sonradan bağlanan digər kontraktların həm də
ciddi sosial-iqtisadi əhəmiyyəti olmuşdur. Hər bir
dövlət özünün sosial problemlərini, o cümlədən
məşğulluğu, sosial təminatı, yeni infrastrukturun
qurulması və bütövlükdə iqtisadiyyatı inkişaf
etdirmək üçün xarici sərmayələrə zərurət
duyur. Hətta ən varlı dövlətlərin
büdcəsi müvafiq yükü götürmək
imkanına malik olmur. Üstəlik, ərazisi
işğal edilmiş, separatizmlə üz-üzə qalan bir
dövlətdə həmin məsələlərin dövlət
büdcəsilə həlli mümkünsüz idi. Xarici
sərmayədarları isə hakimiyyətin sabitliyinə inandırmaq, bu sahədə zəruri
tədbirlər həyata keçirmək tələb edilirdi. Təsadüfi deyil ki, bu gün adambaşına
düşən sərmayənin həcminə görə Azərbaycan
regionda ən qabaqcıl yerdədir. Bu nəticə
həyata keçirilən dövlət quruculuğunun,
qanunvericilik bazasının formalaşdırılması ilə
əldə edilmişdir. "Əsrin müqaviləsi"nin hüquqi əhəmiyyəti isə ondan
ibarətdir ki, təbii resursların üzərində nə
cümhuriyyət, nə də sovet dönəmində Azərbaycanın
əldə edə bilmədiyi mülkiyyət hüququ bərqərar
edilmişdir. Bundan əlavə, "Əsrin
müqaviləsi" Azərbaycanın hüquq və
qanunvericilik sisteminə təsir etmiş və yeni qanunvericilik
aktlarının qəbulunu sürətləndirmişdir.
Enerji kompaniyalarının mənsub olduğu dövlətlərlə
Azərbaycan
arasında sərmayələrin təşviqi və
müdafiəsi, vergiqoyma, ətraf mühitin mühafizəsi,
peşəkar kadr hazırlığı və s. üzrə
beynəlxalq müqavilələr bağlanmışdır.
Azərbaycan
Respublikasının Konstitusiyasının (1995) qəbulu ilə
hüquq siyasətində yeni bir mərhələ
başlanmışdır. Xarici sərmayədarlara
verilən dövlətdaxili hüquqi təminatlar ölkəmizin
bağladığı beynəlxalq müqavilələrlə
daha da genişlənmişdir. Bütün bunlarla
yanaşı, milli energetika siyasətinin qanunvericilik bazası
formalaşmış, onun sosial-iqtisadi, ətraf mühit, nəqliyyat-tranzit
və s. məsələlər üzrə inkişaf istiqamətləri
müəyyən edilmişdir.
Azərbaycanın daxili enerji
təminatı ilə bərabər, onun resurslarının
dünya bazarına sərbəst çıxarılması
üçün ümummilli lider tərəfindən müəyyən
edilmiş tövsiyələr həyata keçirilmişdir. Sahib olduğun
təbii resursları milli mənafelər üçün sərbəst
surətdə dünya bazarına çıxara bilmirsənsə,
deməli, dövlətin iqtisadi suverenliyi də yoxdur. Məhz bu məsələni Heydər Əliyev
özünəməxsus formada, təcavüzkar və rəqib
dövlətlərin, sözün həqiqi mənasında,
mühasirəsini yararaq Azərbaycanın təbii
resurslarının dünya bazarına
çıxışını təmin etmişdir. Bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın
həm siyasi, həm də iqtisadi güc simvoludur. Həmin dövrdə Ermənistanın təcavüzkar
siyasəti Azərbaycan rəhbərinin hərbi, diplomatik səyləri
ilə heç bir nəticə vermədi. Daxili ordu quruculuğunun gücləndirilməsi ilə
bərabər, tərəfdaş dövlətlərlə, o
cümlədən ABŞ, İngiltərə və s. Qərb
dövlətlərilə energetika sahəsində əməkdaşlığın
əsası qoyuldu. Azərbaycanın
tranzit statusunu möhkəmləndirmək məqsədilə
bu sahədə qəbul edilmiş beynəlxalq müqavilələrə
qoşulmaq təmin edildi və Qərb hüquq məkanına
inteqrasiya prosesi üçün bütün qanunvericilik vasitələrindən
istifadə olundu.
Energetika siyasətində
sosial məzmun bu gün ümummilli liderin layiqli
davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
yeni səviyyəyə qaldırılıb. Belə ki, bu sahədən əldə
edilən gəlirlərin milli mənafeyə uyğun sərf
olunması, milli inkişafı təmin etmək
üçün Azərbaycan "Mədən sənayesində
şəffaflıq təşəbbüsü" üzrə
beynəlxalq proqrama qoşulmuş, energetika sektoru üzrə
beynəlxalq normalara uyğun olan daxili qanunvericilik aktları qəbul
edilmişdir. Energetika sektorundan gələn gəlirlərin
sosial layihələrə istiqamətlənməsi geniş
vüsət almışdır.
Bu ilin sentyabr ayında isə XXI əsrin müqaviləsi adlanan möhtəşəm beynəlxalq saziş imzalanmışdır. "Əsrin müqaviləsi"nin 20 illiyinin tamam olduğu gündə Azərbaycan öz tərəfdaşları ilə birlikdə Cənub Qaz Dəhlizinin təməlini qoydu. Bu iki mühüm hadisənin üst-üstə düşməsi təsadüf deyildi. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı enerji strategiyasının və Prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin düzgünlüyünün təntənəsi idi. Ölkə rəhbəri Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə demişdir: "Bu layihənin icra edilməsi, əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaradacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında "Əsrin kontraktı" imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik".
Hələ keçən il dekabrın 17-də "Şahdəniz-2"nin son investisiya qərarı verilərkən Prezident İlham Əliyev bu layihəni XXI əsrin müqaviləsi adlandırdı. "Cənub" qaz dəhlizinin təməli qoyularkən ölkə rəhbəri "Şahdəniz" yatağının kəşf olunmasının, hələ 1996-cı ildə bu yatağın işlənməsi üçün sazişin bağlanmasının önəmli olduğunu xüsusi vurğulamışdı: "Şahdəniz" dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur".
Onu da qeyd edək ki, Azərbaycanın qaz ehtiyatları yalnız "Şahdəniz"lə bitmir. Bir neçə il əvvəl ARDNŞ müstəqil şəkildə "Ümid" yatağını işə salıb. Bundan başqa, ARDNŞ-nin Fransanın "Total" şirkəti ilə birgə işlədiyi Abşeron yatağının yaxşı perspektivləri var. BP-nin əməliyyatçılıq etdiyi "Şəfəq-Asiman" blokunda aparılmış tədqiqatlar geniş müzakirə edilir. Bundan başqa, digər perspektivli qaz strukturları da mövcuddur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın qaz ehtiyatları zəngindir.
Prezident İlham Əliyev "Cənub" qaz dəhlizini yüksək dəyərləndirərək demişdir ki, bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq üç ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. "Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır".
Beləliklə, Azərbaycan qazının gələcəyi böyükdür. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün geniş imkanlar açacaq.
Bununla da Azərbaycanın indiyə qədər reallaşdırdığı layihələrdəki təcrübə, qazandığı etibar və inam "Cənub" qaz dəhlizinin bütün ərazilərdən uğurla keçəcəyinə zəmanət verir.
Göründüyü kimi, problem kifayət qədər aktualdır və bu sahədə geniş kadr hazırlığı da zəruri amildir. 2012-ci il noyabrın 13-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Bakı Dövlət Universiteti arasında bu istiqamətdə Anlaşma Memorandumu imzalanmışdır. BDU-nun Hüquq fakültəsində Dəniz və enerji hüququ üzrə yeni bir magistratura proqramı yaratmaq məqsədi daşıyan memorandum birgə səylər göstərilməklə BDU-da akademik fəaliyyəti inkişaf etdirməyi və gücləndirməyi planlaşdırır və həyata keçirir. Həmin magistratura proqramının BDU-da təsis və inkişaf etdirilməsi üçün Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi Dəniz və enerji hüququ proqramı üçün strateji plan, kurs siyahısı, o cümlədən BDU tərəfindən müəyyən edilmiş müəllim heyətinə tədris üsulları sahəsində treyninqlərin keçirilməsini nəzərdə tutmuş və onun icrası reallaşdırılmışdır. Artıq ikinci ildir ki, Dəniz və enerji hüququ üzrə magistratura səviyyəsində kadr hazırlığı ingilis dilində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində uğurla həyata keçirilir.
Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
dekanı, hüquq üzrə elmlər doktoru, professor
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 10.