Üzən dünya

 

Söhbət rəssamlığın qrafika sənətindən gedir

 

Bizim əsrin əvvəllərində Bəxtiyar Vahabzadənin "Dar ağacı" faciəsini tamaşaya hazırlamaq üçün teatrdan təklif aldım. Elə o vaxt Bəxtiyar müəllim tamaşaya tərtibat vermək üçün mənimlə rəssamlar barəsində danışdı. Dedi ki, məsləhət bilirəm Şamil Həsənovu çağırasan. Cavab verdim ki, Şamili tanımıram və başqa bir rəssama söz vermişəm.

Aradan bir-iki il keçəndən sonra Almaniyaya getmişdim. Berlində Azərbaycanın Almaniyada olan fövqəladə səlahiyyətli səfiri H.Sadıxovla görüşdüm. Səfirlik respublikamızda qeyd olunan bayram əlamətdar günlərin hamısını Berlində   keçirirdi. Bu  tədbirlərin birində rus dilini əla bilən Norqus adlı bir xanımla rastlaşdıq. Məlum oldu ki, Norqus xanım vaxtı ilə Almaniya-SSRİ Dostluq Cəmiyyətinin sədri olub Bakıda S.Bəhlulzadə adına sərgi qalereyasında kitab sərgisi təşkil edib orada Şamil Həsənov  ona  bir şəkil bağışlayıb. Norqus xanımın dediyinə görə, şəkildə simvolik-qrafik bir formada inək at kəllə sümüklərinin birləşməsi, XVII əsrə aid bir oturacağın arxa hissəsi, xalça, çərçivə s. təsvir edilirdi. Şəkil Norqusun çox xoşuna gəlmişdi.

Doğrusu, Şamilin adını xaricdə eşidəndə onu tanımıram deməyə üzüm gəlmədi. Bir müddət keçəndən sonra Bakıda təzə binaya köçdüm. Həyətimizdə kiçik, lakin çox rahat bir bağça var. Qonşularımız, xüsusilə kişilər  istirahət günlərində ora yığışırlar. Qonşularım partiya işçisindən, neftçidən, müəllimdən, balıqçıdan, inşaatçıdan ibarət insanlardır. Bu dəstəyə  hərdən bir arıq, gümüşü saçları sağdan, soldan arxadan sallanan bir kişi qoşulurdu. Son dərəcə təvazökar, mədəni hamıya xeyirxah nəzərlərlə baxırdı. Qonşular onunla çox səmimi söhbət edirdilər. Bu danışıqlardan mənə məlum oldu ki,  həmin adam rəssam-qrafik Ş.Həsənovdur. Onu görməyimə çox sevindim, söhbət etdik. Doğrudan da,  Bəxtiyar Vahabzadənin onun yaradıcılığına böyük qiymət verdiyini xanım Norqusa öz əsərini bağışladığını söylədi. Onu da qeyd etdi ki, beş-altı  il kitab nəşriyyatında işləyib. Ə.Vəliyevin, Ə.Cəfərzadənin, A.Babayevin kitablarına "Azərbaycan xalq nağıllarına" nəfis tərtibatlar verib.

Məndə Ş.Həsənovun yaradıcılığına böyük maraq oyandı. O, məni  Rəssamlar İttifaqının emalatxanaları olan öz yerinə dəvət etdi. İki otaqdan ibarət emalatxanada gözümə birinci dəyən portretlər oldu. Burada Prezident İlham Əliyevin hələ gənclik illərindəki portreti, yazıçılardan İ.Əfəndiyevin, Anarın, N.Həsənzadənin, bəstəkar Xəyyam  Mirzəzadənin şəkilləri var idi.

Emalatxanada tam işlənməmiş, hələ eskiz şəklində, rəngli karandaşla işlənən, akvarellə çəkilən çoxlu portretlər var idi. Əksəriyyəti interyer  şəkilləri  idi. Lakin "Adəm Həvva", "Qarabağ haqqında düşüncələr", "Kəndirlənmiş atlı", "Balıq yuxusu", "Ömür ağacı", "Xəyal", "Əldən düşmək" kimi tablolar bitkinliyi emosional təsirliliyi ilə məni heyran etdi. Soruşdum, Şamil, sən hansı rəssamların yaradıcılığından qaynaqlanmısan? O, Qobustan qaya rəsmlərindən, Ə.Əzimzadənin qrafikasından, alman rəssamı Albert Dyuerdən faydalandığını, Q.Xalıqov,  İ.Axundov, K.Kazımzadənin yaradıcılığına çox böyük hörmətlə yanaşdığını söylədi. Hiss etdim ki, Şamil öz yaradıcılığına heyranlıqla baxmır. Şamil deyir ki, mən yeni bir şey yaratmamışam. Bizdən qabaqkı dahilərin ardınca gəlmişəm öz yaradıcılığımla onların işini kiçik miqyasda da olsa, davam etdirməyə çalışmışam. Yenə  soruşdum: "İşləyəndə necə olursan, mövzu əvvəldən səni narahat edir, yoxsa mövzu barəsində müəyyən eskizlər  çəkirsən?" Gülərək dedi ki, mən heç vaxt eskiz eləməmişəm. Peronu karandaşı götürüb kağız üzərində işləməyə başlayıram. Elə bil barmaqlarımı kimsə idarə edir nəticədə əgər bir şey alınırsa, sevinirəm.

Rəssam Şamil Həsənovun əsərləri Amerika, Almaniya, Fransa, İngiltərə, Çexiya, bir sözlə, dünyanın 28 ölkəsində şəxsi kolleksiyalarda  saxlanılır. Bu yaxınlarda Rəssamlar İttifaqının sərgi salonunda XVI-XIX əsr yapon qrafikasının sərgisi açılmışdı. Baxmaq üçün getmişdim elə gətirdi ki, ittifaqın sədri xalq rəssamı Fərhad Xəlilovla görüşdüm. Maraqlandım ki, Ş.Həsənov yaşı 70-dən keçməsinə baxmayaraq, bir dəfə olsun fərdi  sərgi təşkil etməmişdir. Dedi ki, mən  Şamillə bir vaxtda Rəssamlar İttifaqının üzvlüyünə daxil olmuşam. Bizim bu sərgi salonu onun üzünə daim açıqdır. İstədiyi vaxt gəlsin, sərgisini təşkil etsin layiqli qiymətini alsın.

Həyətimizdəki bağçada Şamillə növbəti görüşümüzdə bu barədə söhbət açdım. Dedi ki, inşallah, 75 illiyimdə sədrimizin dediyi o salonda  geniş sərgi açacağam. Gördüm ki, onun üzən dünyasında - şəkillərində, həyata insanlara baxan xeyirxah gözlərində bir ümid sevinc var.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor

Azərbaycan.-2014.- 21 oktyabr.- S.11.