Ayın, günün şahidliyi

 

Azərbaycan ədəbi və ictimai fikir tarixində mühüm rol oynayan Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Onun babası Əbdürrəhim bəy Mirzə Məhəmmədkərim bəy oğlu 1809-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Qarabağ bəylərindən idi.

Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. 1880-ci ildə atalığı H.Sadıqbəyov balaca Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur və o, burada rus dilini mənimsəyir, rus ədəbiyyatı ilə yaxından tanış olur.

1884-cü ildə ilk dəfə Şuşada bir teatr tamaşasında iştirakı onun həyatında hər şeyi dəyişdi: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan"ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir" adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara"sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm".

Ə.Haqverdiyev 1891-ci ildə Tiflis realnı məktəbini bitirib Peterburqda Yol Mühəndisləri İnstitutuna daxil olur. Burada keçirdiyi səkkiz il ərzində o, azad müdavim sifətilə universitetin Şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur. Ordakı ədəbi həyatının təsiri ilə özünün ilk əsərlərini -  "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq"ı (1896) qələmə alır.

1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır, "Bəxtsiz cavan" pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin il tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev  Bakıya gəlir və burada "Pəri cadu" pyesini tamamlayır. Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, dərs deyir. 1908-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edir.

Görkəmli ədib daim millət üçün önəmli olan dil məsələlərini önə çəkirdi: "Danışıq vaxtında fars ləfzlərinin çox işlənməsi indi də savadlılığa dəlil hesab olunur... 90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də, o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular".

1904-cü ildə Şuşa şəhər idarəsinə üzv seçildiyi üçün Qarabağa qayıdan Əbdürrəhim bəy burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçildiyi üçün Peterburqa yola düşür. Onu da qeyd edək ki, 27 aprel 1906-cı ildə Sankt-Peterburqda fəaliyyətə başlayan I Dövlət Dumasına seçilən beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanovla yanaşı, Əbdürrəhim bəy də parlament tariximizə həm də ilk millət vəkilləri kimi daxil olub. O vaxt 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə.Topçubaşov rəhbərlik edirdi. Təəssüf ki, Dövlət Dumasının qısa ömrü onlara geniş fəaliyyət göstərməyə imkan vermədi...

"Molla Nəsrəddin" jurnalı nəşrə başladıqda Əbdürrəhim bəy onun fəal mühərrirlərindən birinə çevrilir. Bir müddət "Nicat" cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədikdən sonra 1911-ci ildə Ə.Haqverdiyev Ağdama köçür və beş il orada yaşamalı olur. 1916-cı ildə Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı" adlı rus dilində çap olunan aylıq məcmuəyə müdir təyin olunduğu üçün Tiflisə yola düşür.

 

"Gözəl marallarım, başları qapazlı, üzləri tüpürcəkli marallarım"

 

Azərbaycanın tarixinin mühüm bir dövrü Ə.Haqverdiyev əsərlərində əks olunub. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlıdır. "Molla Nəsrəddin" jurnalında çap olunan "Cəhənnəm məktubları" (1907), "Bomba" (1908), "Mozalan bəyin səyahətnaməsi" (1908) və "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini ustalıqla verə bilib: "Mən gələn məqalələrimdə heç maralımın adını yazmayacağam, çünki hər maralım öz-özünü tanıyacaq. Qarelər üçün bu adların bir elə əhəmiyyəti yoxdur; maralın adı istəyir, Rəməzan, istəyir Şəban, istəyir Səfər, istəyir Rəcəb olsun, qare üçün bir təfavüt etməz. Ancaq maral olsun. Bu maralın adı hərçənd Qasım əmidir, amma Qasım əmi bir maral deyil. Neçə yüz, bəlkə neçə min maralı yığıb, bir yerdə yoğurub içindən bir maral çıxarıb adını Qasım əmi qoymuşam" ("Molla Nəsrəddin", 20 avqust 1910, ¹30).

 Ə.Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər məharətlə təsvir olunur. "Marallarım" kimlərdir sualına özü belə cavab verir: "Şükür olsun Allaha, Yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarımla doludur. Gözəl marallarım, qotur, bitli marallarım, başları qapazlı marallarım, üzləri tüpürcəkli marallarım".

 

Cəhənnəm məktubları

 

Dünya ədəbiyyatında bir çox yazıçılar yaşadıqları dövrün, ictimai-siyasi həyatın bir sıra məsələlərini ifşa üçün "cəhənnəm" adından bir vasitə kimi istifadə ediblər. Ə.Haqverdiyev cəhənnəm barədə danışan zaman qeyd edir: "Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq".

"Xortdanın cəhənnəm məktubları"nda yerli bəylər dörd təbəqəyə bölünür:

"Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.

Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri və i.a.

Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdirlər...  Çetverti sort bəylər var. Bunlara "cır bəylər" deyirlər ki, var-yoxlarını qumara, Tiflis və Bakı kefinə verib, indi dövlətli bəylərin qapılarında sülənirlər".

Üzeyir bəyin əsərlərində olduğu kimi, onun yaradıcılığına xas xüsusi yumor həm güldürür, həm ağladır: "Əgər mənə desəydilər ki, Hacı Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı qoçuları and içiblər ki, adam öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bolşevik olub, inanardım; amma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı".

Cəhənnəmdə İblisə şikayətlənənlər kimlərdir: qardaşını öldürüb arvadını alanlar, rüşvətə aldanıb vətənini satanlar, bir kəllə qənd, bir girvəngə çay və on manat pula birinin kəbinli arvadını başqasına verən, səkkiz yaşlı qızı yalanla 14 yaşında ərə verərək ölümünə bais olan, camaatın maariflənməsinə hər vəchlə maneçilik törədən, elm oxuyanların kafirliyinə hökm verən, arvad hamamlarına soxulan hacılar və məşədilər, bişirib satdığı çörəklərin buğdasına torpaq qatan tacirlər:

"Birisi deyir:

- Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.

O birisi deyir:

- Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın.

Birisi deyir:

- Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim. Hamısını eyləyən sənsən".

 

Azərbaycan və Dağıstan

 

1917-ci il fevral inqilabından sonra Ə.Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub ilyarım orada çalışmalı olur. Onun sonrakı fəaliyyəti Azərbaycan üçün mühüm olan iki regionla bağlıdır - Dağıstan və Ermənistan. Mənbələr söyləyir ki, Tiflisdən qatarla İrəvana gedərkən martın 7-də Əbdürrəhim bəy Haqverdiyev yolda erməni quldurları tərəfindən qarət edilib, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini silahlı təzyiqlə əlindən alıblar. Ə.Haqverdiyev bu hadisəyə etiraz əlaməti olaraq bir müddət sonra Azərbaycanın Ermənistandakı daimi nümayəndəsi vəzifəsindən istefa verir. Onun yerinə Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilir. Əbdürrəhim bəyin sonrakı diplomatik fəaliyyəti Dağıstanla bağlıdır.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında qeyd olunur ki, "1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər. Elə o zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı".

O dövrdə gürcü və erməni nümayəndələrindən fərqli olaraq Azərbaycan nümayəndələrinin bu Qafqaz Birliyində daha çox maraqlı olmasını regionun etnodemoqrafik vəziyyəti ilə də izah etmək olardı. Məlum olduğu kimi, Qafqazda müsəlman əhali, eləcə də türklər digər etnik qruplara nisbətən üstünlüyə malik idilər. Belə ki, 1897-ci ildə Rusiya ərazisində aparılmış sonuncu rəsmi siyahıyaalmaya əsasən gəlmə ruslardan başqa Cənubi Qafqazın etnik tərkibi aşağıdakı kimi idi: Azərbaycan türkləri - 2 653 000 nəfər, ermənilər - 1 782 000 nəfər, gürcülər - 1 641 000 nəfər.

Təbii ki, türklərin sayı rəsmi statistikada göstərilənlərdən xeyli çox idi və həm gürcülərin, həm də ermənilərin iddia etdikləri ərazilərdə çoxlu köklü türk-müsəlman əhali yaşayırdı. Zaqafqaziya Seymi dağıldıqdan sonra həmin insanlar, demək olar ki, yaşadıqları ərazilərdə hüquqsuz vəziyyətdə idilər. Qafqaz vahid dövlət formasında birləşəcəyi halda həmin insanlar Azərbaycan hökumətinin himayəsindən istifadə edə biləcəkdi. Eyni zamanda, Zaqafqaziya Seymində olduğu kimi, müsəlman fraksiyası vahid dövlət parlamentində əksəriyyətə malik olacaqdı. Belə vəziyyət, təbii ki, gürcülərə və ermənilərə sərf etmirdi.

Azərbaycanın və Dağıstanın qardaş xalqları arasındakı münasibətlər isə tamam başqa idi. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov deyirdi: "Denikinin təcavüzkar hərəkətləri nəticəsində dağlı xalqlarının nümayəndələrinin düşdükləri ürək ağrıdan acınacaqlı vəziyyətin belə bir fikri formalaşdırdığını söyləməyə ehtiyac varmı? Bizim, həm də güman edərək ki, bütün azərbaycanlıların dağlılara, xüsusən də Dağıstana münasibətimiz taleyin bütün dönüklərinə baxmayaraq sevgi və qardaşlıq olub və bundan sonra da belə qalacaqdır".

Hələ 1919-cu ilin əvvəllərində Dağıstan Respublikası ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan hökuməti ona 10 milyon manat həcmində borc vermiş, Azərbaycan könüllülərinin bir hissəsi Denikinlə müharibədə yardım məqsədilə Dağıstana göndərilmişdi. Hətta 1919-cu ilin aprelində Azərbaycanın Dağıstandakı nümayəndəsi, məşhur ədibimiz Ə.Haqverdiyev Teymurxan-Şuradan hökumətə göndərdiyi məktubda bildirirdi ki, "Dağıstanın Azərbaycana ilhaq edilməsi məsələsi bu saat ciddi müzakirə edilir." 1919-cu ilin aprelində Denikin qoşunları Terek vilayətini işğal etdikdən sonra Dağıstanın ictimai xadimləri Əbdürrəhim bəyə müraciət edərək Azərbaycan hökumətinin bu məsələyə prinsipial razılıq verməsini istədilər. Ə.Haqverdiyev aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova yazırdı ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirlər. Aprelin 29-da Teymurxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi parlament üzvlərinin, ziyalıların, zabitlərin, din xadimlərinin birgə yığıncağında müzakirə edildi.

1919-cu il mayın 5-də Bakıdakı müvəqqəti qoşunların komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə "Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd sayırdı".

Hadisələri yaxından izləyən, daxili çəkişmələrdən istifadə edən Denikin mayın sonunda Dağıstanı ələ keçirdi. Əbdürrəhim bəy belə bir şəraitdə iyunun 7-də əhalinin arzusunu nəzərə alaraq Petrovsk-Porta, indiki Mahaçqalaya qədərki ərazini Azərbaycana birləşdirmək üçün hərəkətə keçməyi təklif etdi. Azərbaycan hökuməti Dərbəndi və demarkasiya xəttinə qədərki digər əraziləri denikinçilərdən təmizləmək üçün dərhal diplomatik və hərbi hazırlığa başladı. Lakin Denikinin demarkasiya xəttini tanımaması və ingilislərin bununla razılaşması bu tarixi hadisənin baş verməsini əngəllədi.

 

Ömrün son illəri

 

1920-ci ildən Haqverdiyevin ədəbi və ictimai fəaliyyətinin yeni dövrü başlanır. O, Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı, dövlət teatrlarında müfəttiş vəzifəsini daşıyırdı. 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirak edir, müəllimliklə yanaşı, Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin sədri (1923-1925), Şərq fakültəsinin katibi (1922-1925) olur.

1927-ci ildə Ə.Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin 35 illik yubileyi keçirilir. 1928-ci ildə xidmətləri nəzərə alınaraq qocaman ədibə əməkdar incəsənət xadimi adı verilir.

Ə.Haqverdiyev öz ölkəsinin və başqa xalqların tarixinə yaxşı bələd olan alim idi. Təsadüfi deyil ki, 1924-cü ildə Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Onun M.Qorkidən tərcümə etdiyi əsərlər "İzergil qarı və qeyri-hekayələr" (1928) və Çexovdan tərcümə etdiyi novellalar "Dəhşətli gecə" (1928) adlı kitablarda toplanıb. Bundan başqa o, Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini də dilimizə çevirib.

Əbdürrəhim bəy və Üzeyir bəy nəslinin, həm də özünün dediyi kimi, Cavanşirlər nəslinin yadigarı olan Elmina Cəbrayıllı deyir: "Üzeyir bəyin xalası Sənəm xanım mənim nənəmdir. O, Əbdürrəhim bəy Haqverdiyevin bacısı, Üzeyir Hacıbəyovun xalasıdır. Babam Murtuza bəyin xüsusi apteki olub. İki oğlu da onun sənətini davam etdirib. Əbdürrəhim bəy nənəmi bacısı kimi çox istəyirmiş. Eşidəndə ki, babam rəhmətə gedib, onu böyük külfəti ilə Bakıya gətirib."

Bu böyük ədib və böyük insan 1933-cü il dekabrın 27-də Bakıda vəfat edib. Amma ölməz əsərləri və "Marallarım" (1963), "Evlənmək istəyirəm" (1983) filmləri, "Ac həriflər" (1993) film-tamaşaları ilə daima yanımızdadır. Bir qalır onları təkrar-təkrar oxumaq, tamaşasına durmaq və qədrini-qiymətini bilmək. Vaxtilə Əbdürrəhim bəy həmin qədirbilən oxucuları eyni məhəbbətlə və qeyrətlə böyük Sabiri tanımağa və qiymətləndirməyə çağırardı: "Millət xeyirxahlarını, Sabir adı gələndə gözləri yasaranları çagırıb deyirəm: Əl-ələ verin, qardaslar! Himmət edin, Sabirin bizə tapsırıb getdiyi əmanəti tərəqqi düsmənlərinin gözlərinə ox edək! ...Onun əziz qəbrini Nizaminin, Firdovsinin qəbirlərinə döndərməyin. Namus yeridir, qardaslar!" "Molla Nəsrəddin" (23 iyul 1913).

 

"Məni nə vədə Şuşaya yetirərsən?"

 

Əbdürrəhim bəy Haqverdiyevin ən az yada düşən hekayələrindən biri belə adlanır: "Ayın şahidliyi". Əsərin təmiz, namuslu, yoxsul qəhrəmanı nahaq yerə qətlə yetirilərkən heç kəsi tapmayıb göydəki ayı şahid çəkir. Ayın şahidliyi ilə Qarabağda - Şuşa, Ağdam, Kəlbəcər, Zəngilan, Laçın və Xocalıda baş verənlər sanki yüz illərin faciəsidir. "Siz öləsiniz, meyidinizi görüm, yalan deyən ermənidir!"- söyləyən Əbdürrəhim bəyin ruhu nigarandır. Məşhur əsərlərinin birində qəhrəmanın dili ilə dediyi sözlər bugünkü günümüzlə necə də səsləşir: "Məni nə vədə Şuşaya yetirərsən?" O səbəbdən özünün canlı, rəngli boyalarla təqdim etdiyi "o dünyada" indi də hər gələndən Əbdürrəhim bəyin, əsərinin biçarə qəhrəmanı kimi, soruşduğu, yəqin ki, bircə budur:

"Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək.

Dedilər:

- On beş ildən sonra bəlkə gedə.

Dedim:

- Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam".

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S. 11.