Gəncə şəhərini Məhsəti,
Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad
xan qəsəbələri ilə birləşdirən
avtomobil yollarının tikintisi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz beş min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,0 (beş) milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 22 oktyabr.- S.1.