Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsinin fəal üzvüdür

 

Ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin güclü siyasi iradəsi ilə sərt mübarizə aparılır, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz BMT-nin dəstəyi ilə yeni yaradılmış və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) nizamnaməsinə xüsusi qanunla qoşulub, IACA-nın tamhüquqlu üzvü olub, sıx əlaqələr qurub. Azərbaycan vətəndaşları IACA-nın magistraturasında təhsil alırlar.

Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində IACA-nın ali qurumu - üzv dövlətlərin assambleyasının üçüncü sessiyasının Bakıda keçirilməsi qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ali qonaqların iştirakı nəzərdə tutulan bu mötəbər tədbirin təşkili məsələlərinin müzakirəsi üçün Akademiyanın icraçı katibi Martin Kroytnerin başçılıq etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Oktyabrın 21-də M.Kroytner ilə görüşən ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin Akademiya ilə səmərəli əməkdaşlığını vurğulayıb, korrupsiyaya qarşı mübarizənin dövlətimizin əsas prioritetlərindən olduğunu, bu sahədə əməli tədbirlərin həyata keçirildiyini qeyd edərək IACA-nın üçüncü sessiyasının beynəlxalq antikorrupsiya fəaliyyətinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Nazir, həmçinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsində M.Kroytnerlə birgə təmsil olunduğunu nəzərə alaraq bu qurumun da sessiyada iştirakının əhəmiyyətini vurğulayıb.

Azərbaycana cari ildə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edən M.Kroytner Akademiyanın sürətli inkişafını və artıq dünya əhalisinin üçdəikisini əhatə etdiyini diqqətə çatdırıb. O, ölkəmizin IACA-ya qoşulduğu vaxtdan onun işində fəal təşəbbüskarlığını, assambleyanın sessiyasına Azərbaycanın ev sahibliyini təqdir edib. Qonaq bu tədbirin Akademiyanın təşkilat kimi daha da möhkəmlənməsinə böyük təkan verəcəyini bildirib, ölkəmizin bu işdə dəstəyini yüksək qiymətləndirib.

Söhbət zamanı Bakı sessiyasının yüksək səviyyədə keçiriləcəyinə və IACA-nın üzv dövlətləri üçün faydalı olacağına əminlik ifadə edilib.

Görüşdə Azərbaycanın Avstriyadakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov iştirak edib.

 

Azərbaycan.-2014.- 22 oktyabr.-  S.3.