Linas Linkeviçius:
Azərbaycan Cənubi Qafqazda Litvanın əsas
ticarət tərəfdaşıdır
Litvanın xarici işlər naziri
Linas Linkeviçius oktyabrın 21-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovla
görüşdə ölkələrimiz arasındakı
münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirərək
deyib ki, Azərbaycan Litvanın Cənubi Qafqaz regionunda əsas
ticarət tərəfdaşıdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, L.Linkeviçius səfər çərçivəsində Azərbaycan ilə Litva arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının keçirilməsinin önəmini qeyd edib.
Avropa İttifaqı ilə əməkdaşlıq və “Şərq tərəfdaşlığı” proqramına toxunan litvalı nazir rəsmi Vilnüsün Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu söyləyib.
Görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Litva arasındakı əlaqələrin inkişafının məmnunluq doğurduğunu və əsas beynəlxalq məsələlər üzrə mövqelərimizin yaxın olduğunu qeyd edib, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov litvalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında da məlumat verib. Nazir bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Görüşdə
ölkələrimiz arasında elm, təhsil,
mədəniyyət, idman və digər
sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunub.
Azərbaycan.
- 2014.- 22 oktyabr.- S.3.