Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər yüksək qiymətləndirilib

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini Əli Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Əli Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Komitə sədri vurğulayıb ki, təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülübbu proses davam edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyən Herbert Salber Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həllinin vacibliyini bildirib. O, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Azərbaycana səfərinin əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması, münaqişənin həlli istiqamətində hazırkı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Görüşdən sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gələrək 280 yerlik “Şəfəq” uşaq bağçası, 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanıb.

Zəngilan Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Daha sonra nümayəndə heyəti Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.4.