MDB və Baltikyanı ölkələrin dəmir
yollarının rəhbərləri Bakıya
toplaşıblar
Bakıda MDB və Baltikyanı
ölkələrin Dəmir Yolu Nəqliyyatı
Şurasının 61-ci iclası keçirilir.
AzərTAc xəbər verir ki, tədbirin gündəliyinə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər daxildir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin iclas iştirakçılarına təbrikini oxudu .
Daha sonra Azərbaycanın nəqliyyat naziri ölkəmizin polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar və perspektivlər barədə ətraflı məlumat verdi. Nazir, həmçinin Şimal-Cənub, Şərq-Qərb və Bakı-Tbilisi-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də bəhs etdi.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakuninin məruzəsi dinlənildi. Məruzəçi bildirdi ki, iclasda 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılaşmanın yerinə yetirilməsi, 2015-ci ildə beynəlxalq istiqamətdə yükdaşımada tarif siyasəti, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü kimi məsələlər də nəzərdən keçiriləcək. Həmçinin şuranın 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi təsdiqlənəcək.
Azərbaycan, Belarus, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Moldova, Bolqarıstan, Finlandiya və Estoniya dəmir yolları rəhbərlərinin qatıldığı iclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirildi.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası işini oktyabrın 22-də yekunlaşdıracaq. İclasın yekunları ilə bağlı müvafiq protokol imzalanacaq.
Qeyd edək ki,
“Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və
Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı
Şurasının, 1993-cü ildən Dəmir Yolları
Əməkdaşlığı Təşkilatının,
1995-ci ildən Beynəlxalq Dəmir Yolları
İttifaqının üzvüdür.
AzərTAc
Azərbaycan.
- 2014.- 22 oktyabr.- S.4.