Amsterdamda üzdəniraq erməni yazıçısının yalan və böhtanlı əsərinin təqdimatına Azərbaycan diasporundan etiraz

 

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cənubi Qafqazda lider dövlətə çevrilən, beynəlxalq aləmdə nüfuzu daha da artan Azərbaycanın dünya siyasətində uğurları ilə barışmayan ermənilər ölkəmizə böhtan atmağa və qara yaxmağa çalışırlar. Onlar növbəti dəfə belə bir addım atmaqdan çəkinməyiblər.

Hollandiya Erməni Komitəsi və Erməni Gənclər Təşkilatı əslən Bakı ermənisi olan və hazırda Amerikada yaşayan üzdəniraq yazçıçı Anna Astvatsaturyanın keçən əsrin 90-cı illərində Bakıda və Sumqayıtda baş verən hadisələrlə bağlı heç bir həqiqəti özündə əks etdirməyən, yalanbötanla dolu kitabının Amsterdamın Azad Universitetində təqdimatını keçirib.

BAK və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspora təşkilatları təqdimatla bağlı universitetin rəhbərliyinə etiraz məktubu göndəriblər. Məktubda deyilir ki, istər Bakıda, istərsə də Sumqayıtda baş verən hadisələrin əsas təşkilatçılarının ermənilər olduğu, hazırda ölkəmizdə 30 mindən artıq erməninin yaşadığı artıq sübuta yetirilib. Lakin, ermənilər bu danılmaz faktlarla barışmaq istəmir, çoxlu sayda etnik qrupların uzun illər dostluq şəraitində yaşadığı Azərbaycanın əsl tolerantlıq məkanı olmasını unudaraq ölkəmizə böhtan atmaq kimi iyrənc əməllərinə son qoymur.

Bununla yanaşı, Azərbaycanın tolerant məkan olduğu, Bakıda erməni kilsəsinin mövcudluğu buna real nümunə olduğu diqqətə çatdırılıb, etnik təmizləmə siyasəti aparan Ermənistanda bir azərbaycanlının belə qalmadığı, buna bənzər digər faktların dünya ictimaiyyətindən gizlədildiyi xüsusi vurğulanıb.

BAK-ın gənclər təşkilatının nümayəndələri tələb olunan qaydada qeydiyyatdan keçərək təqdimat mərasimində iştirak ediblər. Onlar Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının silah gücünə öz doğma ata-baba yurdlarından zorla çıxarılması, Xocalı faciəsi barədə təşkilatçılara suallar veriblər, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair faktları və dəlilləri bir daha diqqətə çatdırıblar.

Üzdəniraq yazıçı azərbaycanlı gənclərin real faktlara söykənən sualları qarşısında acizliyini nümayiş etdirib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyi və BAK ermənilər tərəfindən ölkəmizə qarşı təşkil olunan qərəzli tədbirlərinin qarşsını almaq üçün birgə fəaliyyət planı hazırlayıblar.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.4.