Sığorta-pensiya sistemində müasir İKT vasitələrinin tətbiqi uğurlu nəticələr verir

 

Sosial sahədə həyata keçirilən islahatların nəticəsi olaraq hazırda Azərbaycanın beynəlxalq standartlara cavab verən ən müasir sığorta-pensiya modeli formalaşıb. Bu model hazırda dünyada mövcud olan sığorta-pensiya sistemlərinin ən mühüm elementlərini özündə birləşdirir.

Xüsusilə qeyd etməliyik ki, yeni sığorta-pensiya sistemində sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılır. Yəni ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

Yeni sığorta-pensiya sistemində ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar halqası qurulub. Bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Sosial sahədə son illərin digər nailiyyəti müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı sisteminin formalaşdırılmasıdır. Bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatının sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. DSMF-nin  internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə  istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan  vaxt itirmədən "Çağrı Mərkəzi"nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Təbii ki, sığorta-pensiya sahəsində həyata keçirilən islahatların səmərəliliyinin təmin edilməsi, yeni İKT vasitələrinin uğurlu tətbiqi, vətəndaşlara layiqli xidmətin göstərilməsi istiqamətində DSMF rayon şöbələrinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan DSMF-nin Tovuz rayon şöbəsinin fəaliyyəti təqdirəlayiqdir. Şöbəyə müraciət etmiş vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, pensiyaya çıxan vətəndaşların sənədlərinin rəsmiləşdirilməsi, pensiya təyinatı və ödənişi, sənədlərin saxlanılması, məcburi dövlət sosial sığorta haqlarının toplanması mövcud qanunvericiliyə əsasən vaxtında və uğurla icra olunur.

DSMF Tovuz rayon şöbəsinin müdiri Rəşad Zeynalovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının yüksəlişi Tovuz rayonunda da dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial təminatının gücləndirilməsinə və maddi rifah halının yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri paralel olaraq rayon sakinlərinin sosial vəziyyətinin, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunur.

Rəşad Zeynalov ilk olaraq DSMF-nin Tovuz rayon şöbəsində məcburi dövlət sosial sığorta haqlarının yığımından danışdı. Bildirdi ki, 2014-cü ilin 9 ayında proqnoz tapşırığının icrası sahəsində xeyli işlər görülub. İstər büdcə, istər qeyri-büdcə təşkilatları üzrə proqnoz tapşırığı yüksək səviyyədə icra olunub.

DSMF Tovuz rayon şöbəsi 2014-cü ilin 9 ayı ərzində 24 min 491 nəfər pensiyaçıya xidmət göstərib. Onların 14 min 695 nəfəri  yaşa görə, 7 min 210 nəfəri əlilliyə görə, 2 min 586 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Söhbət zamanı qeyd edildi ki, rayonda pensiya ödənişi üçün aylıq tələbat 3 milyon 810 min manat təşkil edir. Bütün pensiya ödənişləri plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir. Rayon ərazisində 8 bankomat fəaliyyət göstərir. Bunun 3-ü Tovuz, 1-i Qovlar şəhərlərində, 4-ü isə kəndlərdə quraşdırılıb. DSMF-nin "Çağrı Mərkəzi" vasitəsilə rayonda 43 nəfər vətəndaşa pensiya təyin edilib.

DSMF Tovuz rayon şöbəsində vətəndaşlarının müraciətlərinə baxılması sahəsində də xeyli  görülub. Belə ki şöbədə vətəndaşların qəbulu üçün gündəlik növbətçilik tərtib olunub, onların müraciətləri diqqətlə öyrənilir və qanunamüvafiq cavablar verilir. Tovuzda pensiyaçılara xidmətin yüksək səviyyədə olmasından Qovlar şəhər sakini İslam Müslümov,  Əyyublu kənd sakini Bayram Nağıyev, Ağdam kənd sakini Akif Tağıyev və digərləri razı qaldıqlarını bildirdilər. Ölkəmizdə həyata keçirilən sosial siyasətin hər kəsi, o cümlədən yaşlı və ahıl vətəndaşları layiqincə əhatə etdiyini deyən pensiyaçılar DSMF Tovuz rayonunda onlara göstərilən xidməti də yüksək qiymətləndirdilər.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.5.