Bakıda birinci Azərbaycan-Belarus Beynəlxalq
konfransı keçirilir
Oktyabrın 21-də Bakıda Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun (EİF) təşkilatçılığı ilə
birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işə
başlayıb.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra konfrans işini “Hyatt Regency” otelində
davam etdirib. Əvvəlcə
iştirakçılar elmi-tədqiqat
layihələrini müasir
və keyfiyyətli elmi cihaz, avadanlıq,
qurğu, məmulat, informasiya-kommunikasiya texnologiyaları
(İKT) avadanlığı və s. ilə təmin edən bir sıra yerli
və xarici şirkətlərin sərgisi
ilə tanış
olublar.
Plenar iclasda Elmin İnkişafı
Fondunun icraçı
direktoru Elçin Babayev beynəlxalq konfransın məqsədi
və iki ölkə üçün
əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirin keçirilməsinin məqsədi
birinci Azərbaycan-Belarus
birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri
üzrə bir il ərzində əldə olunmuş elmi nəticələri təhlil etmək, monitorinq xarakterli müzakirələr aparmaq,
birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın
perspektivləri və
konkret sahələri üzrə məsləhət
və tövsiyələr
verməkdir.
E.Babayev qeyd edib ki,
birinci Azərbaycan-Belarus
Beynəlxalq konfransı
iki ölkə arasında elmi səviyyədə qarşılıqlı
əməkdaşlığın sürətlə inkişaf
etdiyini bir daha təsdiqləyir. Belə tədbirlərin
tez-tez keçirilməsi
nəzərdə tutulur.
Tədbirdə müxtəlif elm sahələrinin əhatə
olunması qarşıya
məqsəd qoyulduğu
üçün konfransa
konkret deyil, ümumi ad verilib. Bildirilib ki, konfransda birinci Azərbaycan-Belarus birgə
beynəlxalq qrant müsabiqəsi çərçivəsində
yerinə yetirilən elmi-tədqiqat layihələri
üzrə bir il ərzində
əldə olunan elmi nəticələrlə
bağlı məruzə
dinləniləcək, müzakirələr
aparılacaq. Həmçinin birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın
perspektivləri, konkret
sahələr üzrə
məsləhət və
tövsiyələr veriləcək.
İki ölkənin müvafiq qurumları arasında səmərəli və sıx əməkdaşlığın
yarandığını vurğulayan
E.Babayev bildirib ki, rəhbərlik etdiyi qurumun işinin təşkilində
Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun (BRFTF)
böyük təcrübəsinin
öyrənilməsi çox
səmərəli nəticələr
verib. Belə konfransların Belarusda
da təşkili məqsədəuyğun olardı.
EİF-in icraçı
direktoru diqqətə
çatdırıb ki,
2009-cu ildə yaradılmış
Elmin İnkişafı
Fondunun bu gün beş
yaşı tamam olur. Ötən illərdə bir
çox nailiyyətlər
qazanan bu qurum ildən-ilə beynəlxalq əlaqələrini
genişləndirir, keçirdiyi
müsabiqələrin formatını
zənginləşdirir. Fondun fəaliyyəti müddətində
18 müsabiqə üzrə
329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb.
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA), təhsil müəssisələri,
nazirliklərin strukturunda
fəaliyyət göstərən
elmi-tədqiqat institutları
və QHT-lərdən
yüzlərlə alim
və mütəxəssis
bu qrantlardan bəhrələnib. Nəticədə dünyanın nüfuzlu elmi jurnallarında Elmin İnkişafı Fondunun qrantlarına istinad edilən məqalələrin sayı
durmadan artır.
Fond tədqiqatların modern
cihaz təminatına və xaricdə kadr hazırlığına,
gənc alimlərə
xüsusi diqqət yetirir. Elmin İnkişafı Fondu ilin sonunadək müxtəlif istiqamətlər
üzrə daha beş müsabiqənin
elan edilməsini planlaşdırır.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə
iki ölkə alimlərinin əməkdaşlığının
daha da möhkəmlənməsinə
xidmət edən konfransın xüsusi əhəmiyyətini qeyd edib, onun işinə
uğurlar arzulayıb. Bu cür tədbirlərin Azərbaycan-Belarus münasibətlərinin
inkişafına mühüm
töhfə olduğunu
diqqətə çatdıran
AMEA-nın prezidenti birgə beynəlxalq forumun keçirilməsinin
vacibliyini vurğulayıb.
Elmin İnkişafı
Fondunun fəaliyyətini
və beş
ildə gördüyü
işləri yüksək
qiymətləndirən A.Əlizadə
kollektivi yubiley münasibətilə təbrik
edib. Fondun icraçı direktoru
E.Babayevə AMEA rəyasət
heyətinin fəxri fərmanı təqdim olunub.
Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə alimlərinin əməkdaşlığını yüksək qiymətləndirib. Səfir bu cur görüşlərin elmin daha sürətli inkişafına və dünya elminə inteqrasiyasına yol açdığını xüsusi vurğulayıb.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Bakıda keçirilən tədbirin hər iki ölkə üçün əhəmiyyətindən, təmsil etdiyi qurum ilə EİF-in əməkdaşlığından, birgə həyata keçirilən layihələrdən danışıb.
BRFTF-nin icraçı direktoru Valenrtin Orloviç bildirib ki, konfransdan əvvəl rəhbərlik etdiyi qurum ilə EİF-in birgə qrant komissiyasının iclası keçirilib. İclasda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılıb, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov, Belarus Milli Elmlər Akademiyası (BMEA) Fizika İnstitutunun direktoru, BMEA-nın müxbir üzvü Sergey Qaponenko və başqaları iki ölkə alimlərinin son illərdə əldə etdikləri elmi nailiyyətlərdən, təcrübə mübadiləsi üçün belə tədbirlərin əhəmiyyətindən danışıblar.
Konfransda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi elan edilib.
Daha sonra konfrans işini “Elmi tədqiqatların qrant maliyyələşməsi”, “Elmi tədqiqatların instrumental bazası” və “Birgə tədqiqatların nəticələri və perspektivləri” bölmələrində davam etdirib. Bölmə iclaslarında iki ölkə alimlərinin müasir dövrün prioritet məsələlərindən olan nanoquruluşlara, yeni materiallara, həmçinin atmosfer ekologiyasına, fizikanın digər aktual məsələlərinə həsr edilən məruzələri dinlənilib.
Birinci
Azərbaycan-Belarus Beynəlxalq konfransı işini
oktyabrın 22-də dörd bölmədə
iclaslarla davam etdirəcək.
Azərbaycan.
- 2014.- 22 oktyabr.- S. 11.