Azərbaycan Hökuməti və Dünya
Bankı
arasında üç yeni
borc sazişi
imzalanıb
Oktyabrın
22-də Nazirlər Kabinetində Azərbaycan Respublikası
Hökuməti və Dünya Bankı arasında ümumi məbləği
300 milyon ABŞ dolları təşkil edən üç yeni
borc sazişi imzalanıb.
AzərTAc
xəbər verir ki, bu yeni maliyyələşdirmə Azərbaycanda
ədliyyə xidmətlərinin müasirləşdirilməsi,
kənd icmaları üçün infrastruktur xidmətlərinin
təkmilləşdirilməsi və ölkə rayonlarında
su-kanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədlərinə
xidmət edəcək.
İmzalanma
mərasimində Azərbaycan Respublikası Baş nazirinin
müavini Abid Şərifov Dünya Bankı ilə
yaranmış əlaqələrin tarixindən, icra olunan və
yeni layihələrdən danışdı, tərəflər
arasında əməkdaşlığı yüksək qiymətləndirdi,
ötən dövrdə kifayət qədər yaxşı təcrübələrin
toplandığını diqqətə çatdırdı.
Dünya
Bankının Azərbaycan üzrə ölkə meneceri
xanım Larisa Leşçenko Azərbaycanla əməkdaşlığı
yüksək dəyərləndirdi, yeni layihələrin
uğurla icra olunacağına əminliyini ifadə etdi.
Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Borc Sazişini və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Layihə Sazişini Azərbaycan Respublikası adından aidiyyəti üzrə maliyyə naziri Samir Şərifov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və hər iki sənədi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adından Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko imzaladılar. Bu əlavə maliyyələşdirmənin məbləği 150 milyon dollar təşkil edir və onun məqsədi Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasından ibarətdir.
Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinə dair Borc Sazişini ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko imzaladılar. Bu layihə üzrə Dünya Bankı borcunun məbləği 100 milyon ABŞ dolları təşkil edir. Layihənin əsas məqsədi baza ədliyyə və hüquqi xidmətlərə əlyetərliyin yaxşılaşdırılması, bu xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi prosesinin davam etdirilməsidir.
Azərbaycan Respublikası ilə
Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankı arasında ikinci kənd
investisiyaları layihəsinə əlavə maliyyələşdirməyə
dair Borc Sazişini kənd təsərrüfatı naziri Heydər Əsədov və Dünya Bankının Azərbaycan üzrə
ölkə meneceri Larisa
Leşçenko imzaladılar. Bu əlavə maliyyələşdirmənin dəyəri
isə 50 milyon ABŞ dolları təşkil
edir və onun əsas
məqsədi ölkənin kənd bölgələrində icma əsaslı infrastruktur
xidmətlərinin göstərilməsini təkmilləşdirməkdən
ibarətdir.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.2.