Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir

 

DSMF-nin təşkilatçılığı ilə Bakıda beynəlxalq seminar öz işinə başlayıb

 

Oktyabrın 22-də Bakıda "Hilton Bakı" hotelində "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar öz işinə başlayıb.

Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül qoyulub.

 

DSMF-nin əhaliyə və sığortaedənlərə göstərdiyi elektron xidmətlərin tətbiqi inkişaf etdirilib

 

Daha sonra beynəlxalq seminar öz işinə başlayıb. Keçirilən 2 günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Beynəlxalq seminarda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbirdə iştirak edən qonaqları salamlayaraq ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib. E.Mehdiyev qeyd edib ki, "təməl prinsipləri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etmişdir. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı ahəngdar inkişafa malik modern dövlətə çevirmiş, eyni zamanda müasir qloballaşan dövrün ağır sınaqlarına və sosial-iqtisadi xüsusiyyətlərinə cavab verən tənzimləyici mexanizmləri formalaşdırmışdır".

Sonra fond sədri müasir şəraitdə dünyada qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət almasında sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyalarının (İKT) mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, İKT-dən geniş istifadə olunmasının ölkələrin inkişafında müstəsna rolu danılmaz reallıqdır.

Mövcud şəraitdə İKT-nin və elektron xidmətlərin sosial müdafiə sistemlərinin müasirləşdirilməsinə, bu sahədə davamlı innovativ tədbirlərin, genişmiqyaslı proqramların həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri daim yüksəlməkdədir.

Fond sədri Azərbaycanda İKT-nin davamlı və hərtərəfli inkişafı istiqamətində məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirildiyini qeyd edərək ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

E.Mehdiyev daha sonra bildirib ki, İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib.

 

Azərbaycanın təcrübəsi öyrənilir

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial birlik və sosial davamlılıq, sosial ədalətin təminatının Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik inkişafına xidmət edən siyasətinin mühüm tərkib hissəsi olduğunu deyərək ölkədə əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması sahəsində aparılan islahatlardan söz açıb. Nazir bu istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasında İKT-nin və elektron xidmətlərin geniş tətbiqinin xüsusi rol oynadığını vurğulayıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə davamlı olaraq sosial islahatların həyata keçirildiyini qeyd edərək bildirib: "Prezident İlham Əliyevin müəllifi olduğu sosial müdafiə modeli artıq onlarla dünya dövləti üçün örnək olub. Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Sevindirici haldır ki, bu sahə ilə məşğul olan dövlət qurumlarında elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılıb, məmur-vətəndaş təması maksimum azaldılıb".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək son on il ərzində əldə olunan davamlı iqtisadi yüksəliş, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşmasına imkan yaratdığını vurğulayaraq Azərbaycanda sığorta-pensiya sistemində İKT-nin səmərəli tətbiqini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün "ASAN xidmət" yaradılıb və bu, ən uğurlu modellərdən biridir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət"in təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

BSTA-nın nümayəndəsi Raul Ruggia-Frick söyləyib ki, elektron xidmətlərin tətbiqi dünya səviyyəsində sığorta-pensiya qurumları tərəfindən davamlı fasiləsiz xidmətlərin səmərəliliyi və effektivliyinin artırılmasını təmin etsə də, elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi, bununla yanaşı mobil xidmətlərdən geniş istifadə və digər bu kimi məsələlərdən qaynaqlanan vacib çağırışları da gündəmə gətirir. Qeyd edilən məsələlərin beynəlxalq seminarın işində ətraflı müzakirə olunacağı nəzərdə tutulur. BSTA nümayəndəsi Azərbaycanda İKT və dövlət idarəçiliyində elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərdən, əldə olunan uğurlardan məlumatlı olduqlarını bildirərək vurğulayıb ki, tədbir həmçinin Azərbaycanın bu sahədəki təcrübəsi ilə tanışlıq məqsədi daşıyır.

 

Sığorta-pensiya sistemində islahatlar uğurla davam edir

 

Beynəlxalq seminarın "BSTA təlimatları vasitəsilə e-xidmətlərin həyata keçirilməsi" mövzusundakı ilk sessiyasında BSTA nümayəndəsi Assosiasiyanın İKT sahəsində təlimatları, elektron xidmətlərin tətbiqi üzrə tövsiyələri, Belçika nümayəndəsi öz ölkəsində sosial sektorda tətbiq olunan elektron xidmətlərlə bağlı geniş təqdimatlarla çıxış edərək tədbir iştirakçılarını əhatə olunan mövzularla bağlı məlumatlandırıblar. Sonra sessiya Beynəlxalq Əmək Təşkilatının və DSMF-nin nümayəndələrinin də qatıldığı ətraflı müzakirələrlə davam edib.

Növbəti sessiya "İstənilən yerdə vətəndaşlarla interaktivliyin artırılması" məsələlərinə həsr olunub. Sessiyanın gedişatında Rusiya Federasiyasının nümayəndəsi ölkəsində pensiya təminatı sahəsində elektron xidmətlər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ünvanlı sosial yardım proqramının yeni avtomatlaşdırılması konsepsiyası, Hollandiya Sosial Sığorta Bankının nümayəndəsi bu ölkədə sosial təminat sahəsində müştəri əsaslı xidmətlərin göstərilməsində İKT və elektron xidmətlərin rolu, DSMF-nin nümayəndəsi isə fondun elektron xidmətləri ilə bağlı təqdimatlarında seminar iştirakçılarına ətraflı məlumat veriblər. Sessiyanın davamında həmin mövzuda, habelə informasiya texnologiyaları üzrə sahəvi yanaşmalara dair məsələlərlə bağlı İKT sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin işirakı ilə panel müzakirələr aparılıb və iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Fond İKT-dən istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etmişdir ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilmişdir.

Fond sistemində bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər həmçinin elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlmişdir. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olmuşdur ki, bu da rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaratmışdır.

Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulmuşdur.

Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır.

Belə ki, fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaratmışdır ki, bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım etmiş, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin etmişdir. Fondun 2013-cü ildən tətbiq etdiyi "Çağrı mərkəzi" vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.

Bu sahədəki uğurlardan danışarkən bir məqamı xüsusi qeyd etməliyik: ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi uğurla təmin edilib. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır.

Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmışdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.

Bütün bunlarla yanaşı Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

 

DSMF-nin göstərdiyi elektron xidmətlər ölkədə ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur

 

Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə fondun öz veb səhifəsi və ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər və sığortaolunanlara çoxsaylı elektron xidmətlər göstərir.

"Elektron hökumət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Təkcə 2014-cü ilin ötən dövründə bu məqsədlə DSMF 4 sayda mərkəzi, 7 sayda regional təqdimat keçirmişdir. Bununla yanaşı "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda KİV arasında müsabiqə keçirilmişdir. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanmışdır.

DSMF-nin müasir əsaslarla təşkil edilmiş iş istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasıdır. Bu proses üç istiqamət üzrə - fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən fondun saytinda birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı mərkəzi" vasitəsilə həyata keçirilir.

Fond elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Qeyd etmək yerinə düşərdi ki, DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, 2012-ci ildə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə fondu "Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görüb. Bundan öncə isə, 2010-cu ildə DSMF-ni BSTA-nın "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdi.

Sığorta-pensiya sistemlərinin daimi inkişafı məqsədilə İKT-nin intensiv tətbiqinin vacibliyi BSTA-nın İKT sahəsində təlimatlarında da xüsusi vurğulanır. Beynəlxalq təcrübədə sığorta-pensiya sistemlərində elektron xidmətlərin tətbiqinin geniş vüsət almasına və uğurlu nəticələr verməsinə baxmayaraq, həmin xidmətlərin keyfiyyətinin artırılması və miqyasının genişləndirilməsi ilə bağlı meydana gələn problemlərin həlli xüsusi aktuallıq kəsb edir. Bu baxımdan elektron xidmətlərin tətbiqi sahəsində proqram təminatlarının və istifadə olunan məlumatların keyfiyyəti, sistemin təhlükəsizliyinin təmin olunması, mobil əsaslı elektron xidmətlərin tətbiqi və digər məsələlərin araşdırılması mühüm əhəmiyyət daşıyır. Göstərilən məsələlərin ünvanlanması və həlli, bununla bağlı davamlı olaraq yeni metod və yanaşmaların işlənib hazırlanması daim BSTA tərəfindən gündəmdə saxlanılır, bu sahədə beynəlxalq ekspertlərin işitrakı ilə geniş müzakirələr aparmaq, müxtəlif ölkələrin təcrübələrini bölüşmək məqsədilə mütamadi beynəlxalq tədbirlər təşkil olunur. Belə ki, sosial sığorta sahəsində İKT-nin rolunu təhlil etmək məqsədilə DSMF-nin ev sahibliyi ilə Bakı şəhərində 2008-ci ildə BSTA-nın beynəlxalq tədbiri keçirilmişdir. Bundan başqa, 2010-cu ildə Livanın Beyrut və 2012-ci ildə Polşanın Varşava şəhərlərində sığorta-pensiya sistemlərində xidmətlərin çatdırılmasının təkmilləşdirilməsində İKT-nin idarəetmə baxımından strateji əhəmiyyəti və elektron xidmətlərin səmərəli tətbiqinə həsr olunmuş BSTA-nın beynəlxalq seminarları təşkil olunmuşdur. Bakıda keçirilən beynəlxalq seminar BSTA-nın bu qəbildən olan növbəti tədbiridir.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda tədbirin Bakı şəhərində keçirilməsi barədə qərar Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, informasiya açıqlığı və elektron xidmətlər, Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan sahədəki təcrübəsi nəzərə alınaraq qəbul edilmişdir.

Tədbirin əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, İKT-nin tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır. Həmçinin əhalinin sosial müdafiəsi sahəsində əhali ilə interaktivliyin artırılması, elektron xidmətlərlə yanaşı mobil xidmətlərin tətbiqinin genişləndirilməsi, bütün bunlardan irəli gələn təhlükəsizlik və digər məsələlərin müxtəlif ölkələri təmsil edən sığorta-pensiya qurumlarının əldə etdiyi texniki inkişaf və BSTA-nın təlimatlarındakı tövsiyələr nəzərə alınmaqla daha dərindən təhlil edilməsi, bu sahədə görülən işlərin müzakirə olunması nəzərdə tutulmuşdur.

Seminar öz işini bu gün davam etdirəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 23 oktyabr.- S.4.