Bakıda Ümumhəmkarlar
İttifaqları Konfederasiyası
İcraiyyə Komitəsinin növbəti
iclası keçirilib
Oktyabrın
22-də Bakıda Ümumhəmkarlar İttifaqları
Konfederasiyası İcraiyyə Komitəsinin növbəti
iclası keçirilib.
AzərTAc
xəbər verir ki, Konfederasiyanın prezidenti, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail
Şmakov iclasda çıxış edərək bildirdi ki,
MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi
və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi Ümumhəmkarlar
İttifaqları Konfederasiyasının ətrafında birləşib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
2001-ci ildən bu təşkilatın üzvüdür və
hazırda onun bütün rəhbər orqanlarında təmsil
olunur.
M.Şmakov
dedi ki, Azərbaycanda gedən ümumi inkişaf prosesləri
ölkədə həmkarlar ittifaqlarının da
inkişafına imkan yaradır. O, bugünkü iclasın təcrübə
mübadiləsinin aparılması, həmkarlar
ittifaqlarının inkişaf perspektivlərinin müzakirəsi
baxımından önəmini qeyd etdi.
M.Şmakov
bildirdi ki, Azərbaycan dövləti gündən-günə
inkişaf edir. İqtisadi inkişaf sürətinə görə
Azərbaycan MDB-də liderdir. Ölkədə ümumi daxili məhsul
istehsalının həcmi, adambaşına düşən gəlirlərin
məbləği artıb. Bu artım davam edir. Təbii ki,
bütün bunlar insanların sosial vəziyyətinin, həyat
şəraitinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda
həmkarlar ittifaqları da mütəşəkkildir.
İcraiyyə Komitəsinin növbəti iclasının
Bakıda keçirilməsi isə dostluğumuzun, əməkdaşlığımızın
inkişafının bariz nümunəsidir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev
çıxışında ölkəmizdə həmkarlar
ittifaqlarının formalaşması və inkişafı məsələlərindən
danışdı. Həmkarlar ittifaqlarının əlaqələrinin
möhkəmlənməsində Ümumhəmkarlar
İttifaqları Konfederasiyasının rolunu yüksək qiymətləndirən
S.Mehbalıyev dedi ki, AHİK ilə bu təşkilata üzv
olan digər birliklər arasında əlaqələr yüksək
səviyyədədir. O, qarşılıqlı təcrübə,
fikir mübadilələrinin əhəmiyyətli olduğunu
vurğuladı.
S.Mehbalıyev
qeyd etdi ki, Azərbaycan həmkarlar ittifaqları vətəndaş
cəmiyyətinin fəal üzvü olmaqla ölkə həyatının
bütün həlledici istiqamətlərinin
formalaşmasında iştirak edirlər. Bu gün AHİK
öz sıralarında 1 milyon 600 mindən artıq həmkarlar
ittifaqı üzvünü, 27 sahə həmkarlar ittifaqı
mərkəzini, 504 şəhər və rayon komitəsini, 68
birləşmiş həmkarlar ittifaqını, 10730 ilk təşkilatı
birləşdirir. Konfederasiyanın tərkibində 3 həmkarlar
ittifaqı federasiyası, Naxçıvan Vilayət Həmkarlar
İttifaqı Şurası fəaliyyət göstərir.
AHİK Əmək və Əhalinin Sosial Müdafiəsi,
Maliyyə, Təhsil, Gənclər və İdman nazirlikləri,
Dövlət Sosial Müdafiə Fondu, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri Üzrə
Dövlət Komitəsi, müharibə veteranları təşkilatı
və digər qurumlarla konstruktiv şəkildə əməkdaşlıq
edir.
S.Mehbalıyev
əmin olduğunu bildirdi ki, Ümumhəmkarlar
İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin
iclasının Bakıda keçirilməsi əlaqələrin
daha da genişlənməsində və möhkəmlənməsində,
müştərək problemlərin həllində
mühüm rol oynayacaq.
Sonra
iclas iştirakçıları gündəlikdə duran məsələləri
müzakirə etdilər. Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının üzv təşkilatlarının
minimum əməkhaqlarının artırılması və
yaşayış minimumundan aşağı olmayan səviyyəyə
çatdırılması istiqamətində həmkarlar
ittifaqlarının fəaliyyəti, azad ticarət xidmətləri
barədə razılaşmalara həmkarlar
ittifaqlarının mövqeyi, MDB iştirakçısı
olan dövlətlərdə əməyin mühafizəsinin vəziyyəti,
Ümumdünya Layiqli Əmək Gününün
keçirilməsində Ümumhəmkarlar İttifaqları
Konfederasiyasına üzv təşkilatların
iştirakı, Konfederasiyanın üzv təşkilatlarının
gənclərlə iş təcrübəsi, üzv təşkilatların
üzvlük haqlarını ödəməsi qaydaları və
s. məsələlərə baxıldı. Həmçinin
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının
2015-ci il üçün gəlir və xərclər
smetası müəyyən edildi.
Azərbaycan.-2014.- 23 oktyabr.- S.5.