ABŞ müsəlman dünyasını
qarışdırır
İnsanların hüquq və məsuliyyətinin harmoniyasının, siyasi fikir plüralizminin, cəmiyyətin ayrı-ayrı qrupları arasındakı fərqli yanaşmaların ortaq təminatı olan demokratiya eyni zamanda mürəkkəb, aktual, ciddi mübahisələrə səbəb olan və maraq doğuran dəyərlərdən biridir. Demokratiya bir çoxlarının nəzərində insan hüquq və azadlıqlarının reallaşdırılması kimi başa düşülürsə, bəzilərinin nəzərində bu, öz maraqlarının təminatı, başqalarının mənafelərinə tuşlanan universal təsir vasitəsidir.
Lakin dünyaya demokratiya dərsi keçməkdə iddialı olan bəzi dövlətlər və təşkilatlar demokratiyadan, əvvəldə qeyd etdiyimiz kimi, yalnız öz maraqlarını təmin etmək, başqalarının işinə qarışmaq, ayrı-ayrı dövlətlərə təsir göstərmək vasitəsi kimi istifadə edirlər. Demokratiya adı altında hazırlanan inqilab ssenarilərinin ərəb dövlətlərində hansı fəlakətli nəticələrə gətirib çıxardığı göz önündədir. Müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin beynəlxalq hüquqa zidd fəaliyyətləri, "ikili standartlar"dan çıxış etməsi bəşəri və demokratik idealların əsl mahiyyətinə kölgə salır.
Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ özlərini dünyada "demokratiyanın beşiyi", "demokratik idealların qoruyucusu" kimi təqdim edir, beynəlxalq münasibətlərdə demokratiya məsələlərinə xüsusi önəm verdiklərini iddia edirlər. Lakin Avropa imperializminin dünyanın bir çox xalqlarının başına açdığı oyunlar tarixdən yaxşı məlumdur. Orta əsrlərdən başlayaraq dünyanın bölüşdürülməsi və talanması siyasəti nəticəsində Afrika, Asiya və Amerika xalqlarına vurulan maddi və mənəvi yaraların yeri yəqin heç vaxt sağalmayacaqdır! Yüzminlərlə afrikalının, asiyalının soyqırımı və əsrlər boyu talanan maddi sərvətlər bugünkü Avropanın bəzi dövlətlərinin sürətli inkişafının səbəbləridir.
ABŞ-a gəldikdə, hazırda demokratiya
carçısı olan bu dövlət yaranandan bəri yerli əhaliyə
qarşı dəfələrlə soyqırımı törədib
və nəticədə 3 milyondan çox hindu
öldürülüb. XIX
əsrə qədər ABŞ-a Afrikadan 12
milyondan çox kölə gətirilib. Düzdür,
köləlik ABŞ-da rəsmən 1865-ci ildə qadağan
edilib. Lakin irqi və dini, o cümlədən
dini ayrı-seçkilik və dözümsüzlük bu
ölkədə müasir dövrümüzdə də davam
edir. Nyu Yorkda polislər tərəfindən həbs edilənlərin
70 faizi, atəş açılanların 50 faizi,
öldürülənlərin 70 faizi zəncidir! Bu ölkədə
20-29 yaşında olan zəncilərin üçdə biri ya
həbsxanalarda, ya da istintaq təcridxanasındadır!
İkinci
dünya müharibəsi başa çatdığı ərəfədə,
Yaponiyanın məğlubiyyətinin labüd olduğu bilinsə
də, Xirosimaya və Naqasakiyə atom bombalarının
atılmasının, Vyetnamda baş verənlərin,
Koreyanın bölünməsinin və digər bu kimi tarixdə
izi qalan qanlı proseslərin müəllifi də məhz
ABŞ-dır. Yaponiyaya atılan atom bombaları
nəticəsində 100 min nəfərə qədər
mülki yapon vətəndaş öldürülmüş və
yüzminlərlə insan şikəst olmuşdur.
Bu hadisələrin siyasi, milli və mənəvi fəsadları
hələ də davam etməkdədir. Əlavə
edək ki, Vyetnamda 1962-1971-ci illər arasında mülki
insanlar qətlə yetirilib, onlara qarşı 80 milyon litr kimyəvi
dioksin qazından (dəmir çəlləklərdəki zəhərli
qazın etiketinin rənginə görə bu zəhərli
qaza portağal qazı da deyilir) istifadə edərək 5
milyon vyetnamlı öldürülüb və şikəst
qalıb. Koreya xalqı isə iki yerə
bölünərək bir-birinə düşmən edilib.
Keçmiş SSRİ-nin dağılması ilə
fövqəldövlət statusunu bir qədər artıran
ABŞ bu gün dünyanın siyasi nizamının müəyyən
edilməsində rol oynamaq üçün bütün siyasi
və hərbi vasitələrdən yararlanır. Son illərin
siyasi mənzərəsinin təhlili ABŞ-ın bu sahədə
həyata keçirdiyi siyasətinin böyük fəsadlar
yaratdığını üzə çıxarır. Bunun ən real təsdiqini isə son illərdə ərəb
ölkələrində baş verən olaylar əyani surətdə
təsdiq edir. Maraq doğuran məqam isə
odur ki, özünü "demokratiya beşiyi" sayan ABŞ
"ikili standartlar" səbəbindən bu istiqamətdə
hələ də fəal siyasət yürüdür. Axı ABŞ-ın birbaşa müdaxiləsi ilə
müxtəlif ölkələrdə, o cümlədən ərəb
dünyasında yaşananların hansı dəhşətli
nəticələrə gətirib
çıxardığını okeanın o tayında da
aydın sezirlər. Buna rəğmən,
ABŞ qeyd olunan istiqamətdə müsəlman
dünyasına qarşı düşmənçilik siyasətini
davam etdirir. Ekspertlər isə bunu təsadüfi
saymır və hesab edilir ki, əslində, ABŞ rəhbərliyi
hələ də dünya imperiyası qurmaq niyyətindən əl
çəkmədiyi üçün meydana belə bir
dağıdıcı mənzərə çıxıb.
Özü də ABŞ istəyinə
çatmaq üçün beynəlxalq hüquq
normalarını da yeri gələndə çox asanlıqla
poza bilir. Hər halda, 2001-ci il sentyabr
hadisələrindən sonra baş verənlər də bunun təsdiqi
hesab edilə bilər. ABŞ-ın
Əfqanıstana və İraqa bundan sonra edilən müdaxiləsi
hələ də bu iki ölkəni böyük xaos mənbəyinə
çevirib. Xüsusən, 2003-cü ildən
İraq dövlətinin işğalı ABŞ-ın
imperialist və işğalçı siyasətini bir daha
çılpaqlığı ilə ortaya qoydu. 2003-cü ilin yazından bu ərəb dövləti
qan çanağını xatırladır. Səddam Hüseynin vaxtında sabit dövlət olan
İraqda xüsusən dini ədavət Qərb tərəfindən
qızışdırıldı. Digər
tərəfdən, ABŞ işğalına qarşı
baş qaldıran müqavimət indiyədək yüz minlərlə
İraq vətəndaşının həyatına son qoyub.
İraqın ərazi bütövlüyü
formal olaraq qalsa da, faktiki olaraq bu ölkə
parçalanıb. ABŞ bu ölkədə istədiyini
tapa bilmədi: yəni iddia olunan "kimyəvi silahlar"
tapılmadı. Amma ABŞ əsl istəyinə
çatdı. Bu istək isə İraq nefti idi!
Bir məsələni də qeyd edək ki, İraq və
Əfqanıstanda keçirilən əməliyyatlarda ABŞ
hərbçiləri yüksək dəqiqliyə malik olan
silahlarla hərbi hədəfləri deyil, mülki insanları
öldürüb. ABŞ əsgərləri İraq və
Əfqanıstanda mülki insanların cəsədlərini təhqir
edərək xatirə şəkilləri çəkdiriblər.
Bütün bunlar nəticə etibarilə
ABŞ-ın müsəlman dövlətlərinə, müsəlman
əhaliyə düşmən münasibətinin göstəricisi
olmaqla, məqsədinin sülh və demokratiya
olmadığını aydın göstərir.
Eləcə də
Tunis, Misir, Liviya, Suriyada hələ də ABŞ-ın
qurduğu məkrli oyunların acı nəticələri
yaşanmaqdadır. Ümumiyyətlə, ərəb
ölkələrində davam edən siyasi kataklizmlərin təkcə
daxili səbəblərdən qaynaqlandığını
düşünmək sadəlövhlük olardı. Həmin hadisələri şərh edən
dünyanın aparıcı beyin mərkəzləri və
tanınmış politoloqlar hesab edir ki, Tunis, Misir, Liviya və
digər dövlətlərdə müşahidə olunan
proseslər daha çox ABŞ-ın ərəb
dünyasında sarsılmış mövqelərini bərpa
etmək və möhkəmləndirmək cəhdinin təzahürüdür.
Bunun nəticəsidir ki, qeyri-sabit dövrə qədəm
qoyan ərəb ölkələrində hadisələrin indiki
axarda cərəyan etməsinin arxasında ABŞ-ın
durması barədə mütəmadi məlumatlar səslənir.
Həmin məlumatlardan aydın olur ki, məhz
ABŞ indi adları dünya mediasında gündəlik
hallanan, qeyri-sabit vəziyyətin hökm sürdüyü ərəb
ölkələrində müxtəlif qruplarla danışıqlara
gedib. Həmin qruplara müxtəlif formada
yardımlar göstərib. Lakin bundan son nəticədə
əziyyət çəkən öz maraqları naminə
müxtəlif oyunlar quran ABŞ yox, həmin ölkələrin
xalqlarıdır.
Bu gün
isə İraq və Suriya kimi dövlətlər
ABŞ-ın bir vaxtlar yaratdığı "əl-Qaidə"
avantürasının məntiqi davamı olan "İraq və
Şam İslam Dövləti" (İŞİD) adlı
terrorçu qruplaşmanın zülmündən əziyyət
çəkir. Terrorçuların fəaliyyəti
hər iki ölkəni daha böyük problemlərə
düçar etməklə yanaşı, Türkiyə və
digər dövlətlərə də təhdidlər
yaradır.
Hələ illər öncədən fəaliyyətə
başlayan "İŞİD" terrorçu
qruplaşması bu ilin yayında İraqın ikinci ən
böyük şəhəri olan Mosulu, onun ardınca Tikrit və
digər yaşayış məntəqələrini
tutması isə bütün dünyanın diqqətini
özünə çəkib. Lakin maraqlısı odur ki,
ABŞ-ın 2003-cü ildə S.Hüseyn hakimiyyətini
işğal yolu ilə devirməklə başlayan və
milyardlarla dollara başa gələn "İraq
demokratiyası" qara bayraqlı, xüsusi
amansızlığı ilə hətta ən qəddar terror
təşkilatlarını da təəccübləndirən
başkəsənlər ordusu tərəfindən cəmi bir
neçə günə darmadağın edildi. Bu
isə ABŞ-ın İraqda indiyə qədər həyata
keçirdiyi siyasətin məntiqi nəticəsidir. Çünki məhz ABŞ-ın siyasəti nəticəsində
parçalanan İraq getdikcə zəifləyir. İndi Amerikanın özündə də etiraf etməyə
başlayıblar ki, 2003-cü ildə Corc Buş
administrasiyasının S.Hüseyni devirmək
üçün bu ölkəyə hərbi müdaxilə qərarı
böyük səhv idi. Çünki Səddamın
devrilməsi İraqa demokratiya yox, terror və ölüm gətirdi.
"Əl-Qaidə" terrorçularının hər
gün qanlı kamikadze hücumları həyata keçirdiyi,
hər gün onlarla, yüzlərlə insanın terror
qurbanı olduğu ölkədə ABŞ-ın dəstəklədiyi
hökumət heç cür sabitliyə nail ola
bilmir. Baş verənlər, heç
şübhəsiz ki, ABŞ-ın Yaxın Şərq siyasətinin
iflasıdır. Birləşmiş Ştatlar
administrasiyası Ukrayna böhranı qarşısında
baş sındırdığı bir vaxtda ABŞ-ın
"İraq demokratiyası" sürətlə məhv olur!
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki,
"İŞİD"in əsas ilhamvericisi də məhz
ABŞ sayılır. Çünki bu qruplaşma Suriyada Bəşər
Əsəd hakimiyyəti əleyhinə mübarizə
apardığından ABŞ-dan da hərbi yardımlar
alıb. Suriyada onlar döyüş təcrübəsi
qazandılar və hətta müəyyən uğurlara da nail
oldular. Lakin Bəşər Əsədi devirmək
üçün qurulan planlar nəticə vermədiyindən
bu dəfə İraqa doğru yönləndirildilər.
Görünən odur ki, ABŞ-ın müsəlman
ölkələrinə qarşı düşmən siyasəti
rəsmi Vaşinqtonun iddia etdiyi kimi onlara xoşbəxtlik
deyil, bədbəxtlik gətirib. Elə Suriyada xaosun
hökm sürməsinin əsas səbəbkarlarından biri məhz
ABŞ-dır. Hazırda bu ölkədə
Kobani şəhərində qanlı döyüşlər
gedir. ABŞ-ın isə havadan
atdığı silahlar əslində döyüşən tərəfləri
qızışdırmaqdan başqa bir şey deyil. Həmin silahların "İSİD"
döyüşçülərinin əlinə keçməsi
deyilənlərin sübutudur.
ABŞ-ın Azərbaycana qarşı münasibətində
də kifayət qədər ziddiyyətli məqamlar var. Azərbaycanla
ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq
münasibətləri qurulub. 1993-cü ildən
etibarən bu münasibətlər yüksələn xətlə
inkişaf edib və tədricən strateji tərəfdaşlıq
səviyyəsinə çatıb. Hazırda
Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi,
beynəlxalq terrorizmlə mübarizə kimi bütün
dünya ictimaiyyətini düşündürən aktual məsələlər
ətrafında uğurlu əməkdaşlıq telləri
mövcuddur. ABŞ rəsmiləri dəfələrlə
elan ediblər ki, Azərbaycan Birləşmiş
Ştatların strateji tərəfdaşıdır.
Lakin reallıqda bəzən tamamilə başqa situasiya
görünür. Bu xüsusən Azərbaycanda demokratik vəziyyətlə
bağlı məsələlərdə və Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlarda özünü göstərir.
Öncə ondan başlayaq ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı fəaliyyət göstərən ATƏT-in Minsk
qrupunun həmsədrlərindən biri ABŞ-dır. Bu ölkə Azərbaycanın ərazi
bütövlüyünü rəsmən dəstəklədiyini
bəyan edir. Lakin BMT-də Azərbaycanın ərazi
bütövlüyü ilə bağlı səsvermədə
neytral qalır. Gürcüstan və Ukrayna ilə
bağlı müzakirələrdə isə əks mövqe
nümayiş etdirir. Bu rəsmi
Vaşinqtonun Azərbaycana münasibətdə öz siyasətində
səmimi olmamasının aydın təzahürüdür.
ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi
yardımlar bu ölkənin elan etdiyi sülh prinsipləri ilə
qətiyyən uzlaşmır. Digər tərəfdən,
beynəlxalq terrorizmə qarşı müharibə elan edərkən
özünün məhkum etdiyi erməni terrorçuları
vaxtından əvvəl əfv etməsi onun "ikili
standartlar"dan çıxış etməsinin bariz
nümunəsidir.
ABŞ-ın münasibətlərdəki qeyri-səmimiliyi
demokratiya, insan hüquq və azadlıqlarının
qorunması kimi məsələrdə də özünü
göstərir. Yazının əvvəlində
ABŞ-da yerli xalqlara qarşı törədilən
soyqırımından bəhs etdik. Lakin təcrübə
göstərir ki, dünyaya "demokratiya dərsi"
keçməkdə iddialı olan ABŞ-da indinin özündə
də insan haqları kifayət qədər və kobud şəkildə
pozulur, xüsusən qaradərili vətəndaşlara
qarşı ciddi ayrı-seçkilik hökm sürür.
Məsələn,
bu il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson
şəhərində polislər 18 yaşlı silahsız zənci
Maykl Braunu qətlə yetiriblər. Bu hadisə Qərb
demokratiyasının iç üzünü və konkret
olaraq sözügedən ölkədə insan
hüquqlarının təminatına məhəl
qoyulmadığını göstərdi. Çünki
M.Braun əllərini yuxarı qaldırsa da, polis buna məhəl
qoymayıb və onu güllələyib. Bu
hadisə bir tərəfdən insanın yaşamaq
hüququnun əlindən alınması, digər tərəfdən
ABŞ-da demokratik dəyərlərə olan
sayğısızlığın və irqçiliyin baş
alıb getməsinin bariz təzahürüdür.
Qətldən sonrakı hadisələr də ABŞ-da
irqi ayrı-seçkiliyi, polis
özbaşınalığını, vətəndaşların
sərbəst toplaşmaq, söz və məlumat
azadlığı kimi fundamental hüquqlarının
pozulduğunu açıq nümayiş etdirdi. Belə ki,
Ferqyuson şəhərində bu hadisəyə haqlı olaraq
etiraz edənlərin dağıdılması
üçün milli qvardiya yeridilib, komendant saatı elan
olunub, etirazçılara qarşı polis dəyənəyindən,
gözyaşardıcı qazdan, su şırnağından,
rezin güllələrdən və digər xüsusi vasitələrdən
istifadə olunub.
Ferqyuson
şəhərindəki hadisələr ABŞ-ın bu məsələlərdə
də demokratik dəyərlərə
sayğısızlığı baxımından iç
üzünü ortaya qoydu. Belə ki, müxtəlif
ölkələrdə jurnalist fəaliyyətinə
yaradılan məhdudiyyətləri sərt tənqid edən
ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər
göstərdi ki, bu ölkənin özündə media əməkdaşlarının
informasiya əldə etmək və yaymaq hüququ daha sərt
şəkildə məhdudlaşdırılır. Çünki
Ferqyusondakı hadisələri işıqlandıran, ABŞ
hakimiyyət orqanlarını tənqid edən ictimai fəallar,
jurnalistlər sərt təzyiqlərə, həbslərə
məruz qalıblar.
Bütün bunlara rəğmən ABŞ-ın dəstəklədiyi
bəzi təşkilatlar Azərbaycanla bağlı həqiqətə
uyğun olmayan mənfi imic formalaşdırmağa cəhdlər
edirlər. Ona görə ki, uzun illərdir Azərbaycanda
özünün "5-ci kolonunu" formalaşdıran Qərb
dairələri daha əvvəlki kimi ictimai rəylə
manipulyasiya edə bilmir.
Ona görə ki, antimilli QHT şəbəkəsi,
ayrı-ayrı "xüsusi statuslu" fərdlər
qanunların tələblərinə riayət etməyə dəvət
olunurlar! Ona görə ki, QHT adı altında erməni
xüsusi xidmətləri ilə əməkdaşlıq edənlər,
düşmənin sifarişlərini yerinə yetirənlər
məsuliyyətə cəlb olunurlar! Lakin ən azından
Ferqyuson şəhərində baş verən hadisələrdən
sonra bütün dünya gördü ki, ABŞ-ın
demokratiya adı altında digər ölkələrə olan
münasibəti əslində öz maraqlarını təmin
etməkdən, başqalarının işinə
qarışmaqdan, sabit cəmiyyətləri
qarışdırmaq niyyətindən başqa bir şey
deyildir!
Hazırda
müsəlman ölklərinin ictimai rəyində daha ABŞ-a rəğbətlə
yanaşılmır. Rəsmi Vaşinqtonun indiki
siyasətini davam etdirməsi isə bu dövlətə olan
inamı bütün dünyada tamamilə alt-üst edəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 24 oktyabr.- S.1.