Avropa Şurasının İnsan hüquqları üzrə
komissarı Baş Prokurorluqda olub
Azərbaycan
Respublikasının baş prokuroru Zakir Qaralov oktyabrın 23-də
Avropa Şurasının İnsan hüquqları üzrə
komissarı Nils Mujniyeks ilə görüşüb.
Ölkəmizin
Avropa Şurası və onun institutları ilə əməkdaşlığa
böyük önəm verdiyini xüsusi vurğulayan baş
prokuror Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə
uyğun olaraq respublikamızda insan hüquqlarının
qorunması istiqamətində həyata keçirilən tədbirlər,
İnsan hüquqları üzrə Avropa Konvensiyasının
implementasiyası, həmçinin “Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə
əlaqədar görülmüş konkret işlər barədə
ətraflı məlumat verib.
Baş
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun öyrənilməsi və tətbiqinin
insan hüquq və azadlıqlarının daha dolğun
müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb
etdiyini diqqətə çatdıran Zakir Qaralov son illərdə
prokurorluq orqanlarında bu sahədə həyata
keçirilmiş islahatlardan danışıb.
Avropa
Şurası ilə Azərbaycan Respublikası arasında
mövcud əməkdaşlığın səviyyəsindən
məmnunluğunu vurğulayan N.Mujniyeks əlaqələrin
bundan sonra da uğurla davam edəcəyinə əminliyini
bildirib.
Daha
sonra tərəfləri maraqlandıran məsələlər
ətrafında səmərəli fikir mübadiləsi
aparılıb.
Görüşdə
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana
Filippoviç və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-2014.- 24 oktyabr.- S.2.