Səhiyyə müəssisələrinin və həkimlərin fəaliyyətinin gücləndirilməsi

 üçün stimullaşdırma mexanizmi təkmilləşdirilməlidir

 

Səhiyyə müəssisələrinin və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilməlidir. Məqsəd ondan ibarətdir ki, tibb sahəsində çalışanların tələbatları daha yaxşı ödənilsin. İcbari tibbi sığorta sisteminə keçilməsi həm də bu vəzifənin öhdəsindən gəlmək üçün əlverişli imkanlar yarada bilər.

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 23-də Bakıda “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda keçirilən seminarda Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxışı zamanı deyib.

Baş nazirin müavini Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Qeyd edib ki, son 10 il ərzində səhiyyə sahəsində böyük islahatlar aparılıb, irəliləyiş əldə olunub. Azərbaycanda ən müasir xəstəxanalar, müalicə obyektləri yaradılıb. Bu tibb müəssisələri müasir tibbi avadanlıqlarla təchiz edilib. Bütün bunlar dövlətimizin vətəndaşların sağlamlığına göstərdiyi diqqətin nəticəsidir. Həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində də ciddi işlər görülür. Bütün bu görülən işlər Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlarda yeni bir mərhələyə keçmək üçün etibarlı bir baza və əsas yaradıb. Bu da səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Biz bunu icbari tibbi sığorta deyərik. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müəyyən qanunvericilik bazası var, yeni normativ hüquqi sənədlərin hazırlanması istiqamətdə işlər görülür və bu sahədə beynəlxalq təcrübə öyrənilir.

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi məqsəd olaraq qiymətləndirilmir. Bu, vasitədir və onun tətbiq edilməsi vasitəsilə qarşımıza 3 vəzifə qoymuşuq. Bunlardan birincisi dövlətin ayırdığı vəsaitlərdən daha səmərəli istifadə olunmasıdır. Buna nail ola bilsək, səhiyyə sahəsində daha yüksək keyfiyyətin əldə edilməsi üçün əlavə imkan yaranar. İkinci məqsəd səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün əlavə maliyyə mənbələrinin axtarılmasıdır. Azərbaycan dövləti səhiyyənin maliyyələşməsi üçün öz imkanları daxilində vəsait ayırır, ölkənin artan imkanları bu vəsaitlərin artmasında əks olunur. Amma müasir şəraitdə bütün səhiyyə xərclərinin hamısını yalnız dövlət vəsaitləri hesabına maliyyələşməsinin tam təmin edilməsi düzgün olmazdı. Dövlətin insanların sağlamlığına qayğı göstərməsi, bunun fonunda hər bir insanın öz sağlamlığı üçün vəsait xərcləməsi düzgün və ədalətli olardı. İnsanın öz sağlamlığının qorunması üçün yüksək sosial proqram çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürməsi, müəyyən vəsait xərcləməsi rasionallıq və ədalət baxımından düzgün olardı”, - deyə baş nazirin müavini bildirib. O, əlavə edib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar üçüncü addım səhiyyənin maliyyələşməsi üçün yeni qaynaqların axtarıb tapılmasıdır.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko isə dünyada pulsuz səhiyyə xidmətinin olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 6 faizə enib. O, eyni zamanda, əhalinin bir çox hissəsinin potensial xərclər, xüsusən də səhiyyə xərcləri qarşısında aciz qaldıqlarını da diqqətə çatdırıb. Bildirib ki, bu cür hallarda insanların sığortalanmasına ehtiyac var.

Türkiyənin sabiq səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Akdağ “Türkiyənin universal səhiyyə xidmətləri” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda, icbari tibbi sığorta ilə bağlı Moldova və Xorvatiya təcrübələri də təqdim olunub.

Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi və səhiyyə sektorunda islahatlarla bağlı təqdimatlardan sonra seminar işini müzakirələrlə davam etdirib.

 

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.3.