Təhsil sisteminin yenidən qurulmasında
və islahatlar
prosesində gələcəyin tələblərini
də nəzərə almalıyıq
Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılmışdır. Neft kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu yöndə həyata keçirilən dövlət siyasəti, Təhsil Nazirliyinin gördüyü işlər, təhsil işçilərinin əzmkarlığı, təşəbbüskarlığı və ən əsası, əldə olunmuş nəticələr qarşıda duran hədəflərin o qədər də uzaqda olmadığını söyləməyə imkan verir.
Aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə - modernləşmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir.
Azərbaycanın qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsini, əlavə təhsil, ömür boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasını zərurətə çevirir. Başlıca strateji məqsədi davamlı iqtisadi artım və sosial rifah olan konsepsiyada təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması da əsas strateji istiqamətlərdən biri kimi ön plana çəkilmişdir.
BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlmiş və insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olmuşdur. Həmçinin Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə hesabatında Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti səviyyəsi reytinqində 148 ölkə arasında 39-cu, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur.
Sevindirici haldır ki, dünyanın bir çox aparıcı beyin mərkəzləri Azərbaycanın əldə etdiyi uğurları dərindən təhlil və təbliğ edirlər. Bu gün Azərbaycanın siyasi, iqtisadi və sosial modeli nümunə kimi bir sıra nüfuzlu beynəlxalq forum və konfranslarda müzakirə olunmaqdadır.
Biz sabahımızı necə görürük? Bu suala müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət cavab axtaran zaman sadə həqiqətə üz tuturlar - təhsilin keyfiyyəti bizə həyat keyfiyyətimizi dəyişməyə, birgə yaşayışın daha sivil formalarını axtarmağa, düşünməyə yardım etməlidir. Yəni təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
Müasir təhsil sisteminin yenidən qurulması və islahatlar prosesində, biz bu günümüzlə yanaşı, eyni zamanda, gələcəyin tələblərini də nəzərə almalıyıq. Keçmişimiz nə qədər zəngin olsa da, bu günümüz keçmişin deyil. Bu günümüz gələcəyimizindir. Belə ki, indi təhsil alan nəsillər bir neçə illərdən sonra müstəqil həyata qədəm qoyacaq, bir mütəxəssis kimi fəaliyyətə başlayacaqlar. Parlaq gələcək bu gün reallaşan layihələrin qiymətləndirilməsi, davamlılığı və uğurundan asılıdır.
Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.
Qeyd olunan hədəflərə nail olunması üçün
bir sıra tədbirlər həyata keçirilmiş, təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi və bu kimi digər məsələlərə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan 2014-cü ilin ötən dövründə də səmərəli nəticələr qazanılmış, nəticəyönlü islahatlar davam etdirilmiş və ölkə təhsilinin səviyyəsinin yüksəldilməsi istiqamətində təsirli addımlar atılmışdır.
Müvafiq məsələlərin köklü həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş mühüm əhəmiyyətli tədbirlər xüsusilə qeyd olunmalıdır. Belə ki, Dövlət Strategiyasının əsas hədəflərinə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun, eləcə də insan resurslarının inkişaf etdirilməsi sahəsində bir sıra qərarlar verilmişdir. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji məqamlardır.
Dövlət Strategiyasının Fəaliyyət Planının hazırlanması məqsədilə Təhsil Nazirliyində yaradılmış işçi qrup tərəfindən müvafiq layihə işlənmişdir. Fəaliyyət Planında islahatların məqsədi və strateji istiqamətləri, seçilmiş prioritetlər, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramları, icraya məsul və tərəfdaş qurumlar, aralıq və yekun hədəflər, həmçinin icra dövrü dəqiq şəkildə müəyyən edilmişdir.
Ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən, təhsil islahatlarının daha sistemli aparılması fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyan Dövlət Strategiyası bizə təhsildə indiyədək mövcud olan vəziyyəti qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verir. Bu sənəd cəmiyyətin bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən təhsilalanadək, valideyndən təhsili idarə edənədək, infrastrukturdan maliyyə mexanizminədək əhatə edir.
Sənədə uyğun olaraq Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflərdəndir.
Düşünürəm ki, strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd, həmçinin təhsilin infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcəkdir.
Bu sənəddə biz biliklər cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçə bilən bitkin fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilirik. Burada əsas ehtiva olunan dəyər odur ki, təhsil Azərbaycanın strateji platformasıdır. Bu baxımdan Dövlət Strategiyasının icrası istiqamətində Təhsil Nazirliyi faydalı əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətinə xüsusi önəm verir. Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması prosesində qüvvələr birləşdirilməli və problemlərin həlli yolları birgə araşdırılmalıdır.
Dövlət Strategiyasının qəbulundan sonra Təhsil Nazirliyi tərəfindən təhsilin bütün pillə və səviyyələrini əhatə edən sistemli tədbirlər həyata keçirilib. Dövlət Strategiyasında nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və ümumi təhsil sistemində aktual problemlərin həlli məqsədilə ümumi təhsil məktəblərində həyata keçiriləcək islahatların ən vacib prioritetləri elan olunub. Burada əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə qaldırılmasından ibarətdir.
Strategiyada müəllim amilinə xüsusi yanaşma
var. Ümumiyyətlə, təhsildə əsas meyar müəllimlə
bağlı olmalıdır. Aydındır ki, nə
qədər yüksək səviyyəli infrastruktur, tədris
vəsaiti, maliyyə imkanları olsa belə, keyfiyyətli
müəllim olmadan təhsili inkişaf etdirmək
mümkün deyil. Təhsilalanın
savadlı və səriştəli şəxs kimi
formalaşması, əsasən müəllimin akademik
bacarıqlarından, tədris təcrübəsindən və
peşəkarlıq səviyyəsindən asılıdır.
Bilik və bacarıqlarını davamlı artıran
müəllimlər təhsilalanların nailiyyətlərinə
əlavə töhfələr verir. Yeri gəlmişkən,
qeyd edək ki, təhsil islahatı uğurla aparılan ölkələrdə
müəllim peşəkarlığının
inkişafı üçün stimulların
yaradılmasına və müəllim
hazırlığının təkmilləşdirilməsinə
xüsusi diqqət yetirilir.
Müvafiq stimullaşdırıcı mexanizmlər və
səmərəli monitorinq sistemi vasitəsilə müəllim
fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Yüksək
nüfuzlu təhsilverənin formalaşdırılması
istiqaməti üzrə həyata keçiriləcək tədbirlər
sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin
daim yüksəlməsini təmin edən yeni sistemin
yaradılması daxildir. Bu baxımdan təhsilverənlərin
əlavə təhsili üzrə strukturların
yaradılmasının stimullaşdırılması, pedaqoji
heyət üçün yeni modul-kredit və rəqabətəsaslı
təlimlər sisteminin yaradılması və digər məqamlar
da nəzərdən qaçırılmamalıdır.
Bu istiqamətdə, həmçinin müəllim
peşəsinin nüfuzunun artırılması üzrə
dövlət siyasətinin inkişafına (səriştə
və nəticə əsaslı
diferensiallaşdırılmış, əmək bazasında
rəqabətqabiliyyətli əməkhaqqı sisteminin
yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə yeni sistemin
yaradılması və s.) dair bir sıra mühüm işlərin
görülməsi də nəzərdə tutulmuşdur.
Ötən dərs ilində ilk dəfə olaraq Bakı
şəhərinin ümumi təhsil məktəblərində
çalışan müəllimlərin sınaq qiymətləndirilməsi
həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə
uyğun olaraq növbəti ildən müəllimlərin əməkhaqlarında
dəyişiklik olması nəzərdə tutulur.
Sınaq qiymətləndirilməsi pedaqoji işçiləri
təhsilalanlarla iş üslubunda metodik və kommunikativ
yanaşmaları təkmilləşdirməyə sövq edir. Odur
ki, növbəti mərhələdə müəllimlərin
sınaq qiymətləndirilməsinin bütün ölkə ərazisində
tətbiq olunmasını düşünürük.
Həmçinin müəllimlərin dərs
yükünün optimallaşdırılması istiqamətində
də islahatlar həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində,
gimnaziya və liseylərdə, peşə məktəbləri
və peşə liseylərində, idman və incəsənət
məktəblərində müəllimlərin, məktəbdənkənar
təhsil müəssisələrində dərnək rəhbərlərinin
həftəlik dərs yükünün maksimal yuxarı həddi
24 saatdan 36 saata qaldırılmışdır.
Müəllimlərin peşəkar inkişafına xidmət
edən tədbirlər genişmiqyaslı xarakter
daşıyır və eyni zamanda, müəllim
hazırlığı sahəsini də əhatə edir. Müəllimlərin
hazırlığı ilə bağlı dəyişikliklər
nəticəsində kolleclərdə müəllim
hazırlığı planı köklü şəkildə
azaldılıb, bu sahədə əsas üstünlük bir
neçə isxtisaslaşmış ali məktəblərə
verilib. Burada məqsəd müəllim
hazırlığında diqqəti kəmiyyətə deyil,
keyfiyyətə yönəltməkdir.
2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına
qəbul olunmuş tələbələr üçün
xüsusi stimullaşdırma tədbiri həyata
keçirilmişdir. Belə ki, müəllimlik
ixtisasını öz arzusu ilə seçən və
yüksək balla qəbul olunan gənclərə xüsusi
imtiyazlar tətbiq edilmişdir. İlk dəfə olaraq
ali məktəblərə qəbul imtahanlarında 500-dən
çox bal toplayan, birinci sırada müəllimlik
ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər
tələbə üçün hər ay 100 manat həcmində
əlavə "Gələcəyin müəllimi təqaüdü"
təsis edilmişdir.
Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü
təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət
kimi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə
göstərir ki, təhsilin məzmunu ilə bağlı
başlıca meyillərdən biri kurikulumların ölkənin
sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri
ilə sıx əlaqələndirilməsindən ibarətdir.
Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə
nəticəsində praktik bilik və vərdişlərlə
zənginləşməyən, sırf nəzəri xarakter
daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan
təhsilin məzmununun formalaşmasında akademik biliklərlə
yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyi önə çəkilir. Çünki
səriştəyə əsaslanan təhsil sosial-iqtisadi
inkişafa daha səmərəli xidmət göstərir.
Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi
yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir. Bu isə
müxtəlif təhsil pillələrində spesifik
yanaşma tələb edir. Məsələn, ümumi təhsil
pilləsində şəxsiyyətin hərtərəfli
formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının
cari və gələcək tələbləri əsas
götürülür. Kurikulumlara əsaslanan
yeni və alternativ dərsliklərin yaradılması,
şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunması bu sahədə görüləcək
mühüm işlərdəndir. Bunlarla bərabər,
istedadlı uşaqlar üçün xüsusi inkişaf
proqramlarının, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün inkişaf və inklüziv təlim
proqramlarının hazırlanması da olduqca vaciddir.
Bütün bunlar bizə o imkanları verməlidir ki, təhsilalan,
ilk növbədə, öyrənməyi öyrənsin, yiyələndiyi
biliyi bacarıq və vərdişə çevirə bilsin. Məktəb
isə müəllim mərkəzli deyil, şagird-öyrənən
mərkəzli olsun.
Dərslik yaradıcılığı və nəşri
sahəsində gedən prosesləri, dərsliklərin tədrisi
zamanı ortaya çıxan problemləri və onların həlli
yollarını müəyyənləşdirmək məqsədilə
həyata keçirilən məqsədyönlü tədbirlər
müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin
hazırlanması üzrə tender bir il əvvəl
elan edilir.
Bu il ilk dəfə
olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik
çap olunub. Bəzi siniflər
üçün tam yeni, qalanları üçün təkrar
və təkmilləşdirilmiş nəşr olan bu kitablar
artıq bütün məktəblərə
çatdırılıb.
Növbəti
dərs ili üzrə VIII sinif dərsliklərinin
hazırlanması ilə əlaqədar tender bu il elan edilib. Tender proseduru üzrə təqdim edilən dərslik
maketləri noyabr-dekabr aylarında qiymətləndiriləcək.
Qalib elan olunan dərsliklər məhdud sayda çap edilərək
2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə
sınaqdan keçiriləcək. İrad və
təkliflər nəzərə alınaraq çap ediləcək,
dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə
paylanacaq.
Növbəti
tədris ili üzrə, həmçinin
IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək
çap ediləcək, ümumtəhsil məktəblərinin
IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin
hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs
ilində istifadə olunacaq.
Dərslik
müəlliflərinin hüquqlarının qorunması və
müasir tələblərə cavab verən dərsliklərin
hazırlanması üçün onların
yaradıcılığa həvəsləndirilməsi, eyni
zamanda, dərslik yazılması fəaliyyətinin təşviqini
təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən
dərsliklərin əlavə nəşrindən daxil olan vəsaitin
50 faizinin dərslik müəlliflərinə ödənilməsi
qərara alınmışdır. Müvafiq gəlirin
digər hissəsinin isə dərsliklərin
yazılmasının stimullaşdırılması, bu sahədə
mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi
və tətbiqi üçün sərf olunması nəzərdə
tutulmuşdur.
Təhsil Nazirliyi tərəfindən təhsilalanları
təhsil prosesində fəallaşdırmaq, onların
İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri
elektron formatda oxumasına imkan yaratmaq məqsədilə
elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə
verilmişdir.
Hazırda VI sinif üzrə 10 dərslik elektron
formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib.
Bu ilin sonuna qədər VII sinif üzrə 10,
II və III siniflər üzrə 5 dərslik də elektron
formatda istifadəçilərə təqdim olunacaqdır.
Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində
mobilliyi artıracaqdır. Məktəblilər
istənilən vaxt və məkanda dərsliklərə
müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya
planşetlərdə yükləməklə dərslikləri
elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən
səhifəsində müvafiq lazımi elektron qeydlər
aparmaq imkanı qazanacaqlar. Elektron dərsliklər
əyani vəsaitlərin - qrafika, animasiya, interaktiv fəaliyyət
və digər multimedia xüsusiyyətlərinin, rahat istifadə,
axtarış sisteminin mövcudluğu və digər
üstünlükləri ilə ənənəvi dərsliklərdən
fərqlənir.
Son illər ərzində ölkədə təhsilin
inkişafı istiqamətində mühüm addımlar
atılmış, təhsilin normativ-hüquqi, maddi-texniki
bazası daha da təkmilləşdirilmiş və möhkəmləndirilmişdir. Bu baxımdan
həyata keçirilmiş infrastruktur layihələrini
xüsusilə qeyd etmək istərdim. Son
11 ildə 3000-ə yaxın məktəb binası tikilmiş
və əsaslı təmir olunmuşdur.
Ötən
tədris ilində respublika üzrə 240, o cümlədən
Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində
370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə
cavab verən avadanlıqlarla təmin olunmuşdur. Bu iş
dövlət büdcəsindən ayrılmış
müvafiq vəsait hesabına Təhsil Nazirliyinin sifarişi
ilə həyata keçirilmişdir.
Təhsil
Nazirliyinin təşəbbüsü ilə təhsilalanların
sağlamlığı baxımından müstəsna əhəmiyyət
daşıyan "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində ölkəmizin 6
ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq
"Sağlam təhsil sinfi" fəaliyyət göstərməyə
başlamışdır.
Təhsil müəssisələrində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli
dərəcədə genişlənmişdir. Şagird-kompüter
nisbəti və təhsil müəssisələrinin internet
bağlantısı üzrə göstəricilər xeyli
yüksəlmişdir. Sözsüz ki, təhsil
müəssisələrində internetə
çıxış imkanları daha da genişləndirilməli,
təhsildə informasiya-kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi inkişaf etdirilməlidir. Eyni
zamanda, müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan
təhsil infrastrukturunun, o cümlədən elektron məktəb
və elektron təhsil şəbəkəsinin genişləndirilməsi
məsələlərinə də diqqət
artırılmalıdır.
Yeni tədris ilində Bakı və digər şəhər
və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin
fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil
Şəbəkəsinə və internetə
çıxışının təmin edilməsi nəzərdə
tutulur. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin
ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə
və internetə çıxışı təmin olunacaq.
Bu ildən elektron təhsil texnologiyalarının tətbiqinin
genişləndirilməsinə başlanılacaq. Belə ki, "Labdisc"
laboratoriya avadanlıqlarının milli tədris sistemində
tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim
resurslarının, təhsil müəssisələrində
istifadə üçün müxtəlif fənlər
üzrə elektron dərsliklərin yaradılması və
"Bulud" sistemi üzərindən yayılması, habelə
müxtəlif fənlər üçün elektron
resursların hazırlanması da vacib məsələlərdəndir.
"Elektron məktəb" layihəsi çərçivəsində,
ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə
edir. Cari ildə bunlardan 11-i kağız jurnal əvəzinə
tam olaraq elektron jurnaldan istifadəyə keçəcək.
Bununla da yalnız elektron jurnallardan istifadə edən
məktəblərin sayı 31 olacaq.
Bir sıra sahələrdə, o cümlədən ilk
peşə-ixtisas təhsili müəssisələrində
son 25 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla
təchizat məsələləri həll olunmuşdur. Belə ki, ilk peşə-ixtisas
təhsili müəssisələrinə 11 təlim avtomobili,
30 adda 37 ədəd müasir kənd təsərrüfatı
texnikası, əyani və texniki təlim vasitələri
verilmişdir.
Peşə
təhsilinin inkişafının əsas prioritet olduğu nəzərə
alınaraq, bu il ilk-peşə ixtisas təhsili
müəssisələrinə qəbul planı əmək
bazarının tələbləri araşdırılaraq tərtib
edilmişdir.
İlk peşə-ixtisas təhsili sahəsində əsas
yeniliklərdən biri də yerli və beynəlxalq təşkilatların
dəstəyi ilə ilk dəfə olaraq peşə təhsili
müəssisələrinə rəhbər kadrların
hazırlanması üzrə xüsusi kursların təşkilidir. Həmin
kursların təşkilində əsas məqsəd peşə
təhsili müəssisələri üçün idarəetmə
sahəsində müasir tendensiyalar haqqında bilik və
bacarıqlara sahib olan gələcək menecerlərin
hazırlanmasıdır. İlkin mərhələdə
təlimlərin Bakı şəhərində fəaliyyət
göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini
əhatə etməsi nəzərdə tutulmuşdur.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində müvafiq işlərə
və dövlət-biznes partnyorluğuna əsaslanan layihələr
uğurla icra olunur. Təhsil Nazirliyinin həyata keçirdiyi
"Müasir Azərbaycan peşəkarları" layihəsi
partnyorlarla faydalı işbirliyi şəklində davam
etdirilir. Layihə peşə təhsili
sisteminin əhatə dairəsinin genişləndirilməsinə
və kadr hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsinə xidmət edir. Ümumilikdə,
bu sahənin inkişafı Təhsil Nazirliyinin əsas
prioritetləri sırasındadır.
"Ümumi
təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin yerdəyişməsi və
işə qəbulu Qaydaları"na
müvafiq olaraq hazırda işləyən müəllimlərin
bir rayondan (şəhərdən) digər rayona (şəhərə)
yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən
mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə
həyata keçirilmişdir. İş yerini dəyişmək
üçün 1149 nəfər müəllim elektron ərizə
vermiş, yekun nəticəyə əsasən 96 nəfər
iş yerini dəyişmək hüququ qazanmışdır.
2014-2015-ci
tədris ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin
işə qəbulu üzrə müsabiqənin nəticələrinə
əsasən, ümumilikdə 1692 nəfər işə qəbul
olunmuşdur ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə
tədbirləri tətbiq edilmişdir. Vakansiyaların
tutulma səviyyəsi ötən dərs ilinə nisbətən
40 faiz artmışdır.
Təhsil
Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər
Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas təhsili
müəssisələrini bitirmiş və ümumi təhsil
müəssisələrində işə başlamış
gənc mütəxəssislər üçün əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin
müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67
nömrəli qərarında dəyişikliklər
edilmişdir.
Qərara
əsasən, dövlət sifarişi üzrə ümumi təhsil
müəssisələrində əmək fəaliyyətinə
başlayan və 3 il müddətində həmin təhsil
müəssisəsində fəaliyyətini davam etdirən gənc
mütəxəssislərə kommunal xidmətləri və
yaşayış yerinin kirayə haqqını ödəmək
üçün 60 manat məbləğində kompensasiya
veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən
artıq məsafədə yerləşən ümumi təhsil
müəssisələrində əmək fəaliyyətinə
başlayan gənc mütəxəssislərə 3 il müddətində
aylıq əmək haqqına ayda 100 manat məbləğində
əlavə ödəniləcəkdir. Qeyd etmək
lazımdır ki, dəyişikliklərdən əvvəl həmin
vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil
edirdi. Beləliklə, rayon mərkəzindən
20 kilometrdən artıq məsafədə yerləşən
ümumi təhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan gənc mütəxəssislərə
veriləcək kompensasiya və əlavənin ümumi
miqdarı 160 manat olacaq.
Məlumat üçün bildirək ki, hazırda yeni
işə başlayan müəllimin bir stavka (12 saat) dərs
yükü üçün aylıq əmək haqqı 155
manat təşkil edir. Kompensasiya və
stimullaşdırıcı tədbirlər də əlavə
edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq
olaraq artacaq.
Kənd
rayonlarında əmək fəaliyyətinə başlamaq
üçün konkret iş yerlərinə göndəriş
almış gənc mütəxəssislərə, həmçinin
yol xərci, əmlakın daşınması
üçün nəqliyyat xərci və ilkin
yaşayış şəraitinin yaradılması məqsədi
ilə əməkhaqqının iki misli həcmində birdəfəlik
yardım da ödəniləcəkdir.
Qərarda
əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir
ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər
kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən
gənc mütəxəssislərə daha 2 il
müddətinə kompensasiya və əməkhaqqına əlavə
ödəniləcək. Müddətin
uzadılması gənc mütəxəssislərin işlədikləri
kənddə məskunlaşmasının təmin
olunmasına xidmət edir. Aparılan təhlillər
göstərir ki, gənc mütəxəssislərin bir hissəsi
3 illik müddət ərzində məskunlaşma imkanları
yarada bilmədiklərinə görə müddət bitdikdən
sonra iş yerlərini tərk edirlər.
Təhsil nazirinin əmri ilə "Müəllimlərin
etik davranış qaydaları" təsdiq edilmişdir. Qaydalara əsasən,
ilk dəfə olaraq bu tədris ilində yeni işə qəbul
olunanlar "Müəllim andı" içərək fəaliyyətə
başlamışlar.
"Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil
müəssisələrində nəticəyönlü və
şəffaf idarəetmə modelinin yaradılması, strateji
idarəetmənin tətbiqi, təhsil müəssisələrinə
idarəetmə, akademik, maliyyə və təşkilati
muxtariyyət verilməsi kimi hədəflər müəyyənləşdirilmişdir. Həmin hədəflərə
nail olunması istiqamətində ilk dəfə olaraq məktəb
direktorları və gələcəkdə bu vəzifədə
çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq
səviyyəsinin artırılması üzrə yeni
mexanizmin tətbiqinə başlanılmışdır. 547 nəfər pedaqoji kadr müsabiqədə
iştirak etmək üçün müraciət etmiş, 3
mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər
seçilib və təlimlərə cəlb olunmuşdur.
Təlimlərin məqsədi peşəkar
kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb
rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə
təyin edilməsidir. Təlimlərdə uğur
qazanmış şəxslərdən 15 nəfəri Bakı
şəhərinin ümumi təhsil məktəblərində
vakant direktor vəzifəsinə təyin edilmişdir. Yeni mexanizm daha da təkmilləşdirilərək
geniş səviyyədə tətbiq olunacaq.
Təhsil
Nazirliyi bir sıra digər müvafiq qurumlarla əməkdaşlıq
çərçivəsində Bakı şəhərinin
ümumi təhsil məktəblərində
çalışan direktorlar və gələcəkdə bu vəzifədə
çalışmaq arzusunda olan direktor müavinləri
üçün növbəti təlimlərə start verib.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq
regional kolleclərin yaradılması işinə
başlanılmışdır. Nazirlər Kabinetinin
müvafiq qərarları ilə Masallı Dövlət
Regional Kolleci və İsmayıllı Dövlət Humanitar və
Texnologiya Kolleci yaradılmışdır.
Ali təhsilin beynəlxalq təcrübəyə
uyğun təkmilləşdirilməsi, yeni maliyyələşdirmə
mexanizminin tətbiqi sahəsində islahatlar davam etdirilmiş,
bu təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsinə dəstək
verən və rəqabətqabiliyyətli mütəxəssis
hazırlığını təmin edən məzmunun
yaradılması istiqamətində işlərə
başlanılmışdır.
Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlamışdır. Ölkənin ali məktəblərindən müvafiq ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbə təhsilini yeni qruplarda davam etdirir.
2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanmışdır. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.
Bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir.
Bu günədək xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 3184 nəfər xaricdə təhsil almaq üçün göndərilmişdir. Bu il seçim prosesində daha çox üstünlük bakalavrdan sonrakı təhsil səviyyələrinə verilmiş və proqramın təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilmişdir. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilmişdir. Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına öz töhfələrini verəcəklər.
Ölkəmizdə təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən, üzərimizə düşən vəzifələri necə yerinə yetirəcəyimizdən birbaşa asılıdır. Əminəm ki, Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.
Mikayıl
CABBAROV,
təhsil naziri
Azərbaycan.-2014.- 24 oktyabr.- S.4.