Bərəkətli
diyar, abad Cəlilabad
Ələt-Astara magistral şosesi ilə Cəlilabad
rayonu ərazisinə daxil olarkən ilk olaraq
qarşılaşdığın bu qədim diyarın
adını, şimal istiqamətindən
başlanğıcını bildirən göstərici olur. Yüksəliş,
sürət və inkişafı özündə əks etdirən
göstərici eyni zamanda daş abidə təsirini
bağışlayır. O sanki əzəmət,
vüqar simvoluna çevrilərək bütünlükdə
Cəlilabadı özündə cəmləşdirir, ehtiva
edir.
İrəlilədikcə qərb tərəfdən
İran İslam Respublikası ilə sərhəddə bir
hissəsi çılpaq, bir hissəsi meşə
örtüklü dağlar görünür. Şose yolunun
hər iki tərəfində isə ucsuz-bucaqsız əkin
sahələri uzanıb gedir. Taxıl,
kartof sahələri şumlanmış, üzümü dərilən
tənəklərin əlçim yarpaqları payızın gəlişini,
havaların soyumasını bildirən qırmızı,
sarımtıl rəngə boyanmışdır. Çiyələk sahələrində məhsul
nisbətən azalsa da, bitkilər yenə
yamyaşıldır, yığım davam edir. Torpaq mülkiyyətçilərinin bəziləri
yetişdirdikləri kartof, üzüm, soğan,
qarğıdalı, balqabaq, kələm, noxud, lobya və digər
kənd təsərrüfatı məhsullarını yolun kənarına
çıxarıblar. Az-az adam
tapılar ki, maşını saxlamadan buradan ötüb
keçsin, bərəkətli Cəlilabad
torpağının yetişdirdiyi bu nemətlərdən
almasın.
Keçmişə
qısa nəzər
Bunları gördükcə Cəlilabad haqqında
eşitdiklərin, oxuduqların bir daha yada düşür. İkinci
Dünya müharibəsi zamanında burada yetişdirilən
taxıl respublika əhalisinin, xüsusilə qonşu
rayonların sakinlərinin çörəyə olan
ehtiyacının ödənilməsində mühüm rol
oynayıb, onları aclığın, səfalətin pəncəsindən
xilas edib. Müharibə qurtarandan sonra
taxılçılıq daha sürətlə inkişaf
etdirilib, yüksək məhsul əldə edilib. Buna
görə də rayonun şan-şöhrəti artıb, əmək
qabaqcılları keçmiş SSRİ-nin ən yüksək
mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı
adına, orden və medallarına layiq görülüblər,
Cəlilabadı "Azərbaycanın Ukraynası"
adlandırıblar.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan
KP MK-nın birinci katibi seçildikdən sonra rayon daha sürətlə
inkişaf etməyə başlayıb. Torpaq, iqlim
şəraiti, ehtiyat işçi qüvvəsi nəzərə
alınaraq üzümçülüyün inkişafı
üçün dövlət tərəfindən tədbirlər
görülüb, üzüm bağları salınıb,
şərab emalı zavodları tikilib. Qısa
zaman ərzində böyük uğurlar əldə olunub.
Cəlilabadın şəninə şairlər
şeirlər qoşub, bəstəkarlar mahnılar bəstələyiblər.
Bu torpağın yetirməsi, respublikanın xalq
artisti Teymur Mustafayevin ifa etdiyi "Cəlilabadım"
mahnısı məclisləri bəzəyib, dildə-ağızda
gəzib. Bu inkişaf ümummilli lider Heydər
Əliyevin adı ilə bağlı idi. Dövlət rəhbəri
tez-tez rayona gələr, kənd zəhmətkeşləri ilə
bilavasitə iş üstündə görüşüb
maraqlı, səmimi söhbətlər aparar, məsləhət
və göstərişlərini verər, yeri gələndə
onlarla duzlu zarafatlar da edərmiş. Bütün
bunlar o günlərin canlı şahidi olan yaşlı nəslin
yaddaşında ən şirin xatirə kimi bu gün də
yaşayır.
Həmin
görüşlərin birində, daha dəqiq desək,
1981-ci il sentyabrın 11-də ulu öndər
rayona növbəti səfəri zamanı zəhmətkeşlərlə
görüşündə belə demişdir: "Bilirsiniz, mən
Cəlilabada gələndə Ermənistan KP MK-nın birinci
katibi Karen Dəmirçiyan mənə zəng vurub dedi:
"Heydər Əliyeviç, mən Azərbaycanı
sosializm yarışına dəvət edirəm. Ermənistan bu yarışda 250 min ton üzüm
yığıb təhvil verməyi öhdəsinə
götürüb. Əgər Azərbaycan
bu qədər üzüm yığıb təhvil verə
bilərsə, bizimlə yarışa bilərsə, gəlin
yarışaq." Siz bilirsiniz, mən ona
nə cavab verdim? Mən gülə-gülə ona dedim:
"Karen, sosializm yarışına girmək çox
yaxşı ideyadır, mən bunu alqışlayıram. Amma sən Azərbaycanla yarışa girməzdən
əvvəl bizdə Cəlilabad rayonu var, gəl həmin
rayonla yarışa gir. Sən deyirsən ki, Ermənistan
250 min ton üzüm yığmağı öhdəlik
götürüb, amma təkcə Cəlilabad rayonu bu il 300
min ton üzüm yığıb dövlətə təhvil
verəcək".
Həmin dövrdə rayonda quruculuq sahəsində də
misilsiz işlər görülüb. Yeni-yeni istehsal müəssisələri
yaradılıb, yaşayış evləri, ictimai binalar, məktəblər,
digər sosialyönümlü obyektlər istifadəyə
verilib, küçələr abadlaşdırılıb, əhali
üçün istirahət yerləri yaradılıb. Onların bəzisi bu gün də qalır. Yaxşı təşkilatçı, təşəbbüskar
rayon rəhbəri olan rəhmətlik İbrahim Qurbanovun fəaliyyəti
cəlilabadlılar tərəfindən həmişə
ehtiramla anılır.
Yaman
günün ömrü az oldu
M.Qorbaçov SSRİ rəhbəri seçilən kimi
"yenidənqurma" oyununu ortaya atdı. Bu məkrli
siyasətin adı altında dövlətin ən
bacarıqlı, işgüzar rəhbərlərini, o cümlədən
Heydər Əliyevi müxtəlif bəhanələrlə vəzifədən
uzaqlaşdırdı. Bundan sonra öz
çirkin niyyətlərini həyata keçirməyə
başladı. Özünü rusların
gələcəyini, sağlamlığını
düşünən kimi göstərərək alkoqolizmlə
mübarizə adı altında dağıdıcı qərar
qəbul etdi. Nəticədə
bütün üzümlüklər, o cümlədən Cəlilabad
rayonunda olan üzüm sahələri, şərab
zavodları yerlə-yeksan edildi. Millətinin xarakterini,
psixologiyasını bilməyən bu adam
anlamırdı ki, alkoqola meyil göstərənlər onu
hansı yolla da olursa-olsun əldə edəcəklər.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə
Azərbaycanda bəzi separatçı qüvvələr
baş qaldırdılar. 90-cı illərin əvvəllərində
cərəyan edən hadisələr Cəlilabaddan da yan
keçmədi. Onilliklər boyu tikilən,
qurulan nə vardısa, insafsızcasına
dağıdıldı, viran edildi. Yaranan
başıpozuqluqdan, hərc-mərclikdən, hakimiyyətsizlikdən
istifadə edən bəzi daxili və xarici qüvvələr
ölkəni parçalamaq, məhv etmək üçün əhalini
itaətsizliyə, cinayətkarlığa sürükləyirdilər.
Sərhədlərin açılmasından
istifadə edən bəzi adamlar kolxoz və sovxozların
mal-qarasını, texnikasını Arazın o tayına
aparıb dəyər-dəyməzə satır və ya digər
lazımsız əşyalarla dəyişirdilər. Hakimiyyətə gələn AXC-Müsavat
cütlüyü dünəndən nə
qalmışdısa hamısına düşmən münasibəti
bəsləyirdi. Dövlət
strukturlarında çalışan adamları vəzifədən
qovmaq, təhqir etmək adi hal almışdı.
"Yaman günün ömrü az olar" deyiblər. Yaxşını-pisdən,
ağı-qaradan yaxşı seçən, dövlətə,
dövlətçiliyə sadiq olan xalqımız o zaman
ölkə üçün yaranan təhlükəni görərək
yeganə çıxış yolunu həyatın
bütün sınaqlarından mətanətlə
çıxan, milləti, ölkəsi üçün
canından keçməyə hazır olan Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtmasında
görürdülər. Ulu öndərin gəlişi
ilə qaynar qazanı xatırladan Azərbaycanda sabitlik
yarandı, cəbhədə atəşkəs əldə
edildi, neft müqaviləsi imzalandı, islahatlar həyata
keçirildi, torpaqlar kəndlilərə verildi, ölkə
azad investisiya məkanına çevrildi. Tədricən
hər şey öz məcrasına düşdü,
iqtisadiyyat inkişaf etməyə başladı.
Ümummilli liderin siyasi kursunu çox böyük uğurla
davam etdirən Prezident İlham Əliyev hakimiyyətə gəldikdən
sonra, 2004-cü il fevral ayının 11-də
regionların sosial-iqtisadi inkişafına dair 1-ci Dövlət
Proqramını imzaladı. Bu siyasi-iqtisadi sənəd
mahiyyət etibarilə regionların tarixində
dönüş nöqtəsi oldu.
Yeni
yüksəliş dövrü
El
arasında belə bir söz var: "Su gələn arxa bir də
gələr". Azərbaycanın hər yerində,
o cümlədən Cəlilabadda bu gün böyük
quruculuq işləri həyata keçirilir. RİH-in başçısı Əziz Əzizov
Prezidentin verdiyi tapşırıq və göstərişləri
gündəlik fəaliyyətində başlıca istiqamət
kimi götürür. Cəlilabadın
keçmiş şöhrətinin özünə
qaytarılması, onun abad bir diyara çevrilməsi,
insanların daha yaxşı və firavan yaşaması
üçün əlindən gələni əsirgəmir,
rayon ağsaqqalları, ziyalıları ilə mütəmadi
görüşlər keçirir, onların fikrini öyrənir.
Bəzi məsələlərin, tikinti işlərinin
həllində Bakıdan rayona mütəxəssislər dəvət
edir. Beləcə, Cəlilabadın
inkişafı daha da sürətlənir. Bir-birinin
ardınca binalar tikilir, köhnələri əsaslı təmir
edilir, parklar, xiyabanlar salınır, küçələr
asfaltlaşdırılır, yollar çəkilir, elektrik enerjisi
və təbii qaz təchizatında olan problemlər operativ
aradan qaldırılır. Bütün
bunlar ilk növbədə ölkə
başçısının rayona göstərdiyi diqqət və
qayğının nəticəsidir.
Qeyd etmək lazımdır ki, son 10 ildə rayonda 100-ə
yaxın müxtəlif təyinatlı obyekt tikilib təhvil
verilmişdir.
Ötən dövr ərzində Prezident 6 dəfə
Cəlilabada səfər etmiş, həmin tikintilərin
çoxunun açılışında, təməlqoyma mərasimində
iştirak etmişdir. Dünya standartlarına cavab verən
1100 şagirdlik 4 mərtəbəli 7 saylı şəhər
tam orta məktəbin yeni binası, Heydər Əliyev seyrəngahı,
Heydər Əliyev Mərkəzi, xalçaçılıq,
tikiş, nişasta və çörək sexləri,
Tarix-diyarşünaslıq muzeyi, Şahmat məktəbi, yenidən
qurulan avtovağzal binası, Qarazəncir kəndində
inşa edilən şərab zavodu, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün tikilən 4 mərtəbəli
yaşayış binası, Olimpiya İdman Kompleksi, Müalicə
Diaqnostika Mərkəzi bu sıradandır. 2013-cü il
sentyabırın 4-də Cəlilabada növbəti səfəri
çərçivəsində Prezident Qarazəncir-Qarakazımlı-Bayxanlı
avtomobil yolunun, 120 yerlik müasir tipli körpələr
evi-uşaq bağçasının, eləcə də mərkəzi
xəstəxananın açılışını etdi,
burada aparılan abadlıq, quruculuq işləri ilə
tanış oldu. Xəstəxana kollektivi və rayon ictimaiyyəti
nümayəndələri qarşısında
çıxış edən İlham Əliyev dedi: "Mən
sizi ürəkdən təbrik edirəm. Cəlilabad
Rayon Mərkəzi Xəstəxanasının
açılışı çox gözəl hadisədir,
böyük hadisədir. Bu xəstəxananın
qısa müddət ərzində tikilməsi də Azərbaycan
dövlətinin gücünü göstərir. Mən
xatırlayıram, keçən il Cəlilabadda
olarkən burada rayon mərkəzi xəstəxanasının
tikintisi ilə bağlı göstəriş verdim. Bu xəstəxana
bir il ərzində tikilib və ən
yüksək standartlara cavab verir. Dünyada hansı yüksək
standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında
da o standart vardır: həm keyfiyyət, həm memarlıq, həm
gözəllik, təmizlik. Eyni zamanda burada ən
müasir avadanlıq quraşdırılıbdır,
bütün şöbələr-cərrahiyyə, terapiya,
oftalmologiya, doğum şöbələri fəaliyyət
göstərir. Yəni bu xəstəxana
dünya səviyyəsində tikilmiş xəstəxanadır."
Cəlilabadda yaxın illərdə tikilən mərkəzi
xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, habelə
ayrı-ayrı qəsəbə və kəndlərdə
inşa olunan, əsaslı təmir edilən həkim,
feldşer-mama məntəqələri tibbi xidmətin səviyyəsini
yüksəltmişdir. Əvvəlki illərdən fərqli
olaraq əhali müayinə və müalicə olunmaq
üçün daha başqa yerlərə az-az gedir. Yaxın gələcəkdə isə belə hallar,
demək olar ki, olmayacaq. Çünki indi
bacarıqlı, istedadlı həkim mütəxəssislərimiz
yetişir. Onlar Azərbaycanın, habelə xarici ölkələrin
ali məktəblərində həkimlik peşəsinin
sirlərinə dərindən yiyələnib fəaliyyətə
başlayırlar. Son illər ölkədə
açıq ürək, qaraciyərin
köçürülməsi və digər mürəkkəb
əməliyyatların yerli mütəxəssislər tərəfindən
aparılması böyük nailiyyətdir. Bunlar deməyə əsas verir ki, yaxın gələcəkdə
səhiyyənin bütün sahələri üzrə belə
həkimlərimiz olacaq. Onlar nəinki
Bakıda, eyni zamanda ayrı-ayrı rayonlarımızda tikilən
və hər cür müasir tibbi avadanlıqlarla təchiz
edilən müalicə diaqnostika mərkəzlərində, xəstəxanalarda
çalışacaqlar. Bax budur dövlətin
prioritet istiqamətlərindən biri. Sağlam
adamın ideyası, məfkurəsi də təmiz olur, hər
bir məsələyə düzgün, obyektiv qiymət verməyi
bacarır, vətəndaşlıq borcunu dərindən
başa düşür, xalqı, ölkəsi
üçün yararlı bir insan olmağa
çalışır.
Hər bir sahənin inkişafı bacarıqlı, elmli
kadrlardan asılıdır. Bu günün
şagirdi sabahın tələbəsi, mütəxəssisidir.
Bunları dərindən bilən ulu öndər
"Təhsil millətin gələcəyidir" demişdir.
XII əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvi
isə bu fikri belə nəzmə çəkmişdir:
Qüvvət
elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Kompüter, kosmos, elektrotexnika əsrində elm, təhsil
birinci sırada dayanır. Elə buna görə
də ölkəmizdə neft kapitalını insan
kapitalına çevirmək istiqamətində əhəmiyyətli
tədbirlər görülür. Yeni məktəblərin
tikilməsi, köhnələrin əsaslı təmir
olunması, onların maddi-texniki bazasının gücləndirilməsi
sahəsində görülən işlər göz
qabağındadır. Belə böyük
layihənin həyata keçirilməsində dövlətlə
yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın da xidməti böyükdür.
Cəlilabadda
74 tam orta, 39 ümumi orta, 13 ibtidai məktəb var. Həmin məktəblərdə
27 min 500 şagird təhsil alır və onların təlim-tərbiyəsi
ilə 2 min 438 müəllim məşğul olur. Son 10 ildə Cəlilabadda 25 yeni məktəb
tikilmiş, 2 məktəb əsaslı təmir edilmişdir.
9 müəllim fəxri ada layiq
görülmüşdür. Bu il 317
məzun Azərbaycanın, habelə xarici ölkələrin
ali məktəblərinə qəbul olunmuşdur.
Hazırda 220 şagirdlik Məmmədrzalı və 180
şagirdlik Cəfərli kənd məktəblərində
son tamamlama işləri görülür. İncilli kəndində
180 şagirdlik məktəbdə isə tikinti işləri
davam edir. Bu günlərdə 360
şagirdlik Kövüzbulaq kənd məktəbinin tikintisinə
başlanılacaq.
Son 3 ildə Prezident Cəlilabadın sosial-iqtisadi
inkişafı ilə bağlı 9 sərəncam
imzalamışdır. Bu, Cəlilabada, onun əhalisinə göstərilən
diqqət və qayğının təzahürüdür.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər sərəncamlarda
ayrılmış vəsaitlər hesabına öz həllini
tapır. Aparılan tikinti-quruculuq,
abadlıq işləri nəticəsində rayon mərkəzinin,
Göytəpə şəhərinin, qəsəbə və
kəndlərin siması dəyişmiş, daha abad və
füsunkar olmuşdur.
Cəlilabadın elə dağ kəndləri var ki,
heç vaxt oraya rahat avtomobil yolu olmayıb. Əhali yayda
toz-torpaqlı, qışda palçıqlı olan bu yollarla
rayon mərkəzinə gəlib-getmək üçün
çətinlik çəkib. Doğrusu,
yolların haçansa asfaltlaşacağına, indiki şəklə
salınacağına da ümid bəsləməyiblər.
Söz düşəndə deyiblər ki, sovet
hökuməti vaxtında düzəlməyən bir məsələ
çətin nə vaxtsa düzələ.
Belə düşünənlər, təbii ki,
yanlışlığa yol veriblər. Son illər
avtomobil yolu infrastrukturu sahəsində görülən
işlərə nəzər salaq. Bakıda,
onun ətrafında nə qədər yollar çəkilib,
körpülər salınıb. Paytaxtdan
şimal, qərb istiqamətinə gedən yollar dünya
standartları səviyyəsində yenidən qurulub.
Ələt-Astara şose yolunun bir hissəsi istifadəyə
verilib, qalanında iş gedir. Ucqar dağ rayonları olan
Yardımlıya, Lerikə, Qubanın Xınalıq kəndinə,
habelə digər yaşayış məntəqələrinə
gedən yollar yenidən qurulub və 3-cü regional inkişaf
Dövlət Proqramı çərçivəsində bu
iş davam etdirilir. Son 3 ildə Cəlilabadın
sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan 9 sərəncamın
6-sı buradakı kənd yollarının yenidən
qurulması ilə əlaqədardır. Həmin sərəncamlara
əsasən rayonun 14 yaşayış məntəqəsini
birləşdirən Cəlilabad-Hamarqışlaq-Sadatlı,
33 min nəfər əhalinin yaşadığı 21 kəndi
birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı,
23 yaşayış məntəqəsini birləşdirən
Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, 23 min nəfər
əhalinin yaşadığı 6 kəndi birləşdirən
Alar-Təzəkənd-Üçtəpə,
Əliqasımlı-Cəfərxanlı (bu yol haqqında iki sərəncam
olub), ümumi uzunluğu 74 kilometr olan və 45 kəndi əhatə
edən Cəlilabad-Ləkin-Yardımlı avtomobil yolunun
çəkilməsi layihələşdirilmişdir. Bunlardan ikisində - Cəlilabad-Hamarmeşə-Sadatlı
və Qarazəncir-Qarakazımlı-Bayxanlı yolunda işlər
başa çatdırılmışdır. Ən uzun
avtomobil yolu olan Cəlilabad-Ləkin-Yardımlı yolunun 35
kilometri asfaltlanmış, 39 kilometrinə çınqıl
döşənərək bərkitmə işləri
aparılmış, suötürücü keçidlər
quraşdırılmışdır. Burada və
digər yollarda işlər davam edir.
Cəlilabad bu gün tikinti meydançasını
xatırladır. Rayonun ikinci şəhəri olan Göytəpədə
ulu öndərin adını daşıyacaq park
salınır. Burada xalqımızın
böyük oğlunun heykəli ucaldılacaq. Rayon mərkəzindəki məscid əsaslı təmir
olunur. Kənd təsərrüfatı məhsullarının
saxlanması üçün Muğan kəndində 2 min
tonluq soyuducu kamera tikilir. Daxili imkanlar hesabına Ələt-Astara
avtomobil yolunun Göytəpə şəhəri, Alar və
Qarazəncir kəndlərinin ərazisindən keçən
hissəsində uzunluğu 15 kilometr yolda ağ
layla üzlənən hasarlar çəkilir. Həmin
yaşayış məntəqələrində, habelə Cəlilabad
şəhərinin Heydər Əliyev prospektində yaşayan
vətəndaşlara məxsus 500-dən artıq həyətin
darvazası yaraşıqlı darvazalarla əvəz edilir.
Rayondakı Tibb Kollecinin binasında da əsaslı
təmir işlərinə yekun vurulmuşdur. Daxili
imkanlar hesabına rayon mərkəzində ərazisi 7 min
kvadratmetr olan Heydər Əliyev Mərkəzi, eyni zamanda Avropa
standartlarına uyğun hər biri 100 yerlik 3 uşaq
bağçası-körpələr evi inşa edilir.
Bunlarla
yanaşı, Cəlilabad və Göytəpə şəhərlərinin
yeni yaşayış massivlərində, Üçtəpə,
Cəfərxanlı, Maşlıq, Muğan,
Söyüdlü, Hasıllı, Seyidbazar,
Hacıismayıllı, Abdullu, Astanlı, Fərzili, Ocaqlı
və Sabirabad kəndlərində təbii qaz çəkilişi
aparılır. Cəlilabad şəhərində su və kanalizasiya
sisteminin yenidən qurulması da davam edir və hazırda 4
istiqamətdə iş gedir.
Cəlilabad
həm də idman rayonudur
Ölkənin hər yerində olduğu kimi, Cəlilabada
da idmanın inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir
ki, idman burada kütləvi hal almışdır. İndi rayonda idmanın ayrı-ayrı növləri
üzrə istedadlı gənclər, məşqçilər,
hakimlər çoxdur. Onlar Azərbaycanda, Avropada, habelə
dünya üzrə keçirilən yarışlarda,
olimpiadalarda və digər tədbirlərdə fəal
iştirak edir, doğulub boya-başa çatdıqları
el-obaya mükafatlarla qayıdırlar. Bu gün
Cəlilabadda 1100-dən çox gənc idmanla məşğul
olur. Onlardan 18 nəfəri boks, sərbəst güləş,
yunan-Roma güləşi, ağır atletika üzrə
respublika, 2 nəfər (İbrahim Nurullayev və Etiqad
Atakişiyev) dünya, 2 nəfər (Coşqun Ağazadə və
İbrahim Nurullayev) Avropa çempionlarıdır. Hazırda
rayonda idmanın müxtəlif növü üzrə 67 məşqçi,
6 respublika, 2 beynəlxalq və 1 olimpiya kateqoriyası üzrə
hakim, habelə 1 nəfər əməkdar idman ustası, 3 nəfər
idman ustası vardır. Mövcud olan 171 idman
qurğusu və 3 idman məktəbi, habelə 2012-ci ildə
istifadəyə verilən Olimpiya İdman Kompleksi idmanın
inkişafında, gənclərin asudə vaxtının səmərəli
təşkilində mühüm rol oynayır. Rayon mərkəzindəki yeni tikilən Şahmat məktəbinin
böyüməkdə olan yeniyetmələrin və gənc nəslin
zehni inkişafında əhəmiyyəti ölçüyəgəlməzdir.
Ataların
yolu oğulların yoludur
Doğru-dürüst düşüncəli,
boylu-buxunlu, pəhləvan cüssəli gənclər
yetişir indi.
Onların əksəriyyəti pis vərdişlərdən
uzaqdır, özlərinin, ailələrinin, vətənlərinin
gələcəyini düşünürlər. Milli-mənəvi, dini dəyərlərimizi ləyaqətlə
yaşadır, davam etdirirlər onlar. Cəlilabadlılar
ölkəmizdə, cəmiyyətimizdə gedən
ictimai-siyasi proseslərdə həmişə öndə
olmuşlar. İstər keçmişdə
olsun, istərsə də bu gün. Böyük Vətən
müharibəsi zamanı 6,3 min nəfər
müharibəyə getmiş, onlardan 3 mindən çoxu geri
qayıtmamışdır. 111 nəfər
Əfqanıstan müharibəsində, 113 nəfər isə
Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak etmişdir. Qarabağ uğrunda gedən döyüşlər
zamanı 550 nəfərdən çox cəlilabadlı gənc
torpaqlarımızın müdafiəsinə qalxmış,
onlardan 130-u şəhid, 59-u əlil olmuş, 39-u itkin
düşmüşdür. 1990-cı ilin
Qanlı Yanvar hadisələrində 10 cəlilabadlı
yaralanaraq sağlamlığını itirmişdir. Azərbaycanın
Milli Qəhrəmanları Səfa Axundov, Eldar Həsənov,
Vüqar Mürsəlov, Arif Qubadov və Faiq Cəfərov
doğulduqları yurda hörmət, şöhrət
qazandırmışlar. General-mayorlar Mustafa Nuriyev, Namiq
Bağırov və Fəxrəddin Manafov bu torpağın
yetirmələridir. Vaxtilə alın təri ilə
torpağı becərib bol məhsul götürən, ölkənin
iqtisadi qüdrətinin yüksəldilməsində
böyük zəhməti olan 22 cəlilabadlı Sosialist
Əməyi Qəhrəmanı adına
layiq görülmüşdür.
Göründüyü kimi, gənclərin kimdən nəyi
və necə öyrənməsi üçün burada
yaxşı məktəb mövcuddur. Bu məktəbin
müdavimləri arasında ölümləri ilə
ölümsüzlük qazanan şəhidlər də
vardır. Cəlilabad şəhərində doğulub
boya-başa çatan, orta təhsilini burada alan
Fərid Əhmədov və Əhməd Abdullayev belələrindəndir.
Onlar 4 il əvvəl
torpaqlarımızın keşiyində dayanarkən
düşmən gülləsinə tuş gələrək
şəhid oldular.
Yaxşı
işləmək yaxşı yaşamaq deməkdir
Cəlilabadın torpağı bərəkətli,
insanları zəhmətkeşdir. Deyirlər ki, o vaxtlar
rayonun rəhbərlərindən biri Cəlilabad
torpağının gübrəyə bərabər
olduğunu söyləyib. Düzdür,
sovet dövlətinin iflasından sonra, habelə müstəqilliyimizin
ilk illərində müəyyən çətinliklər
oldu. Bu da torpağı becərmək
üçün maliyyə çətinliyi idi. Sonrakı illərdə dövlətin kənd təsərrüfatı
məhsulları istehsalçılarına subsidiyaların,
güzəştli qaydada mineral gübrələrin verilməsi
haqdakı və digər qərarı kəndlilərin əlindən
tutdu, qamətini düzəltdi, sabaha inamını
artırdı. Elə o vaxtdan da aqrar sahədə
əsaslı dönüş yarandı. Torpağın
hər hektarından səmərəli istifadə etməklə
daha çox məhsul yetişdirmək üçün torpaq
mülkiyyətçisi, fermer çalışdı, təşəbbüs
göstərdi. Beləliklə, il-ildən
uğurlu gəldi. Məhsul bol olduqca kəndlinin
də kefi duruldu, yaşayışı
yaxşılaşdı. Ev tikdi,
maşın aldı, oğul evləndirdi, qız
köçürdü, uşaq oxutdu.
Üzümçülük sahəsində keçmiş şöhrəti geri qaytarmaq üçün ardıcıl tədbirlər həyata keçirildi. Fransadan müxtəlif növ üzüm sortları gətirildi. Qarazəncir kəndində şərab emalı zavodu inşa edildi. "Aqrolizinq" ASC-nin filialı üçün yeni binalar tikdilər. Burada kənd təsərrüfatı maşınlarının da sayı çoxaldı. Taxıl məhsulunun saxlanılması, emalı üçün xüsusi anbarlar, dəyirman tikildi. Faraş kartof yetişdirmək torpaq mülkiyyətçisinin başlıca gəlir mənbəyinə çevrildi. Son 3-4 ildə rayonda çiyələk yetişdirilməsi də genişləndi. Çoxillik bitki kimi o, gəlirli sahəyə çevrildi. "Cəlilabad Broyler" ASC yenidən qurulduqdan sonra fəaliyyətə başladı. Bütün bunlar yeni iş yerlərinin yaradılması üçün real imkanlar idi. Təkcə 2013-cü ildə 1136, 2014-cü ilin 9 ayında isə 700 yeni iş yeri açılmışdır.
Bu il rayon üzrə 134 min 124 ton taxıl, 7 min 250 ton üzüm, 67 min 700 ton kartof, 1228 ton tərəvəz, 368 ton bostan, 15 min ton ət, 90 min ton süd, 318 ton yun və 26 milyon ədəd yumurta istehsal edilmişdir ki, bu da əvvəlki illərdən xeyli çoxdur. Bununla da cəlilabadlılar ölkənin ərzaq təhlükəsizliyinin yaradılmasına öz töhfələrini verirlər.
Cəlilabadın kənd adamları gələn ilin bol məhsulunun əsasını qoyurlar. Sahələr şumlanır, üzümlüklərdə lazımi aqrotexniki tədbirlər görülür. Bu yaxınlarda Moskva merinin respublikamızda olması, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı haqqında imzaladığı sənədlər rayon əməkçilərini sevindirmişdir. Deməli, onların yetişdirdikləri məhsulun satışında heç bir problem olmayacaq.
Bax, belə, bu ruhda yaşayır Cəlilabad rayonunun əhalisi. İlin bu fəslində - payız çiçəklərinin hər tərəfi bəzədiyi bir vaxtda bu bərəkətli diyar daha füsunkardır.
Seyran CAVADOV,
Azərbaycan.-2014.- 24 oktyabr.- S.5.