Malayziya jurnalı Azərbaycanın
özəlliklərindən yazır
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında qarşılıqlı ticarətin təşviqi məqsədi ilə 2003-cü ildən Malayziyada fəaliyyət göstərən Beynəlxalq Biznes Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan “OIC TODAY” jurnalının növbəti buraxılışında Azərbaycan haqqında məqalə dərc olunub.
“Azərbaycana səfərin səbəbləri” adlı məqalədə əvvəlcə ölkəmizin iqlim şəraiti barədə məlumat verilərək, subtropik zona olan Lənkəran-Masallı bölgəsi və orada yetişdirilən meyvələrdən söhbət açılır. Xəzər dənizinin dünyada ən böyük göl olduğu və onun Azərbaycana aid hissəsində sahil boyu çoxlu sayda otel və əyləncə mərkəzlərinin fəaliyyət göstərdiyi bildirilir.
Azərbaycanın tarixi abidələri barədə məlumat verən müəllif Qobustan dövlət tarixi-bədii qoruğundan söhbət açır. Qoruğun insan sivilizasiyasının ilk məskənlərindən sayıldığı, burada təxminən 6 minə yaxın qayaüstü rəsmlərin mövcudluğu, Roma imperatoru Domisianın Qobustanda olmasını sübut edən yazıların olduğu qeyd edilir.
UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan İçərişəhər kompleksi, məşhur Qız qalası abidəsi, XIII-XVI əsrlərə aid Şirvanşahlar sarayı və kompleksin ərazisində mövcud olan qədim məscidlər, minarələr, karvansaralar, hamamlar barədə də məlumat verilir. Həmçinin nadir təbiət hadisəsi hesab olunan palçıq vulkanlarından geniş söhbət açılır.
Azərbaycan mətbəxi barədə məlumat verilərək, ət, balıq, toyuq və tərəvəzlərdən 50-dən çox müxtəlif çeşiddə xörəklərin hazırlandığı qeyd olunur.
Məqalədə Şəki barədə söhbət açılaraq, şəhərin 2500 illik tarixinin olduğu, XVIII əsrə aid Şəki Xan sarayının, karvansaranın, Alban arxitekturasına aid abidələrin olduğu bildirilir.
Azərbaycanın həm də “Odlar yurdu” adlandırıldığının qeyd olunduğu məqalədə Abşeron ərazisində Atəşgah kompleksinin və Yanardağın olduğu, məşhur yazıçı Aleksandr Dumanın 1858-ci ildə buranı ziyarət etdiyi diqqətə çatdırılır.
Son illər Azərbaycanda aparılan böyük quruculuq işlərinə diqqət çəkən müəllif Bakı bulvarı barədə məlumat verərək, buranın gözəl bir yer olduğunu vurğulayır. Ərazidə əyləncə guşələrinin fəaliyyət göstərdiyi qeyd edilir, xüsusilə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün inşa edilmiş “Baku Crystal Holl” barədə məlumat verilir. Dünyada ən hündür bayraq dirəyinin ucaldıldığı Bayraq Meydanının da yerləşdiyi Bakı bulvarının uzunluğunun 5,5 kilometrə çatdığı və hazırda burada inşaat işlərinin davam etdirildiyi qeyd olunur.
Müəllif, həmçinin Bakının yeni rəmzinə çevrilmiş “Alov qüllələri”, məşhur memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzi haqqında oxuculara ətraflı məlumat verir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur
Azərbaycan.-2014.- 24 oktyabr.- S.6.