Yeni sənayeləşmə dövründə Azərbaycan

 mühüm iqtisadi uğurlar əldə edəcək

 

2014-cü il "Sənaye ili"dir

 

Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

 

Prezident İlham ƏLİYEVİN "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili"  elan edilməsi haqqında" sərəncamından

 

Prezident İlham Əliyevin bu il yanvarın 10-da imzaladığı sərəncamla 2014-cü il Azərbaycan Respublikasında "Sənaye ili" elan edildi. Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlandı və təsdiq olundu. İl başa çatmasa da, ötən dövrün iqtisadi yekunları bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla icra olunmasından xəbər verir.

Öncə onu qeyd edək ki, bu ilin 9 ayında ölkəmizin inkişafı istiqamətində önəmli addımlar atılıb, dünyada hələ ağır maliyyə-iqtisadi böhranın mövcud olmasına baxmayaraq, Azərbaycanın iqtisadi yüksəlişi davam edib. Bunu ümumi daxili məhsulun 2,5 faizlik, o cümlədən qeyri-neft sektorunun 6 faizlik artımı təsdiq edir. Təbii ki, qazanılan bu iqtisadi nailiyyətlərdə sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də mühüm rol oynadığı danılmazdır. Nazirlər Kabientinin 2014-cü ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin dediyi "Bu il "Sənaye ili"dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır" sözləri də Azərbaycan sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərin real həyata vəsiqə aldığını təsdiq edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qırılan iqtisadi əlaqələr və vaxtilə hakimiyyətdə olmuş iqtidarların səbatsızlığı ucbatından sənayedə tənəzzül baş qaldırmış, ötən əsrin 70-80-ci illərində yaradılan potensial demək olar ki, məhv edilmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəlişindən sonra hər bir sahədə olduğu kimi, sənayedəki tənəzzülün qarşısının alınmasına, ölkədəki iqtisadi geriləməyə təsir edə bilən düşünülmüş islahatların hazırlanaraq reallaşdırılmasına start verildi. Bu zaman bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılması, sənaye müəssisələrinin özəlləşdirilməsi kimi məsələlərə xüsusi önəm verildi və nəticə etibarilə sənayedə dirçəliş baş verdi. Xüsusən "Əsrin müqaviləsi"nin imzalanması və neft sənayesinin yüksəlişi digər sahələrin da inkişafına mühüm töhfələr verdi. O cümlədən, ulu öndərin uzaqgörənliyi ilə siyasi-ictimai sabitliyin bərqərar edilməsi, yeni iqtisadi-ictimai formasiyanın tələblərinə cavab verən hüquqi bazanın yaradılması və biznes mühitinin yaxşılaşdırılması Azərbaycanda neft sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinə də xarici sərmayənin qoyuluşuna mühüm təsir göstərdi. Beləliklə, Azərbaycan sənayesində baş vermiş tənəzzül tədricən öz yerini inkişafa doğru dəyişməyə başladı.

Ulu öndərin müəllifi olduğu Azərbaycanın inkişaf siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməklə yanaşı, həm də müasir dövrün çağırışlarına uyğun zənginləşdirilməsi, habelə respublikamızın neft-qaz strategiyasının öz bəhrəsini verməsi ölkə iqtisadiyyatının potensial imkanlarından daha dolğun istifadə etməyə imkan verib. Bunun da nəticəsidir ki, Azərbaycan 2009-cu ildən iqtisadi sahədə keçid dövrünü uğurla geridə qoyub və respublikamızda beynəlxalq iqtisadi arenaya uğurla inteqrasiya edən mükəmməl iqtisadi sistem yaranıb. Bu mənada Azərbaycanın 2008-ci ildən dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına zərbə vuran ağır maliyyə-iqtisadi böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilməsi də təsadüfi sayıla bilməz.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan əsaslı dəyişikliklər və yüksəliş sənayenin inkişafında da özünü yaxından göstərir. Düzdür, əvvəlki dövrlərdə Azərbaycanda sənayenin resurslara əsaslanan inkişafı öz bəhrəsini verib. 2003-2013-cü illərdə isə yeni sənaye sahələrinin, xüsusilə qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni müəssisələrin yaradılması bu sahənin inkişafını şərtləndirməklə ümumdaxili məhsulda həcmini artırıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi, sərmayə qoyuluşunun və sahibkarlığın inkişafının stimullaşdırılması qeyri-neft sahələrinin, xüsusən emal sənayesinin inkişafına müsbət təsir göstərib. Təsadüfi deyil ki, bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılıb, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabətqabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib. Belə ki, bu dövrdə Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, "Embawood", "Saloğlu" mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmaz konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib. Təkcə 2013-cü il ərzində Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilib. Bu dövrdə onlarla sənaye müəssisəsinin tikintisi isə davam etdirilib.

Yenimüasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,3 dəfə artıb. Sənaye məhsulunda əlavə dəyərin xüsusi çəkisi 53,5 faizdən 78 faizə, ümumi daxili məhsulun strukturunda sənayedə yaradılmış əlavə dəyərin payı 40,4 faizdən 50 faizə yüksəlib. Qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə artıb. Həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələyib.

 "Sənaye ili" ərzində isə Azərbaycan Prezidentinin iştirakı ilə Sumqayıtda kağız və karton istehsalat kombinatının, yağ fabrikinin, mis emalı zavodunun, Horadizdə tikiş fabrikinin, Gəncədə "DET-AL Alüminium" MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının, Ağdaşda meyvə emalı, yem emalı zavodlarının, "Ağdaş" elektrik yarımstansiyasının, Naxçıvanda "Arpaçay-1" və "Arpaçay-2" su elektrik stansiyalarının və digər onlarla yeni sənaye müəssisələrinin istfadəyə verilməsi Azərbaycan sənayesinin yeni inkişaf mərhələsində olduğunu təsdiq edir. Sumqayıt Kimya Sənaye Parkında və Balaxanı Sənaye Parkında yeni istehsal sahələrinin yaradılması da "Sənaye ili"nin arxada qalmış dövrünün uğurlarıdır. "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması isə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, poladçuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verməklə yanaşı, ölkəmizin polad ixracını artıracaq. Həmçinin yaxın vaxtlarda Mingəçevir və Gəncə sənaye parklarının yaradılması da respublikamızda sənayenin inkişafına böyük töhfələr verəcək. Hazırda tədbirlər planına əsasən, ölkəmizin sənaye potensialının daha da gücləndirilməsi, istehsal olunan məhsulların rəqabətqabiliyyətinin artırılması, sənayedə kadr potensialının yaxşılaşdırılması, o cümlədən qanunvericilik bazasının  təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası qlobal miqyasda baş verən sənaye inqilabının çağırışlarına uyğun olaraq sənaye sahəsində siyasətini keyfiyyətcə yeni müstəvidə qurmaq istəyir. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişafın iqtisadi səmərəlilik üzərində qurulması diqqət mərkəzindədir. Ölkəmizin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bununla bağlı iddialı, eyni zamanda real hədəflər öz əksini tapıb. Konsepsiyada göstərilir ki, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və sement zavodları inşa ediləcək. Həmçinin alüminium sənayesi inkişaf etdiriləcək, ilkin alüminium istehsalı artırılacaq, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcək. Sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaq, iqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaq.

Bu gün ölkəmizdə iqtisadi rayonların potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonaların yaradılması və sənaye şəhərciklərinin qurulması istiqamətində görülən işlər artıq Konsepsiyada əksini tapan vəzifələrin uğurla reallaşdığını göstərir. Bu həm də onu təsdiq edir ki, Azərbaycanı yaxın illərdə bölgənin inkişaf etmiş sənaye dövlətinə və sənaye mərkəzinə çevirmək üçün ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi mövcuddur.

Bütün bunlarla yanaşı Azərbaycanda sənayenin gələcək inkişafının qaçılmaz olduğunu şərtləndirən səbəblər də var. Əsas səbəblərdən biri indiyədək yaradılmış güclü sənaye potensialıdır. Azərbaycanın enerji siyasətinin təntənəsi, "Şahdəniz-2" layihəsi çərçivəsində işlərə başlanılması, "Cənub" qaz dəhlizinin reallaşması gələcək illərdə ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. O cümlədən Azərbaycanda metallurgiya sənayesinin daha da inkişafı üçün geniş potensial var.  Bununla yanaşı, ölkəmizdə dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatların mövcudluğu bu sahədə inkişafa doğru yeni perspektivlər açır.

Azərbaycanın ildən-ilə güclənən enerji infrastrukturu, yeni generasiya güclərinin, alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, yeni hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası sənayenin gələcək inkişafına təkan verən mühüm amillərdir. Azərbaycanın 53 milyard dolları ötən strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Bütün bunlar sənayenin hər bir sahəsinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcək.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, elmin ümumi inkişafın və iqtisadi tərəqqinin əsas şərtlərindən biri olması inkişaf etmiş ölkələrin təcrübəsində artıq özünü təsdiqləyib. Hələ ötən əsrin 70-80-ci illərində də Azərbaycanın inkişaf etmiş sənaye respublikasına çevrilməsində əsas rolu məhz elmi-texniki tərəqqinin nailiyyətləri oynamışdı. Bütün bunları düzgün dəyərləndən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elmin nailiyyətləri istehsalata uğurla tətbiq olunmuş, yeni müəssisələr yaradılmışdı. Bu güninkişaf prosesinin davamlılığının təmini, iqtisadi potensialımızın səmərəli istifadə olunmasının həyata keçirilməsi üçün ölkənin intellektual imkanlarının qorunması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatı"nı formalaşdırmaq, elmtutumlu texnologiya və məhsul yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil etməlidir. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdirilməli və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdirilməli, elmi infrastruktur daha da təkmilləşdirilməlidir. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elmistehsal arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılmalıdır. Böyük sənaye müəssisələri birbaşa elm mərkəzləri ilə işləyib onlara elmi araşdırmalar üçün istiqamət verməli və dəstəkləməlidirlər. Bu sənayenin inkişafı ilə yanaşı, gələcəkdə xarici ölkələrə təkcə məhsul deyil, həm də biliktexnologiya ixrac etmək şansı deməkdir. Onu da qeyd etmək lazımdır ki, 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramında texniki ixtisaslara, xüsusən mühəndislərin hazırlanmasına üstünlük verilməsi gələcəyə hesablanmış təşəbbüsdür. Şübhə yoxdur ki, xarici ölkələrin aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclərin yaxın gələcəkdə Azərbaycan sənayesinə verəcəkləri töhfələr Prezident İlham Əliyevin "qara qızıl"ın "insan kapitalı"na çevrilməsi təşəbbüsünün parlaq ifadəsi kimi tarixə düşəcək. Yaxın gələcəkdə bu müdrik qərarın müasir sənayeləşmə planları ilə uzlaşdığı öz təsdiqini tapacaq.

Son illərdə ölkəmizdə sənayenin inkişafı, yeni sənaye sahələrinin yaradılması ilə bağlı mühüm addımlar atılıb, fərman və sərəncamlar verilib. 2013-cü ilin oktyabrında Azərbaycan Prezidentinin sərəncamına əsasən respublikamızda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən sənayenin inkişafının dövlət siyasətində aparıcı xətt təşkil etməsinin göstəricisidir. İqtisadi sahədəki uğurlar təsdiq edir ki, İqtisadiyyat və Sənaye Nazirliyi iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, investisiyaların cəlb edilməsi, sahibkarlığa dəstək, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, regionların sosial-iqtisadi yüksəlişi istiqamətində dövlət siyasətini uğurla həyata keçirir.

Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" fərmanı da sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır.  Fərmanda qeyd olunduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Çünki bu, nəticə etibarilə istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, kooperasiya əlaqələrinin gücləndirilməsinə, kiçikorta sahibkarlığın inkişaf etdirilməsinə mühüm təkan verəcək. Fərmanla aidiyyəti qurumların, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyinin qarşısına mühüm vəzifələr qoyulub. Ötən dövrdə ölkə sənayesinin inkişafı ilə bağlı Prezident İlham Əliyevin müəyyən etdiyi kursun layiqincə həyata keçirilməsinə töhfələrini verən nazirliyin sənaye müəssisələrinin yaradılması istiqamətində də öz vəzifələrini uğurla icra edəcəyi şübhəsizdir.

Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, həmçinin iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması, yeni yerlərinin açılmasıdır. Bunun üçün münasib institusional mühitmakroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Ölkə rəhbərliyinin güclü siyasi iradəsi və aidiyyəti dövlət qurumlarının öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsi Azərbaycanın yeni sənayeləşmə dövründə mühüm iqtisadi uğurlar əldə edəcəyini inam və əminliklə söyləməyə əsas verir.

 

 

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.7.