Qubada «Alma
bayramı»
Bu gün Quba qədimliyin çalarları ilə müasirliyin uğurlarından ecazkar vəhdət yarada bilən bənzərsiz şəhərə çevrilmişdir. Azərbaycanın bu zərif şimal mirvarisini ölkəmizin hüdudlarından kənarda tanıdan və məşhur edən alma da artıq Qubanın rəmzinə çevrilmişdir. Məhz buna görə də rayonda üçüncü ildir ki, "Alma bayramı" keçirilir. Budəfəki bayrama oktyabrın əvvəlindən hazırlıq görülürdü. Həm ümumşəhər miqyasında, həm də ayrı-ayrı küçələrdə, qəsəbələrdə maarif, mədəniyyət və səhiyyə ocaqlarında, demək olar ki, hər kəs bu bayrama öz töhfəsini verməyə çalışırdı. Qızıl payız bağların, meşələrin sinəsinə dahi rəssamın fırçasından qopan heyrətamiz rənglərlə qonduqca, şəhər də hamının hazırlaşdığı tədbirə bayram libasını geyinirdi. Rayonun müxtəlif yerlərində almanın xüsusi işıqlandırma ilə quraşdırılması, reklam tablolarında qədim sənət növlərinin şəkilləri hamının diqqətini cəlb edirdi.
Bayram günü rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, dəvət olunan qonaqlar dəstə-dəstə ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektə axışdı. Tədbir ümummilli lider Heydər Əliyevin rayonun girəcəyində ucaldılmış əzəmətli abidəsini ziyarətlə başladı. Mərasim iştirakçıları ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdülər.
Sonra mərasimi giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı M.Ağayev qonaqları və ictimaiyyət nümayəndələrini salamladı. Bildirdi ki, inkişaf dövrünü yaşayan Azərbaycan qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdə, yeni və nümunəvi xarakterli nailiyyətlərin müəllifi kimi çıxış etməkdədir. Bu gün ölkənin hər yerində həyata keçirilən abadlıq-quruculuq işləri bu inkişafın tərkib hissəsi olaraq yeni-yeni uğurların qazanılmasına aparan yolu daha işıqlı edir. Azərbaycan üçün xarakterik cəhətlərdən biri də yaşanan sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişaf etməsidir. Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları inamla həyata keçirilir, ölkənin iqtisadi qüdrəti davamlı şəkildə yüksəlir. Bu tərəqqi Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Qubada da aydın müşahidə olunur.
M.Ağayev vurğuladı ki, təkcə regionun deyil, respublikanın ictimai həyatında xüsusi rol oynayan və yaddaqalan hadisəyə çevrilən alma bayramlarının Qubada keçirilməsi təsadüfi deyildir. Çünki alma Qubanın şan-şöhrəti, əsas rəmzi, əhalinin ruzi və dolanışıq mənbəyidir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi torpaq islahatından sonra rayonda bağ sahələri genişləndirilmiş, meyvə istehsalı nəzərəçarpacaq dərəcədə artmışdır. Bu il 110 min tondan artıq alma tədarük olunsa da, bağlarda meyvə yığımı hələ davam edir.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Milli Məclisin deputatları Vahid Əhmədov, Elton Məmmədov bu bayramda iştirak etdiklərindən məmnun olduqlarını bildirərək, qubalılara daha böyük uğurlar arzuladılar.
Çıxışlardan sonra bayram şənliyinə
start verildi. Rayon ictimaiyyətinin
iştirakı ilə
alma paradı başladı. Almalarla dolu maşınlar
tədbir iştirakçılarının
qarşısından keçərkən
Qubada yetişdirilən
alma növləri barədə
iştirakçılara məlumat
verildi. O da bildirildi ki, hazırda rayonun beynəlxalq əlaqələri
genişlənir. Qubaya
şöhrət gətirən
əmək adamlarının,
idmançıların, azsaylı
xalqların nümayəndələrinin Heydər
Əliyev prospekti ilə yürüşü
də yaddaqalan oldu.
Tədbir
iştirakçıları meydanda
almadan düzəldilmiş təamların
və müxtəlif
alma növlərindən hazırlanan
şirniyyatların dadına
baxdılar. Burada hər şey
qeyri-adi dərəcədə
gözəl düzəldilmişdi.
Eyni zamanda rayonun keçmişini və bu gününü
özündə ehtiva
edən kitabları, tarixi tapıntılara söykənən, arxeoloji qazıntılar zamanı əldə edilən nümunələri, qədim
sənət növlərini
əks etdirən müxtəlif sərgiləri
iştirakçılar maraqla
qarşıladılar. Misgərlik, nəqqaşlıq,
memarlıq inciləri
əks olunan ekspozisiyalar hamıda maraq doğurdu. Bir neçə yerdə sərgilənən məşhur
Quba xalçaları mərasim iştirakçılarının
könlünü oxşadı.
Xalq gəzintisində
iştirak edənlər
musiqi sədaları altında, xoş bir bayram ovqatı
ilə Qubanın qədim tarixini səyahətə çıxdılar,
bu günün uğurları ilə tanış oldular. Gün boyu uzanan bayram
şənliyi milli ornamentlərlə bənzərsiz
üslubda inşa edilən Yaşıl teatrda bayram konserti ilə davam etdirildi və
günün sonunda möhtəşəm
atəşfəşanlıqla başa çatdı.
Akif ƏLİYEV,
Azərbaycan.-2014.- 24 oktyabr.- S.9.