«Qarabağı unutma!»
2015-ci ildə Osmanlı İmperiyasında "erməni genosidi" adlanan qondarma hadisənin yüz ili tamam olur. Hazırda bütün ermənilərin xaricdə və daxildəki təbliğat maşını ancaq ona yönəlib ki. bu uydurma "soyqırımı" dünya ictimaiyyətinə qəbul etdirsinlər. Onların uydurduqları, heç bir elmi əsası olmayan iddiaları, təəssüf ki. bəzən öz hədəfinə çatır.
Dünyanın bəzi ölkələrinin parlamentlərində bu hadisə ilə bağlı qəbul olunan sənədlər bunu söyləməyə imkan verir. Birinci Dünya müharibəsində qarşılarına türk dövlətini parçalamaq məqsədi qoyan Antanta qüvvələri bu niyyətlərini həyata keçirə bilmək üçün o dövrdə erməni amilindən bacarıqla istifadə etməyə başladılar. Bundan ruhlanan erməni hərbi birləşmələri Türkiyə ərazisində böyük qırğınlara yol açdılar.
Böyük bir təhlükə ilə üz-üzə qalan Osmanlı dövləti 1907-ci il Haaqa konvensiyasının müddəalarına əsaslanaq hərbi əməliyyatların getdiyi ərazilərdən açıq-aydın satqınlıq yolu tutan erməni əhalisinin köçürülməsini zəruri saydı. Həmin köçürülmə əməliyyatlarında ölənlərin sayını erməni mənbəələri ilk illərdə üç yüz min civarında təqdim etməyə çalışırdılarsa hazırda söhbət milyon yarımdan gedir. Bu faktın özü erməni fantaziyalarının hüdudları olmadığını bir daha nümayiş etdirir.
Dünən BMM-də "Qarabağı unutma!" adı ilə təşkil olunan "dəyirmi masa"nın əsas məqsədi erməni yalanlarını faktların təkzibolunmaz dili ilə ifşa etməkdən ibarət idi.
"Azərnəşr"in direktoru Azər Mustafazadə qonaqları salamlayaraq problemin aktuallığını bir daha nəzərə çatdırdı və bu sahədə görüləcək işlərin hələ çox olduğunu vurğuladı. Hazırda təqdim olunan kitabların Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü gördüyünü deyən nəşriyyat direktoru, eyni zamanda, əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
"Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov təqdim olunan nəşrlər haqqında geniş məlumat verərək bildirdi ki, nəşriyyatın rus, ingilis, fransız və alman dillərində buraxdığı kitablarda yalnız erməni və xarici müəlliflərin uydurma soyqırımla bağlı tədqiqatları yer alıb. Burdakı faktlar, arxiv sənədləri, şahid ifadələri ermənilərin uydurduqlarının əksini sübut edir. Ə.Ağalarov onu da qeyd etdi ki, bədxah qonşularımızın istənilən həqiqəti öz tərəflərinə çəkə bilmək "qabiliyyətlər"ini nəzərə alaraq bilərəkdən on yeddi kitabı əhatə edən bu layihəyə Azərbaycan və türk müəlliflərin əsərləri daxil edilməyib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli. Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları Elmira Axundova, Sahibə Qafarova, Türkiyə səfirliyinin nümayəndəsi Öncü Keçəli, AMEA-nın Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov və başqaları bu nəşrlərin erməni yalanlarının ifşa olunmasında mühüm rol oynayacağını, ölkə başçısının "Soyqırım komissiyası"nın yaradılması haqqında sərəncamının icrasına böyük töhfə olduğunu vurğuladılar.
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 24 oktyabr.- S.11.