Almaniyanın “Restauro” jurnalı: Son dövrlərdə Bakı sürətlə inkişaf edir

 

Almaniyanın restavrasiya, abidələrin qorunması və muzey texnikası barədə yazıların yer aldığı “Restauro” jurnalının sentyabr nömrəsində Bakı şəhərində tarixi abidələrin restavrasiyası ilə bağlı məqalə və vaxtilə Azərbaycanda çalışmış avstriyalı məşhur restavrator Erix Pummerlə müsahibə dərc edilib.

“Azərbaycan təkcə neft ölkəsi deyil” sərlövhəli məqalədə bildirilir ki, iki milyondan çox əhalisi olan Bakı Qafqazın ən böyük şəhəridir və son dövrlərdə sürətlə inkişaf edir. Şəhərə gələn turistlərin sayı xeyli artıb. Bakıda mədəni irsin qorunub saxlanılması üçün işlər intensiv davam etdirilir. 2000-ci ildə Bakıdakı İçərişəhər, eləcə də Şirvanşahlar Sarayı UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

Məqalədə qeyd edilir ki, Azərbaycanın 2020-ci ilədək mədəniyyət siyasətində bir çox vacib məqamlar əksini tapıb. Azərbaycan xalqının adət və ənənələrini təşviq etmək üçün lazımi işlər həyata keçiriləcək. Tarixi binalar rekonstruksiya olunacaq. Rəssamlıq, dekorativ və təsviri incəsənət ənənələrinin inkişafına xüsusi diqqət yetiriləcək.

Avstriyalı daş restavrator, heykəltəraş və bənna Erix Pummer müsahibəsində 2008–ci ildə Bakıda Məhəmməd məscidi, Qız qalası, Bəylər məscidi, eləcə də Şirvanşahlar Sarayının bəzi hissələrini restavrasiya etməsindən söhbət açıb. O bildirib ki, bu cür xüsusi önəm kəsb edən layihələr Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir və dövlət başçısı bütün bunlara diqqətlə yanaşır. Azərbaycanın mədəniyyətə, incəsənətə böyük önəm verdiyini deyən E.Pummer Bakıda işləməkdən məmnun olduğunu söyləyib.

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.11.