Qeyri-neft sektorunda ÜDM istehsalı 6 faiz artmışdır

 

Əhalinin gəlirlərinin 1,5 faizlik inflyasiya fonunda 5,4 faiz artması sosial sahədə aparılan siyasətin nəticəsidir

 

"Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bugünə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yaxşı yadımdadır, ilin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ilin nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq."

 

İlham ƏLİYEV

 

Dövlət Statistika Komitəsinin cari ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabatı da təsdiqləyir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı dediyi bu fikirlər əsassız deyil.

Hesabata görə, ilin əvvəlindən ötən 9 ay ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı (ÜDM) keçən ilin eyni dövrünə nisbətən 2,5 faiz, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artaraq 44,1 milyard manata çatmışdır. ÜDM-in 61,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 44,3 faizi sənayedə, 11,9 faizi inşaat kompleksində, 5,4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 31,2, o cümlədən nəqliyyatda 4,7, ticarət və pullu xidmətlərində 9,8, rabitədə 1,7, sosial və digər xidmətlərdə 15 faiz olmuşdur. ÜDM-in 7,2 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 4696,1 manat (5987,6 ABŞ dolları) təşkil etmişdir. Onu da qeyd edək ki, hesabat dövründə əlavə dəyər istehsalı neft sektorunda 2 faiz azalsa da, qeyri-neft sektorunda 6 faiz artmışdır.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində 9 ayda fiziki şəxslərin də fəaliyyəti nəzərə alınmaqla 25,2 milyard  manatlıq məhsul istehsal edilmişdir. Bu məhsulların 71,8 faizi mədənçıxarma,  22,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür. Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1,6 faiz aşağı düşməsinə baxmayaraq, digər üç bölmədə müvafiq olaraq 1,5, 4,3 və 3,6 faiz artım qeydə alınmışdır.

Qeyd edək ki, mədənçıxarma bölməsi üzrə sözügedən müddətdə neft hasilatı 32,1 milyon ton, əmtəəlik qaz hasilatı 13,8 milyard kubmetr olmuşdur. Emal sahəsi üzrə isə hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən qida məhsulları istehsalı 2,3, içki istehsalı 9,2, tütün məmulatları istehsalı 85,3, geyim istehsalı 50,7, kimya sənayesi məhsulları istehsalı 21,7, hazır metal məmulatları istehsalı 8,8, tikinti materialları istehsalı 19,4, elektrik avadanlıqları istehsalı 27, mebel istehsalı 10, avtomobil və qoşquların istehsalı 57, zərgərlik, musiqi, idmantibb avadanlıqları istehsalı 79,2 faiz və digər nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artmışdır. Ümumilikdə hesabat dövründə sənayenin qeyri-neft sektoru üzrə məhsul istehsalında 6 faiz artım qeydə alınmışdır.

Dövlət Statistika Komitəsinin məlumatında həmçinin bildirilir ki, ilin əvvəlindən inşaat kompleksində 11,9 milyard manat investisiyadan istifadə olunmuşdur. İstifadə edilmiş vəsaitin 73,1 faiziya 8,7 milyard manatı birbaşa tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. Ötən ilin 9 ayına nisbətən cari ilin eyni dövründə əsas kapitala yönəldilən investisiyanın həcmi 0,2, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 8,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 70,4 faizi daxili investisiyalar olmuşdur ki, bu da özlüyündə kiçik uğur deyil. Bir fakt da xüsusi vurğulanmalıdır ki, vəsaitlərin 62,9 faizi qeyri-neft sektorunun inkişafına sərf olunmuşdur.

Bu vəsaitlər hesabına ilin əvvəlindən ötən müddətdə ölkədə müxtəlif təyinatlı çoxsaylı obyektlər - ümumi sahəsi 1 milyon 459,3 min kvadratmetr olan yaşayış evləri, 24812 şagirdlik ümumtəhsil məktəbləri, 1092 yerlik məktəbəqədər təhsil müəssisələri, 230 çarpayılıq xəstəxana, eləcə də Bakıda "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, AMEA Mərkəzi kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, respublika İdman, Tibb, DiaqnostikaReabilitasiya İnstitutunun binası, Suraxanı Günəş elektrik stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan MR-də "Arpaçay-2" SES, Su anbarı və Sutəmizləyici qurğular kompleksi, Gənclər Mərkəzi, Sumqayıtda Kağız və Karton İstehsalat Kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncədə Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emalboyama müəssisəsi,   Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaşda Yem və Meyvə emalı zavodları, "Ağdaş" elektrik yarımstansiyası, Beyləqanda Şahmat məktəbi, şəhər stadionu, kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi, Qəbələdə "Tufan" dağ-xizək yay-qış istirahət istirahət kompleksinin birinci mərhələsi, "Qafqaz Yengicə Termal Hotel və SPA" və  Şamaxıda "Şamaxı Palace Platinum By Rixos" hotel kompleksləri və s. istifadəyə verilmişdir.

Hesabat dövründə əhalinin gəlirləri də diqqətçəkən dərəcədə  - 5,4 faiz artaraq 27,2 milyard manata yüksəlmişdir. Bu da hər nəfərə orta hesabla 4 faiz artım olmaqla 2890,3 manat deməkdir. Yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqları isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz çoxalaraq 440,9 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və digər sahələrdə işləyənlərin orta aylıq maaşları daha yüksək olmuşdur. Belə ki, sənayedə çalışanların orta aylıq əməkhaqqı 703,7, tikinti kompleksində işləyənlərinki 627,2, nəqliyyatçıların 541,3, informasiya və rabitə sektorunda fəaliyyət göstərənlərinki isə 720,5 manata çatmışdır. Maaşlarla bağlı digər maraqlı fakt: son məlumatlara əsasən, orta aylıq əməkhaqqı neft sektorunda 1746,3, qeyri-neft sektorunda 407,9, dövlət bölməsində 356,3, özəl bölmədə 560,5 manatdır.

Əhalinin gəlirlərinin artmasının sosial əhəmiyyəti bironunla bağlıdır ki, hazırda Azərbaycanda inflyasiyanın səviyyəsi minimum həddindədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri cəmi 1,1 faiz bahalaşmışdır. Ötən ilin 9 ayına nisbətən də bu rəqəm çox kiçik olmuşdur - 1,5 faiz. Bu isə o deməkdir ki, əhalinin gəlirlərinin artması ölkədə qiymətlərin bahalaşmasını bir neçə dəfə üstələyir. Belə hal təbii ki, istehlak bazarına da təsirsiz ötüşmür. Statistikaya görə, cari ilin yanvar-sentyabr aylarında əhali istehlak bazarından 15,5 milyard manatlıq mal almış və 4,8 milyard manatlıq pullu xidmətlərdən istifadə etmişdir ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən əmtəə dövriyyəsinin 9,4 faiz artımı deməkdir.

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S. 1.