Avropa Şurasının
komissarı Azərbaycanda insan
hüquqları haqqında məlumatlandırılıb
Azərbaycanda səfərdə
olan Avropa Şurasının insan hüquqları üzrə
komissarı Nils Mujniyeks ombudsman Elmira Süleymanova ilə
görüşdə ölkəmizdə insan
hüquqlarının mövcud vəziyyəti haqqında məlumatlandırılıb.
E.Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası istiqamətində görülən işlərdən, ölkənin hər bir rayonunda keçirilən, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan qrupların problemlərinin həllinə dair müzakirələrin aparıldığı ictimai dinləmələrdən danışıb.
Görüşdə Ombudsman Aparatının əməkdaşları ölkəmizdə qətimkan tədbirlərinin seçilməsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə məlumat verib, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının implementasiyası ilə əlaqədar əhalinin müxtəlif qrupları, o cümlədən saxlanılan və təqsirləndirilən şəxslər üçün maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıblar.
Söhbət
zamanı E.Süleymanova Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan artıq
soydaşımızın öz ölkəsində
qaçqın və məcburi köçkünə çevrildiyini, insan
hüquqlarının kütləvi şəkildə,
kobudcasına pozulduğunu söyləyib.
O əlavə edib ki, bir sıra beynəlxalq təşkilatlar bu işğal
faktını pisləyən qərar və qətnamələr
qəbul etsələr də, həmin sənədlər hələ
də yerinə yetirilməyib.
Azərbaycan.
- 2014.- 25 oktyabr.- S.4.