Azərbaycanın və İtaliyanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

 

Azərbaycan Respublikasının bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri başa çatıb.

Ağdam, Ağsu, Babək, Bərdə, Füzuli, Xocavənd, Laçın, Şamaxı, Tərtər, Tovuz rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti İtaliyanın Valmontone, Pozitano, Çerveteri, Florensiya şəhərlərinə səfər edərək parklar sistemi, tarixi abidələr, muzeylər, sosial infrastruktur və iqtisadi obyektlər ilə tanış olub.

Həmin şəhərlərin merləri ilə keçirilən görüşlərdə Azərbaycanın və İtaliyanın bölgələri arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Səfərin məqsədi İtaliyanın yerli idarəetmə sistemini yaxından tanımaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan. - 2014.- 25 oktyabr.-  S.4.