Sözü bütöv, əqidəsi dəyişməz idi

 

Elə insanlar var ki, onların adı çəkiləndə qəlbindən işıqlı bir duyğu keçir, xoş bir aura hiss edirsən. Hətta haqqında danışılanın özü həyatda olmasa belə... Onun bu gün sıralarımızda olmadığına görə "Min təəssüf!" deməklə bahəm, nə vaxtsa həyatda belə bir insanın yaşadığı, xeyirxah əməlləri ilə, xalqına gərəkliyi ilə nümunə qoyub getdiyi üçün məmnunluq hissləri keçirirsən. Ramiz Mirzəyevin adı çəkiləndə üzlərdə məhz bu cür duyğulardan yaranan ifadə görünür.

Yeddi il əvvəl dünyasını dəyişəndə Ramiz Mirzəyev Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Xətai rayon təşkilatının sədri və texnika elmləri doktoru idi. O, ölkədə həm də ictimai xadim kimi tanınmışdı.

Biz Ramiz Mirzəyevlə Tovuz rayonunun mərkəzində eyni məhəllədə böyümüşük. Bacılarını yaxından tanıyırdım. Özü bizdən yaşca bir az böyük idi. Yaşasaydı, bu il oktyabrın 27-də 60 yaşı tamam olacaqdı...

Ramiz Mirzəyev rayonda sayılıb-seçilən, alicənablığı və xeyirxahlığı ilə hamının hörmətini qazanan bir ziyalı ailənin oğlu idi. Xarakterindəki təvazökarlığı və sadəliyi atası Şəmşəd kişidən, anası Həqiqət xanımdan irsən pay almışdı. Valideynlərindən eləcə də insanları sevmək, onlara gərəkli olmaq nümunəsi götürmüşdü.

Tovuz şəhər orta məktəbini bitirəndən sonra Azərbaycan Politexnik İnstitutunda (indi Azərbaycan Texniki Universiteti adlanır) təhsil almış, radiotexnika və radiorabitə üzrə mühəndis ixtisasına yiyələnmişdi. Lakin sonralar bu sahəni bilməklə kifayətlənməmiş, işləyə-işləyə daha iki ali təhsil almışdı. Nəticədə kimya texnologiyası və biotexnologiya, eləcə də biznesin idarə olunması üzrə mütəxəssis bilgiləri qazanmışdı. İstehsalatdan ayrılmadan namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi.

Əmək fəaliyyətinə 1977-ci ildə başlamış və 1980-ci ilədək Rabitə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdı. Bundan sonra 1986-cı ilədək SSRİ Qaz Sənayesi Nazirliyinin "Azqaznəql" İstehsalat Birliyində böyük mühəndis, qrup rəhbəri və şöbə rəisi olmuşdu. Sonrakı üç ildə isə Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztəmirtikinti" ixtisaslaşdırılmış trestinin istehsalat-texnoloji komplektləşdirmə idarəsində baş mühəndis və rəis vəzifələrini tutmuşdu. 1988-ci ildən başlayaraq 10 ilə yaxın bir müddətdə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində işləmiş və burada baş direktor vəzifəsinə qədər yüksəlmişdi.

1990-cı və sonrakı bir neçə ildə xalqımız məlum səbəblərdən ağır günlər yaşayanda Ramiz Mirzəyev camaat arasında, insanların yanında idi. Cavan canına qıyaraq tez-tez bölgələrə, hadisələrin ən qaynar yerlərinə gedirdi. Bacardığı maddi və mənəvi köməyi edirdi. Ən başlıcası, insanlara düzgün yol göstərirdi. Həmin dövrdə fiziki təzyiqlərdən, ölümdən belə qorxmayaraq xalqa ümid bəxş edən əsl insanlardan biri idi. O, Yeni Azərbaycan Partiyasının yaranmasında, partiyanın Xətai rayonu üzrə təşkilatlanmasında rahatlıq bilmədən çalışmışdı.

1997-ci ildə Ramiz Mirzəyev  "Azərneftyağ" İstehsalat Birliyinin baş direktoru təyin olunur. 80-ci illərin sonunda və 90-cı illərin əvvəllərində iqtisadiyyatda baş verən tənəzzül, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə istehsalat sahələrində aparılan dağıdıcı işlər bu müəssisədən də yan keçməmişdi. Qısası, vəziyyət o yerə çatmışdı ki, belə nəhəng bir neft emalı müəssisəsində işin ahəngi tamamilə pozulmuşdu.

Ramiz Mirzəyev müəssisəni bu çətin vəziyyətdən çıxarmaq üçün sözün əsl mənasında gecəsini gündüzə calayır. Direktor kabinetində qərar tutmayaraq istehsalat sahələrini qarış-qarış gəzir, fəhlələrlə, mütəxəssislərlə mütəmadi söhbətlər aparır. Beləliklə, əmək intizamını möhkəmləndirməyə, işdə ahəngdarlığı təmin etməyə, sağlam, işgüzar kollektiv yaratmağa nail olur.

Sonralar, yəni 2003-cü ildən istehsalat birliyi zavod adlanır və o, 2006-cı ilədək bu müəssisəyə rəhbərlik edir.

Ramiz Mirzəyevin "Azərneftyağ"a rəhbərlik etdiyi 10 ilə yaxın bir dövrdə burada müasir qurğular işə salınır, yeni texnologiyalar tətbiq edilir, məhsulun keyfiyyəti yüksəlir, ekologiya məsələləri, ətraf mühitin mühafizəsi və işçilərin sağlamlığının qorunması önə çəkilir.

O dövrdə "Azərneftyağ" nəinki ölkədə, bütün MDB məkanında öz işçilərinə dövlət hesabına ev tikdirən yeganə müəssisə idi. Yeni mənzillərin orderlərini ulu öndər Heydər Əliyevin təqdim etməsi neftayıranların sevincini birə-beş artırırdı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ramiz Mirzəyevin "Azərneftyağ"da direktor işlədiyi illərdə ümummilli lider üç dəfə bu müəssisədə olmuşdu.

Ramiz Mirzəyev əqidəsi möhkəm, sözü bütöv, məsləki dəyişməz insan idi. 2006-cı ildə sənaye və energetika nazirinin müavini vəzifəsinə irəli çəkiləndə də işə eyni məsuliyyətlə yanaşdı.

Onun məntiqində etimad və məsuliyyət qoşa dayanan məfhumlar idi. Məhz elə bu səbəbdən də ona bəslənən inametibara həmişə ləyaqətlə cavab verə bilmiş, tapşırılan kiçikdən-böyüyə bütün vəzifələrdə özünü doğrultmuşdu.

Vəzifə onun üçün nə məqsəd, nə də şöhrət idi. Bunu vətəninə, xalqına xidmət etmək, dövlətinin qüdrətlənməsinə bacardığı köməyi etmək üçün verilmiş bir şansimkan kimi qiymətləndirirdi.

Ramiz Mirzəyevin dövlət və xalq qarşısında xidmətləri istehsalatdakı fəaliyyəti ilə bitmirdi. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilmişdi və ölkədə futbolun inkişafına gərgin əmək sərf edirdi. İdmanın inkişafını dövlət siyasətinin istiqamətlərindən biri kimi yüksək dəyərləndirərək bu sahəyə də öz töhfəsini verməyə çalışırdı.

Ümumən götürəndə isə istehsalatdakı fəaliyyəti əsasən neft-qaz sahəsi ilə bağlı olmuşdu. Keçilmiş çətin yollar, görülmüş böyük işlər müəllifi ümummilli lider Heydər Əliyev olanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni neft strategiyasının reallaşmasında var qüvvə ilə çalışan bacarıqlı mütəxəssis və istehsalat rəhbərinin bir sıra əsərlərində də öz əksini tapmışdı. Belə ki, Ramiz Mirzəyev "Əsrin müqaviləsindən başlanan yol", "Heydər Əliyevin yeni neft strategiyası", "Heydər Əliyev müstəqil Azərbaycanın neft emalı sənayesinin banisidir" kitablarını, "Həqiqət qədər sadə" fotoalbomunu nəşr etdirmişdi.

Maraqlıdır ki, onun ömrünü həsr etdiyi sahələr bir-birindən çox fərqlənirdi. İstehsalat, idman, elm, ictimai ... Bunların hamısına necə vaxt, güc tapırdı? Bəlkə taledən ona ayrılan ömür payının qısa olduğunu duymuşdu? Ona görə hər günündən səmərəli istifadə edərək, hər dəqiqəsinin qədrini bilərək, dinclik, istirahət barədə düşünməyərək daha nə isə etməyə, işləməyə, tikib-qurmağa, yazıb-yaratmağa çalışırdı. Təsadüfi deyil ki, Ramiz Mirzəyevin alim qələmindən 50-dən çox elmi məqalə çıxmışdı. O, bir sıra dərslik və monoqrafiyaların da müəllifi idi.

Ramiz Mirzəyev qısa ömrünün ona verdiyi imkanlardan istifadə edərək ona tapşırılan bütün vəzifələrin öhdəsindən layiqincə gələ bilmişdi. Odur ki, doğmalarının, dostlarının, həmkarlarının, onu yaxından tanıyanların hamısının yaddaşında məhz əsl insan kimi qalıb, qəlbində yaxşı insan kimi yaşayır.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 26 oktyabr.-  S.5.