Əsl tarixi həqiqətlər məxəzlərdədir

 

Əsrlərin tarixi təcrübəsi göstərir ki, dövlətlər arasındakı müharibələr silahlı toqquşmaların başlanmasından əvvəl və münaqişənin bütün sonrakı mərhələlərində ideoloji mübarizə ilə müşayiət olunur. Bu mübarizənin əsasını tərəflərin öz mövqelərinin haqlı olduğunu sübuta yetirmək üçün əvvəlki tarixi faktlardan çıxış etməsi təşkil edir. Şübhəsiz, bu zaman təbii olaraq təcavüzkar, işğalçı tərəf qədim tarixə aid faktları təhrif edilmiş şəkildə beynəlxalq ictimaiyyətə yaymaqla öz əməllərinə haqq qazandırmağa çalışır.

Bu baxımdan Ermənistan nəinki istisnalıq təşkil etmir, eyni zamanda tarixi faktları saxtalaşdırmaq, başqa xalqların abidələrini məhv etmək, dəyişdirmək və mənimsəmək sahəsində hətta tarixdən məlum olan nəhəng imperiyaları da dəfələrlə geridə qoymuşdur. Ermənilər bu gün Azərbaycana qarşı həyata keçirdikləri işğal siyasətinin ideoloji bünövrəsini hələ sovet dövründə qoymuşlar. Hətta belə bir avtoritar rejimdə Ermənistan tarixçiləri və yazıçıları qədim Azərbaycan torpaqlarının erməni əraziləri olması barədə saxta məqalələr, kitablar nəşr etdirir, açıq-aşkar ərazi iddiaları ilə çıxış edirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq aləmdə siyasi uğursuzluqlara düçar olublar. Eyni zamanda cəbhə bölgəsində ermənilərin yeni təcavüz cəhdlərinin qarşısının Azərbaycan ordusu tərəfindən layiqincə alınması və düşmənin məğlub edilməsi Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Hərbi-siyasi gücsüzlüyünü dərk edən ermənilər saxta ideoloji təbliğatı daha da gücləndirmişlər.

Son 25 ilin hadisələri göstərdi ki, saxta təbliğata əsaslanan erməni siyasəti müvəqqəti də olsa uğur əldə edə bilib - tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan yüz minlərlə soydaşlarımız zorla çıxarılıb və Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Əlbəttə, burada onların himayədarlarının fəal hərbi-siyasi yardımını da nəzərdən qaçırmaq olmaz.

Bütün bunlar erməni tarixçilərinin və ideoloqlarının yad torpaqların ələ keçirilməsi, bunun üçün lazım gələrsə qonşu xalqların soyqırımına məruz qoyulmasına hesablanmış  saxta təbliğatının qarşısının vaxtında alınmasını, onlara əsl tarixi faktlara əsaslanan tutarlı cavabların verilməsini tələb edir.

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin bu yaxınlarda Moskvada nəşr olunmuş "Naqornıy Karabax: istoriya proçitannaya po istoçnikam" (Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix) adlı kitabı böyük əhəmiyyət kəsb edir. Qədim və orta əsrlər tarixinin hadisələrinin, faktlarının siyasi proseslərdə rolunubu proseslərə təsirini dolğun, əhatəli şəkildə əks etdirən bu kitab düşmənin saxta iddialarına layiqli cavabdır.

İlk növbədə qeyd etmək lazımdır ki, ermənilərin saxta tarix yazmalarına qarşı alimlər və siyasətçilər müxtəlif zamanlarda öz mövqelərindən çıxış edərək tutarlı cavablar veriblər. Lakin haqqında bəhs etdiyimiz kitabın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, onun müəllifi akademik Ramiz Mehdiyev həm konfliktin tarixi köklərini dərindən bilən görkəmli alim, həm də tanınmış dövlət xadimi, təcrübəli siyasətçidir. Məhz bu səbəbdən kitabda ermənilərin saxtakarlığının əsl mahiyyəti əhatəli şərh edilmiş, tarixin təhrif edilərək özlərinin çirkin məqsədlərinə uyğunlaşdırılması cəhdləri siyasət müstəvisində elmi əsaslarla ifşa edilmişdir.

Əsərdə ermənilərin əcdadlarının Anadolu ərazilərinə Balkanlardan axışıb gəldikləri, XIX əsrdən etibarən Rusiya imperiyasının siyasətinə uyğun olaraq kütləvi surətdə Cənubi Qafqaza, tarixi Azərbaycan torpaqlarına köçürülmələri kimi məlum tarixi hadisələr ermənilərin Qafqazda saxta avtoxtonluğunun ifşa edilməsi kontekstində şərh edilmişdir. Ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına yiyələnmələri, yerli toponimləri erməniləşdirmələri, abidələrimizi məhv etmələri kimi tarixi faktlar oxunaqlı dildə oxuculara çatdırılmışdır.

Kitab Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışan erməni siyasətçilərinin saxta ideologiyaya söykəndiyini göstərməklə yanaşı tarixçi, arxeoloq alimlər qarşısında mühüm vəzifələr qoyur. Hörmətli akademikin əsərində Azərbaycanın maddi-mədəniyyət abidələrinə erməni işğalçılarının ikili münasibətinin mahiyyəti dəqiqliklə şərh edilmişdir: ermənilər işğal etdikləri ərazilərdə bir tərəfdən islam mədəniyyəti abidələrini qeyri-şərtsiz kütləvi surətdə məhv edirlər, digər tərəfdən Azərbaycanın alban xristian memarlıq abidələrini erməniləşdirirlər. Bundan məqsədləri bu qədim xristian abidələrinin guya onlara məxsusluğunu və bununla da ermənilərin bu ərazilərin qədim sakinləri olduğunu saxta yollarla sübut etməkdir.

Əsərdə ermənilərin işğal etdikləri zonada qeyri-qanuni arxeoloji qazıntılar apardıqlarına, Ağdamda albanlara məxsus abidənin "Tiqranakert" adı ilə qazılmasına diqqət çəkilmişdir. Ermənistan "Silahlı münaqişələr zamanı mədəni mahiyyətin qorunması haqqında" beynəlxalq Haaqa Konvensiyasının üzvüdür. Həmin konvensiyada işğal olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması qadağan edilsə də, Ermənistan tərəfdaş olduğu bu beynəlxalq hüquqi sənədi pozaraq Qarabağ ərazisində qeyri-qanuni qazıntılar aparır. Ağır iqtisadi vəziyyətdə olan Ermənistanın belə qazıntıları Ermənistanda deyil, məhz Qarabağda saxta adlarla aparması səbəbləri məlumdur: bu ərazilərin qədim ermənilərə məxsusluğunu saxta yollarla sübut etmək. Qeyd etməliyik ki, tarixdən məlum olduğu kimi, erməni çarı Tiqran heç bir zaman Cənubi Qafqazda olmamışdır və buna görə də bu ərazilərdə onun Tiqranakert şəhərini salması barədə fikirlər sadəcə cəfəngiyatdır.

Akademik Ramiz Mehdiyevin kitabında Qarabağ ərazisində Azərbaycan xalqının soykökü tarixini özündə yaşadan bir neçə arxeoloji abidənin, xüsusilə də Xocavənd rayonu ərazisindəki Nərgiztəpənin adı vurğulanmışdır. Kitabda qeyd edilmişdir ki, erməni işğalçıları cəbhə xəttinə yaxın ərazidə yerləşən Nərgiztəpəni dəfələrlə ələ keçirməyə çalışmışlar. Çünki bu abidə  ermənilərin Dağlıq Qarabağa aid olmaları barədə mifi tamamilə alt-üst edir.

Hörmətli akademik Azərbaycan  xalqının bu bölgədə avtoxton olmasını sübut edən yalnız bir neçə arxeoloji abidənin adını çəkmiş, eyni zamanda, bu mövzu ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən antropoloji faktları da diqqətə çatdırmışdır. Müəllif Cənubi Qafqazda Azərbaycan xalqının soykökü ilə bağlı minilliklərdən qalma paleoantropoloji  faktları şərh etmiş, bu regionda ermənilərə aid heç bir qədim tapıntının məlum olmadığını bildirmişdir.

Əsərdə göstərilən bu faktlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda ermənilərin heç bir qədim köklərinin olmadığını, əksinə Azərbaycan xalqının bu regionun ən qədim avtoxton əhalisi olduğunun əyani sübutu kimi arxeoloji abidələrin, arxeoloji qazıntıların müstəsna əhəmiyyətini önə çəkir. Bununla əlaqədar qeyd edə bilərik ki, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun ekspedisiyası Ağcabədi ərazisində Qalatəpə abidəsində qədim Albaniyaya aid bir şəhərin qalıqlarını aşkara çıxarmışdır. Eyni zamanda keçən ildən başlayaraq həmin ekspedisiya Xocavənd ərazisindəki Nərgiztəpə abidəsində arxeoloji tədqiqatlara başlamışdır. Hər iki abidədə arxeoloji qazıntıların daha davamlı, uzunmüddətli olması zəruridir.

 Qarabağın, o cümlədən bütün Azərbaycanın hər bir tarixi mərhələyə aid abidələrinin qazıntıları arxeologiya elminin qarşısında duran başlıca vəzifədir. Bununla belə, akademik Ramiz Mehdiyevin kitabında müzakirə edilən Qarabağın qədim tarixi ilə bağlı aktual problemlər göstərir ki, indiki şəraitdə Qarabağın islamaqədərki Albaniya dövrü abidələrinin, eyni zamanda daha qədim dövrə aid, xalqımızın soykökü ilə birbaşa bağlı olan Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin arxeoloji qazıntılarının daha da intensivləşdirilməsi Azərbaycan arxeologiya elminin əsas prioritet istiqamətlərindən biri olmalıdır. Bu qazıntı işlərində müvafiq ixtisas sahiblərinin, xüsusilə də paleoantropoloqların iştirakı vacibdir. Bundan əlavə, Qarabağla həmsərhəd, yaxın ərazilərdə - Göygöl, Daşkəsən, Gədəbəy və s. rayonlarda Albaniya dövrü xristian abidələrinin arxeoloji tədqiqi işi təşkil edilməlidir. Bütün bu arxeoloji tədqiqatların həm elmi, həm də Azərbaycanın tarixi torpaqlarına olan xarici iddialara qarşı tutarlı cavablar verilməsi baxımından siyasi əhəmiyyəti var.

Digər elmi sahələr kimi arxeologiya da xalqımızın, dövlətçiliyimizin mənafeyinə xidmət etməlidir. Bu gün erməni işğalçılarının qədim tarixi keçmişimizi özününküləşdirmək cəhdlərinə qarşı ən tutarlı cavablar da məhz arxeoloji abidələrdədir. Arxeoloqların vəzifəsi isə bu tarixi faktları əvvəllər olduğundan daha əsaslandırılmış şəkildə, heç bir təhriflərə yol vermədən olduğu kimi xalqımıza və dünya ictimaiyyətinə çatdırmaqdır. Düşmən təbliğatının qarşısının alınması üçün milli mənafelərin nəzərə alınması ilə yalnız tam obyektiv elmi araşdırmaların aparılması yetərlidir.

 

Nəcəf MÜSEYİBLİ,

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun

elmi işlər üzrə direktor müavini

Azərbaycan.-2014.- 26 oktyabr.-  S.5.