Bu gün Azərbaycan təkcə neft
diyarı kimi tanınmır
Ölkəmizdə
yeni yaradılan qeyri-neft sənaye müəssisələrində
müasir standartlara cavab verən məhsullar
istehsal olunur
XIX əsrdə Azərbaycan keçmiş çar Rusiyasının geridə qalmış aqrar əyalətləri sırasında idi. Amma həmin dövrdə Abşeronda neft yataqlarının kəşfi və istismarı ilə ölkəmizdə neft sənayesi sürətlə inkişaf etməyə başladı. Hətta o dərəcədə ki, həmin illərədək kifayət qədər tanınmamış Abşeron, o cümlədən Bakı az vaxt ərzində nəinki Rusiyanın, hətta dünyanın neft maqnatlarının ən çox sərmayə yatırdıqları əraziyə çevrildi. Elə dünyada neftin ilk dəfə sənaye üsulu ilə hasilatına Bakıda başlanması bununla bağlı idi. Buna baxmayaraq həmin dövrdə azsaylı yerli sahibkarları nəzərə almasaq, Bakı nefti əcnəbi maqnatlar üçün "qara qızıl" olsa da, Azərbaycan üçün qara gün idi. Baxmayaraq ki, neft hasilatı artdıqca Bakı birtərəfli olsa, da sənaye şəhərinə çevrilirdi. Hətta 1920-ci ilin aprelində qurulmuş sovet hakimiyyəti də uzun illər Bakını neft sənayesi şəhəri, Azərbaycanın regionlarını isə aqrar əyalət "status"undan xilas edə bilmədi.
Yalnız 1969-cu ilin ortalarından böyük imperiyanın bu geridə qalmış əyalətinə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində Azərbaycan çox qısa zamanda keçmiş SSRİ-nin bütün sahələr, o cümlədən sənaye üzrə sürətlə inkişaf edən respublikasına çevrildi. Faktlara nəzər salaq: həmin dövr (1970-1985-ci illər) Azərbaycanda xalq təsərrüfatının artım sürəti ölkə üzrə orta səviyyəni xeyli qabaqlayaraq, istehsal olunan milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları istehsalı 2,3 dəfə artmışdır. O illərdə respublikada 211 yeni iri sənaye obyekti istifadəyə verilmiş, sənayedə əsas fondların 85 faizi təzələnərək həcmi 2,3 dəfə çoxalmışdır. Qeyd edilən müddət ərzində öz miqyasına görə Azərbaycanın bütün keçmiş tarixində yaradılmış potensialla müqayisə oluna bilən sənaye potensialı yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə respublikamız keçmiş SSRİ-də bir çox sənaye məhsullarının istehsalına görə aparıcı yer tutmuşdur. Məsələn, ümumilikdə SSRİ üzrə neft-mədən avadanlığının 70, elektrik mühərriklərinin 12,2, elektrik-qaynaq avadanlıqlarının 10,5, məişət kondisionerlərinin 100, soyuducuların 5,7, pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi və s. Azərbaycanda istehsal edilmişdir. Bunlardan əlavə, respublikada bir sıra sənaye məhsulları (polad borular, kükürd turşusu, avtomobil şinləri, sintetik yuyucu tozu, linoleum, meyvə-tərəvəz konservləri və s.) istehsalının keçmiş ittifaqda xüsusi çəkisi Azərbaycan əhalisinin xüsusi çəkisindən xeyli yüksək olmuşdur. Həmin dövr ulu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər (bölgələr üzrə təbii ixtisaslaşmanın dərinləşməsi, suvarma işlərinin genişlənməsi və s.) nəticəsində Azərbaycanda güclü aqrar sektor da formalaşmışdır. Ötən əsrin 80-ci illərinin ortalarında keçmiş SSRİ-də istehsal edilmiş üzümün 27, pambıq mahlıcının 9,2, tütünün 16, yaşıl çay yarpağının 5,1, baramanın 13, tərəvəzin 3 faizi respublikamızın məhsulu idi.
Təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə respublikanın bütün sahələr üzrə qazandığı uğurların hamısı hətta qısa sadalansa belə, bir məqaləyə sığan deyil. Lakin bir amil mütləq vurğulanmalıdır ki, o da həmin uğurların gələcəkdə müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına hesablanması idi. Baxmayaraq ki, məhdud müstəqilliyə malik respublika kimi vahid dövlət çərçivəsindəki iqtisadi inkişaf siyasi cəhətdən müstəqil dövlət kimi inkişafdan köklü surətdə fərqlənir. Amma ümummilli lider Heydər Əliyev hətta bu mürəkkəb missiyanın öhdəsindən bacarıqla gəlmişdir. Təsadüfi deyil ki, 1991-ci ilin sonunda SSRİ bir dövlət kimi dağılanda onun tərkibində mərkəzi büdcədən asılı olmayan üç respublikadan biri Azərbaycan idi.
Lakin müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə hakimiyyətə gəlmiş qüvvələr Azərbaycanın bu üstünlüyündən və potensialından istifadə edə bilmədilər. O dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eləcə də keçmiş SSRİ-dəki mövcud əlaqələrin kor-koranə qırılması, üstəlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşməsi və digər səbəblər yenicə müstəqilliyini bərpa etmiş ölkəmizi sosial-iqtisadi böhrana gətirib çıxardı. Həmin illərin iqtisadi mənzərəsi rəqəmlərdə daha aydın görünür: 1991-1994-cü illər ərzində Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul istehsalı (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül sənayedə xüsusilə kəskin xarakter almışdı. Belə ki, sənaye istehsalının həcmi 1985-ci ilə nisbətən 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faiz aşağı düşmüşdü. Azərbaycan istehsal potensialını, demək olar, itirmiş, işsizliyin səviyyəsi kəskin yüksəlmişdi. Bunlardan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1992-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizədək artmışdı. Həmin illər ticarət dövriyyəsinin həcmi də azalmışdı - 42 faiz. Ölkə iqtisadiyyatına isə 1994-cü ilədək bir manat belə xarici sərmayə qoyulmamışdı. Bu proseslər sadə əhalinin güzəranına da təsirsiz ötüşməmişdi. Əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6, ölkə üzrə orta aylıq əməkhaqqı 5,7 dəfə aşağı düşmüşdü. Bütün bu azalmalarsa görünməmiş hiperinflyasiya (1763,5 faiz) fonunda baş verirdi.
Bu da tarixin bir ədalətli hökmüdür - növbəti dəfə də Azərbaycanı xilas etmək missiyası ulu öndərin üzərinə düşdü və o, həmin missiyanın öhdəsindən şərəflə gəldi. 1993-cü ilin iyununda xalqın tələbi və seçimi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdan ümummilli lider qısa müddətdə ölkədə siyasi sabitlik yaratdı, Qarabağ cəbhəsində atəşkəsə nail oldu, bunun ardınca irimiqyaslı iqtisadi və aqrar islahatlara başladı. Nəticədə ölkənin maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb edilməyə başladı, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşdı, inflyasiya minimuma endi, aqrar sektorda keçmiş kolxoz və sovxozların torpaqqarışıq bütün mülkiyyəti təmənnasız olaraq kəndlilərə paylandı. 1994-cü il sentyabrın 20-də 8 ölkəni təmsil edən 11 transmilli neft şirkəti ilə bağlanan "Əsrin müqaviləsi" isə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya edilməsi və enerji təhlükəsizliyimizin təməli idi. Məhz bu təməl üzərində 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və inkişaf dövrü başlandı. Yenə də statistikaya nəzər salaq: 1995-2003-cü illərdə Azərbaycanda ÜDM istehsalı 90,1, sənaye məhsulunun həcmi 25,2, kənd təsərrüfatı məhsulları istehsalı 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85, xarici ticarət dövriyyəsi 4, iqtisadi sektorda çalışanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artmış, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yatırılan investisiyaların ümumi həcmi 20 milyard dolları keçmişdir.
İndi Azərbaycan məhz bu təməlin üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün sosial-iqtisadi inkişafının yeni səhifələrini yazır. 11 ildir Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və günün tələblərinə uyğun zənginləşdirdiyi sosial-iqtisadi siyasətin strateji məqsədi isə sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya edilmiş milli iqtisadiyyatı getdikcə daha dolğun və şaxəli şəkildə formalaşdırmaq, onun dünya təsərrüfat sistemindəki yerini möhkəmləndirməkdən ibarətdir.
Nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, hətta bu sahə üzrə regionun, eləcə də Qərbi Avropanın yaxın və etibarlı tərəfdaşına çevrilən Azərbaycanın iqtisadiyyatı bu gün artıq daha uzaq gələcəyə hesablanmış məqsədləri hədəf götürüb. Bu hədəflər sırasında ölkənin, xüsusən qeyri-neft sənayesinin inkişaf etdirilməsi, bununla da iqtisadiyyatın neft-qaz sektorundan asılılığının minimuma endirilməsi önəmli yer tutur. Dövlət başçısının bununla bağlı imzaladığı sənədlərdən irəli gələn vəzifələrin və qəbul edilən dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin qeyri-neft sektorunun son illər sürətlə inkişaf etməsi də məhz bu siyasətin təzahürüdür. Təkcə cari ilin 9 ayının yekunlarına görə, ölkə sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı 6 faiz artmışdır. Sözügedən dövrdə bu sektor üzrə ÜDM istehsalının artımı da 6 faiz olmuşdur. İlin əvvəlindən ötən müddətdə Azərbaycanda istehsal olunmuş 25,2 milyard manatlıq sənaye məhsulunun 30 faizinə yaxını da məhz qeyri-neft sektorunun payına düşür ki, bu da ölkə üzrə istehsal edilən sənaye məhsullarının təxminən üçdə biri deməkdir. Bu isə qısa müddətdə Azərbaycanda sənayenin qeyri-neft bölməsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin real nəticəsidir.
Belə tədbirlərsə az deyil. Götürək Sumqayıt Kimya Sənaye Parkını (SKSP). Bu park Prezidentin 2011-ci il 21 dekabr fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində yaradılmışdır. Məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Ötən ilin oktyabrında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş parkda tikinti işləri qrafika uyğun gedir. Eyni zamanda, obyektin idarəedici təşkilatı olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən parkın fəaliyyətinin təşkili istiqamətində investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi və təşviqat işləri də aparılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən MMC-yə 20-dən artıq investisiya təklifi daxil olmuş və onlar SKSP-nin rezidenti olmaq niyyətini bildirmişlər. Həmçinin MMC yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndələri ilə görüşlər keçirmişdir. Onu da qeyd edək ki, SKSP-nin investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə burada qeydiyyatın "bir pəncərə" sistemi ilə aparılması istiqamətində tədbirlər görülür.
Sənayeləşmə ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlərdən biri də Balaxanı Sənaye Parkının yaradılmasıdır. Keçən il dekabrın 19-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş bu sənaye parkının da yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətədavamlı məhsulların istehsalını genişləndirmək, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, Bakı və ətraf qəsəbələrdə ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Parkda plastik məmulat, şin, elektrik və elektron cihaz, əlvan metal, kabel və s. bu kimi tullantıların təkrar emalı nəzərdə tutulur. Bu ərazinin nəqliyyat qovşağına yaxınlığı təkrar emal və istehsal edilən məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaq. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında da mühüm rol oynayacaq.
Azərbaycandakı yeni sənaye sahələrindən ən mühümü isə ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə əlaqədardır. Söhbət müdafiə sənayesindən gedir. Müharibə getdiyi bir ölkədə sənayenin bu sahəsinin inkişafının əhəmiyyətini vurğulamağa ehtiyac yoxdur. Əvəzində qısa müddətdə Azərbaycanda müdafiə sənayesinin yaradılmasını, ölkəmizin bu sahədə qazandığı uğurları, ordumuzun bir çox hərbi sursat, ləvazimat və texnika ilə yerli istehsal hesabına təmin edilməsini xüsusi qeyd etməyə ehtiyac var. Bu gün Azərbaycanın hərbi sənaye obyektlərində müasir silah-sursat və texnika istehsal edilir və onlar beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, sonuncu belə sərgilərdən biri məhz Bakıda keçirilmişdir.
Bu gün Azərbaycan həm də kosmos ölkəsidir. Orbitə göndərdiyimiz süni peyk Azərbaycanı dünyanın "kosmos ailəsi"nin üzvü etmişdir. Düzdür, ölkəmiz həmin "ailə"nin hələlik "cavan" üzvüdür. Amma heç kim şübhə etmir ki, Azərbaycanda kosmos sənayesinin təşəkkül tapmasına da çox zaman qalmamışdır.
Cari il oktyabrın 8-də dövlət başçısı ölkə sənayesinin inkişaf etdirilməsi üçün növbəti fərman imzalamışdır. "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" olan bu sənəd regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsinə hesablanmışdır. Söz yox ki, bu vəzifə də vaxtında yerinə yetiriləcək və sənaye məhəllələri bir yenilik olaraq qeyri-neft sektorunun inkişafında öz sözünü deyəcək.
Məlumdur ki, Prezident İlham Əliyev cari ilin əvvəlində imzaladığı sərəncamla 2014-cü ili "Sənaye ili" elan etmişdir. Bəs, başa çatmaqda olan 2014-cü il ölkənin sənaye xəritəsinə hansı yeniliklərlə, daha doğrusu, obyektlərlə düşəcək? Yenə də cari ilin 9 aylıq hesabatına qısa nəzər salaq: qeyd olunan müddətdə Bakıda "Norm" sement və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası zavodları, Suraxanı Günəş Elektrik Stansiyası, Naxçıvan MR-də "Arpaçay-2" SES, Sumqayıtda Azərbaycan Kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncədə Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaşda Yem və Meyvə emalı müəssisələri, Füzuli rayonunda Tikiş fabriki, Lənkəranda Çörək istehsalı zavodu, bu ay isə "Goranboy" paylayıcı elektrik məntəqəsi istifadəyə verilmiş, Gəncədə "Stadler" vaqon istehsalı zavodunun təməli qoyulmuşdur. Qısa vaxtda bu sayda sənaye obyektlərinin istifadəyə verilməsində diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin həmin müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etməsidir ki, bu da ölkənin qeyri-neft sənayesinin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin təsdiqidir. Ümumiyyətlə, qarşısına Azərbaycanı müasir sənaye ölkəsinə çevirməyi məqsəd qoyan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyəti bu sahədə dayanıqlı və sabit iqtisadi sistem formalaşdırmaqdır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkənin dinamik iqtisadi inkişaf tempini qorumağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Neftin bir vaxtlar tükənəcəyini daim vurğulayan dövlət başçısı bu təbii sərvətdən əldə olunan vəsaitin ilk növbədə insan faktorunun inkişafına sərf edilməsi ilə yanaşı, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi yolu ilə ölkənin dayanıqlı qeyri-neft sənayesinin yaradılmasına yönəldilməsini də zəruri sayır. Bu yerdə Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Həmin strategiyada neft-qaz vəsaitlərindən bir çox sahələrdə (regionların, kiçik və orta sahibkarlığın, infrastrukturun inkişafında, yoxsulluğun azaldılmasında, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və s.) istifadə edilməsi ilə bərabər, onların qeyri-neft sektorunun təşəkkül tapmasına yönəldilməsi də nəzərdə tutulmuşdur.
Bu fərmanın imzalanmasından 10 il keçəndən sonra indi əminliklə demək olar ki, sənəddə qarşıya qoyulmuş bütün vəzifələr, o cümlədən qeyri-neft sektorunun inkişafı təmin edilmiş və həmin inkişaf dönməz xarakter almışdır. Bu gün Azərbaycanda, xüsusən regionlarda müasir kimya və texnoparkların yaradılması, ən yeni avadanlıqlarla təchiz olunan müxtəlif təyinatlı müəssisələrin istifadəyə verilməsi nəinki ölkəmizin sənaye potensialını getdikcə gücləndirir, hətta qeyri-neft sənaye məhsullarının ixracını artırır. Təkcə bir fakt: cari ilin 8 ayında Azərbaycandan xarici ölkələrə 1,1 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Azərbaycanda istehsal edilən sənaye mallarının çeşidi də sürətlə artır. Hazırda ölkəmizin emal müəssisələrində tikinti materialları, zəruri ərzaq məhsullarından savayı, avtomobil, kompüter, günəş batareyaları, müxtəlif elektrik avadanlıqları, mebel və s. istehsal olunur. Artıq bir çox sənaye məhsulları üzrə ölkəmiz özü-özünü təmin edir. Sənaye sahələrində çalışanların əməkhaqları da az deyil. Son məlumata görə, həmin göstərici orta hesabla 703 manatdan çoxdur. Nəhayət, son rəqəm: ölkə üzrə istehsal edilən sənaye məhsullarının 80,7 faizi özəl bölmənin payına düşür ki, bunu həm də Azərbaycanda sahibkarlığın inkişafının göstəricisi kimi qəbul etmək olar.
Bir sözlə, sona yaxınlaşan 2014-cü il ölkə sənayesinin tərəqqisi baxımından yeni uğurlarla zəngindir və heç şübhəsiz, həmin uğurlar növbəti illərdə də davam edəcək. Daha doğrusu, "Sənaye ili" təkcə 2014-cü illə yekunlaşmayacaq.
(Məqalə İqtisadiyyat və Sənaye
Nazirliyinin Mətbuat Şurası ilə birgə elan etdiyi
"Azərbaycan sənayesi yeni
inkişaf mərhələsində" mövzusunda
müsabiqəyə təqdim
olunur)
Rüstəm KAMAL,
Azərbaycan.-2014.- 26 oktyabr.- S.6.