Torpaq altında yatan qədim tarix

 

Salyan 2800 il

 

 

Kim bilir, dünyanın neçə neçədir yaşı,

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən nəsilə bir yadigardır.

 

Səməd VURĞUN

 

İnsanlar ta qədimdən suya olan tələbatlarını ödəmək üçün çayların, su olan yerlərin kənarında məskən salmışlar. Salyan şəhəri də bu baxımdan istisna deyil. Min illər boyu Kür çayının hər iki sahilində yaşayan əhali əkinlərini, saxladıqları mal-qaranı da buradan axıb gedən su ilə becərmişlər. Beləcə insanlar nəsil-nəsil doğulub, yaşayıb, köç edib bu yerdən. Dəli Kür adını qazanan çayın da zaman-zaman yerli əhaliyə xeyri ilə bərabər, az da ziyan vurmayıb. Min bir əziyyətlə çiy kərpicdən tikilən evləri, əkinləri, mal-qaranı, bəzən insanların özünü belə cənginə alıb.

Elə buna görə müdrik babalarımız əzizlərini dəfn etmək üçün qəbiristanlıq yerini daha hündür, su basa bilməyən ərazidə seçməli olublar. Babazanlı dağları Salyan şəhərindən, Kür çayının sahilindən təxminən iki min metr kənarda yerləşir.

2011-ci ilin yayında Ələt-Astara yeni magistral şose yolunu çəkənlər Babazanlı karxanasından torpaq götürərkən küp qəbirlərini gördülər. Yol çəkənlər bu barədə yubanmadan Salyan Rayon İcra Hakimiyyətinə məlumat verdilər. İcra başçısı Tahir Kərimov elə həmin gün Salyanın bir neçə ağsaqqalı və ziyalısı ilə birlikdə orada oldu və məsələ ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarını əraziyə dəvət etdi. İnstitutun ekspedisiya qrupu buraya gələrək axtarış və tədqiqat işlərinə başladı. Araşdırmalar nəticəsində küp qəbirlərin 2800 il bundan əvvəlki dövrə aid olduğunu müəyyənləşdirdilər.

2011-ci ilin dekabr və 2012-ci ilin oktyabr aylarında Salyan Rayon İcra Hakimiyyətinin təklifi, AMEA-nın, habelə respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə "Salyanın arxeoloji və memarlıq irsi", "Salyan 2800 il" mövzularında elmi-praktik konfranslar keçirildi. 2012-ci ilin oktyabrındakı konfrans mahiyyət etibarilə beynəlxalq əhəmiyyət kəsb etdiyindən burada bir çox ölkələrin tanınmış alimləri və arxeoloqları da iştirak edirdilər.

Tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin uzaq, yaxın keçmişinə, indisinə və gələcəyinə böyük qayğı və həssaslıqla yanaşan möhtərəm Prezident İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə "Muğan-Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri Azərbaycanın bir daha zəngin və böyük tarixi keçmişə malik ölkə olduğunu sübut edir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılarda 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha  təsdiqlədi.

Ölkə başçısının bu sərəncamı hər bir salyanlının qəlbində sonsuz sevinc hissi doğurdu. Tarixi hadisənin növbəti 2014-cü ilin oktyabr ayının 24-də daha geniş şəkildə qeyd edilməsi qərara alındı. Bu məqsədlə Salyan şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri daha da sürətləndirildi, digər tədbirlər həyata keçirildi. Həmin vaxt gəlib çatdı. Bayram tədbirinə bir neçə gün qalmış şəhər tarixi günə aid şüarlar, transparantlar, nəfis şəkildə hazırlanmış loqolar, dövlət bayrağı və güllər-çiçəklərlə bəzədildi.

Nəhayət, 24 oktyabr günü... Yatağından qalxan günəş çox çəkmir öz zərrin şüalarını ətrafa səpələyir. Bir neçə gün öncə şimal küləyinin qovub bu yerlərə gətirdiyi yağışlı, soyuq havadan əsər-əlamət yoxdur. İlıq payız havası əlamətdar günə yeni ovqat qataraq tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradır.

Tədbirə dəvət olunanlar şəhərin başlanğıcındakı Dövlət Bayrağı meydanında qarşılandılar. Onların sırasında Milli Məclisin deputatları, komitə sədrləri, Milli Elmlər Akademiyasının alimləri, xarici ölkələrin Azərbaycandakı səlahiyyətli səfirləri və digər nüfuzlu qonaqlar var idi. Qarşılanma mərasimindən sonra qonaqlar və Salyan rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli liderin möhtəşəm abidəsi önünə gül dəstələri düzdülər.

Əsl bayram təntənəsinə çevrilən tədbir sonra Salyanda doğulan, Azərbaycanın, eləcə də bütün türk dünyasının əvəzsiz simalarından biri olan şair, jurnalist, rəssam, filosof, dilçi Əlibəy Hüseynzadənin heykəlinin qarşısındakı meydanda davam etdirildi. Qurulan kompozisiya meydana qədimlik, alınmazlıq simvolundan qala görkəmi vermişdi. Ümummilli liderin və Prezident İlham Əliyevin birlikdə çəkilmiş şəklini özündə əks etdirən və meydanın üzərində səmada dayanan nəhəng hava şarı tədbirə yeni rəng qatmışdı. Qəlbi yurd sevgisi ilə vuran salyanlıların hamısı, demək olar ki, burada idi. Onların içərisində ziyalı da vardı, sıravi vətəndaş, gənc və yaşlı insanlar, məktəbli də. Meydanda qələbəlik idi. Tədbirə gələnlər burada ilk olaraq Salyanın tarixinə, təbiətinə, mədəniyyətinə, bu gününə aid olan maddi mədəniyyət nümunələrinə baxdılar, rayon mətbəxi üçün səciyyəvi olan təamlardan daddılar. Fəxri qonaqlar qurulmuş kürsüyə qalxdılar. Dəvə karvanı, atlı çaparlar, idmançılar, ayrı-ayrı idarə, müəssisə kollektivləri bir-birinin ardınca gəlib keçdilər. Rayonun, habelə respublikamızın bir neçə regionundan gəlmiş folklor və bədii özfəaliyyət kollektivləri öz bacarıq və məharətlərini nümayiş etdirdilər. Salyanın "Cəngi", Naxçıvanın "Şərur", Masallının "Halay", Lənkəranın "Nənələr", İsmayıllı rayonu İvanovka kəndinin "Slavyanoçka", Lerikin "Uzun ömürlülər-rəfti" folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Qonaqlara yaxınlaşıb təəssüratlarını öyrəndik.

Ziyad Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik:

- Belə bir tədbirdə iştirak etməyimdən çox məmnunam. Hər şey yüksək səviyyədə təşkil olunub. Salyan Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu torpaq böyük şəxsiyyətlər yetirib. Mənə elə gəlir, bu gün bütün salyanlılar sevinir, öz ata-baba yurdlarının 2800 illiyini qeyd edirlər. Əslinə qalsa, dünya üçün bu tarixin özü o qədər də böyük deyil. Çünki yaşadığımız planetin yaşını doğru-düzgün bilən yoxdur. Amma burada insan yaşayışının, svilizasiyasının tarixini dəqiqləşdirmək böyük işdir. Bu baxımdan 2800 il az tarix də deyil.

Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor, respublika Təhsil Şurasının sədri:

- Mən özüm Neftçala rayonunun Qırmızıkənd kəndində doğulub boya-başa çatmışam, orta təhsilimi isə Salyanda başa vurmuşam. Bu gün burada nümayiş etdirilən maddi mədəniyyət nümunələri, adət-ənənələr məni keçmiş illərə qanadlandırdı. Salyanın 2800 yaşı bir də onu təsdiqləyir ki, Zərdüşt eramızdan əvvəl 6-5-ci əsrlərdə "Avesta" Muğanda yazıb. Mən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova bu mühüm məsələyə ciddi yanaşdığına görə dərin təşəkkürümü bildirirəm. Tədbirin keçirilməsi isə təşkilatçılığın əsl nümunəsidir. Bayram münasibətilə bütün salyanlıları ürəkdən təbrik edirəm.

İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı:

- Salyanın tarixinin müəyyənləşdirilməsində akademiyanın alimlərinin əməyi çoxdur. Onlar burada gərgin və səmərəli iş apararaq küp qəbirlərinin 2800 il bundan əvvəlki dövrə aid olduğunu öyrənmişlər. Burada rayon icra hakimiyyəti rəhbərinin də əməyini qiymətləndirmək lazımdır. Salyan son illər çox dəyişib, abadlaşıb. Bunlar ölkə rəhbərinin regionlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan Prezidentinin Muğan-Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar imzaladığı sərəncam keçmişimizi öyrənmək, ona hörmətlə yanaşmaq baxımından çox əhəmiyyətlidir. Keçmişimizi, tariximizi təbliğ etmək, gənc nəslə aşılamaq indi dövlətin başlıca prioritetlərindəndir. Keçmişsiz bu günümüz olmadığı kimi, bu günsüz də gələcəyimiz ola bilməz.

Nikolay Paskeviç, Belarus  Respublikasının Azərbaycandakı səfiri:

- Gözəl tədbir keçirilir. Böyük layihələrin Bakı şəhərində keçirilməsi adi hal almışdır. Biz bunların canlı şahidləriyik. Amma görməsəydim, inana bilməzdim ki, əyalət rayonunda belə yüksək səviyyədə təşkil olunmuş tədbir keçirilsin. Təəssüratlarım yüksəkdir. Bakıya qayıdan kimi gördüklərimi səfirliyimizin əməkdaşlarına danışacağam. Sözün əsl mənasında Salyan şəhəri haqqında çox şey öyrəndik. Adət-ənənələriniz, folklorunuz, musiqiniz, mətbəxiniz məni valeh etdi. 2800 il yaşı olan bir yerin belə mədəniyyəti də olmalıdır. Mən öz adımdan, səfirliyimizin bütün kollektivi adından bayramınız mübarək olsun - deyirəm.

Bayram tədbirinin növbəti hissəsi Heydər Əliyev parkında respublikamızın tanınmış müğənnilərinin və rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin iştirakı ilə təşkil olunmuş konsertlə davam etdirildi. Müğənnilərin ifa etdikləri şən mahnılar pərdə-pərdə ətrafa yayıldı. 2800 illik tarixə malik Salyan şəhərinin yubileyi. Tədbir bayram atəşfəşanlığı ilə sona çatdı.

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 26 oktyabr.-  S.7.