Bütün zamanların sənətkarı Müslüm Maqomayev

 

Oktyabrın 25-də böyük müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatından 6 il ötür.

AzərTAc xəbər verir ki, bu münasibətlə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin xatirəsini yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Anma mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səsi ilə dünyanı fəth edən, Azərbaycan musiqi sənətində böyük iz qoyan Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı mühüm nailiyyətlərini yüksək qiymətləndirib.

Nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib.

Nazir müavini dövlətimiz tərəfindən böyük müğənninin sənətinə yüksək qiymət verildiyini qeyd edərək Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bütün qərarların icra olunduğunu söyləyib.

Xalq artisti, Müslüm Maqomayevin dostu Eldar Quliyev müğənninin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskayanın xəstə olduğu üçün anım tədbirinə qatıla bilmədiyini söyləyib. O, havanın yağışlı olmasına baxmayaraq, Müslüm Maqomayevi anmaq üçün məzarı üstünə toplaşanlara həm öz, həm də sənətkarın xanımı  adından təşəkkürünü bildirib.

Görkəmli müğənni ilə eyni musiqi məktəbində, sonralar isə konservatoriyada oxuduqlarını söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə onun simasında alicənab, davranışlarında ziyalı olan böyük bir insanı gördüyünü vurğulayıb.

Unikal səsə malik Müslüm Maqomayev milyonlarla insanın məhəbbətini, rəğbətini qazanıb. Belə səs yüz ildə bir dünyaya gəlir. Vurğulanıb ki, Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ölkəmizin simvoluna çevrilib.

F.Əlizadə Müslüm Maqomayevin Bəstəkarlar İttifaqının üzvü olmasını fəxrlə qeyd edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov Müslüm Maqomayevin məzarı üstündəki xatirə abidəsinin müəllifi kimi böyük musiqiçinin obrazını yaratmaqdan şərəf hissi duyduğunu söyləyib. Bu abidədə Müslüm Maqomayevi hər zaman səhnədə çıxış edən, romantik, gözəl görünüşlü, tükənməz enerjili ifaçı kimi əks etdirməyə çalışdım.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Müslüm Maqomayevin Azərbaycana və insanlara məhəbbətindən danışıb.

Xalq artisti, professor Xuraman Qasımova onunla bağlı xatirələrini bölüşüb, Müslüm Maqomayevin səsinin vurğunu olduğunu söyləyib. Ölkəmizi dünyada tanıdan, təkrarolunmaz müğənni Müslüm Maqomayevin həmişə gənclərin uğurlarına sevindiyini qeyd edib. Ona görə də bu gün onun adını daşıyan vokalçıların Müslüm Maqomayev adına beynəlxalq müsabiqəsi böyük maraqla keçirilir.

Bildirilib ki, M.Maqomayevin xatirəsi, sənəti, bənzərsiz ifaları heç vaxt qədirbilən xalqımız tərəfindən unudulmayacaq.

 

Azərbaycan.-2014.- 26 oktyabr.-  S.8.