Türkiyədə Süleyman
Dəmirəl Demokratiya
və İnkişaf Muzey Kompleksinin açılışı olub
Doğma
yurdunda – dünyaya göz açdığı İsparta
vilayətinin İslamköy kəndində Türkiyənin
doqquzuncu Prezidenti Süleyman Dəmirəlin həyat və fəaliyyətini
əks etdirən “Süleyman Dəmirəl Demokratiya və
İnkişaf Muzey Kompleksi”nin açılışı
münasibəti ilə təntənəli mərasim
keçirilib.
Azərbaycanın
dövlət rəsmiləri və ziyalılarından ibarət
nümayəndə heyətinin də qatıldığı mərasimdə
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil
Çiçək, nazirlər, ölkədə fəaliyyət
göstərən siyasi partiyaların, Ankaradakı diplomatik
korpusun rəhbərləri, xarici ölkələrdən gəlmiş
prezidentlər, sabiq dövlət və hökumət
başçıları, müxtəlif sahələri təmsil
edən görkəmli şəxsiyyətlər, elm və mədəniyyət
xadimləri iştirak ediblər.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan
dövlətinin başçısı İlham Əliyevin təbrik
məktubunu Süleyman Dəmirələ təqdim edib. Təbrik
məktubu mərasimdə oxunub.
Dövlət
rəsmiləri, Milli Məclisin deputatları, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin təmsilçisi,
qeyri-hökumət təşkilatlarının rəhbərləri,
yazıçı və şairlərin təmsil
olunduqları Azərbaycan nümayəndə heyəti tərəfindən
muzeyə müxtəlif hədiyyələr verilib.
Süleyman
Dəmirəlin uzun zaman kəsiyini əhatə edən siyasi fəaliyyətini
əks etdirən film nümayiş etdirilib, sonra bədii hissə
olub.
Mərasimdə
çıxış edənlər Süleyman Dəmirəl
şəxsiyyətinin ucalığından, onun demokratik
mübarizəsindən və Türkiyədə əldə
olunan nailiyyətlərdən danışıblar. Diqqətə
çatdırılıb ki, bütün siyasi həyatını
Türkiyənin inkişafına həsr edən Süleyman Dəmirəl
ilə ümummilli lider Heydər Əliyevin səmimi
dostluğu Azərbaycan-Türkiyə münasibətlərinin
inkişaf strategiyasını müəyyənləşdirib,
o cümlədən türk dünyası birliyinin
inkişafına təkan verib.
Süleyman
Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər
ailəsinin ata-baba mülkü olan torpaq sahəsində
qurulmuş Muzey Kompleksi 16 min kvadratmetr ərazini əhatə
edir. Süleyman Dəmirəlin qardaşı mühəndis
Şövkət Dəmirəl tərəfindən layihələşdirilən
kompleksdəki binaların inşasında Səlcuqlar və
Osmanlı dövrünün memarlıq üslubundan istifadə
olunub.
Altı min kvadratmetr tikilini əhatə edən Muzey Kompleksi Süleyman Dəmirəlin uşaqlıq həyatı, baş nazir olduğu illərdə ölkənin sosial - iqtisadi həyatında nail olduğu inkişaf, dövlət başçısı kimi qazandığı siyasi nailiyyətlər, ona verilən hədiyyələr, kitabxana, istifadə etdiyi geyim dəstləri və digər məqamlardan ibarət bölmələrdən ibarətdir. Ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərini əks etdirən şəkillər, Prezident İlham Əliyevlə birlikdə olan xatirə fotoları, kitab və jurnallar, həmçinin qiymətli hədiyyələr və Azərbaycandan aldığı təltiflər kompleksin muzey binasında xüsusi bölümdə əks olunub.
Muzey Kompleksinin açılışı münasibəti ilə İslamköy kəndində böyük bir izdiham yaşanıb. Kompleksin yerləşdiyi ərazini əhatə edən küçələr dövlət qurumları, şirkət və təşkilatlardan, Süleyman Dəmirəlin dostları və sadə insanlar tərəfindən gətirilmiş gül çələngləri, tər çiçəklərlə bəzədilib.
Həmkəndliləri də əlamətdar hadisə münasibətilə sevinc hislərini dünya şöhrətli siyasi və dövlət xadimi Süleyman Dəmirəllə bölüşüblər.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İsparta
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 3.