İqtisadiyyat və sənaye naziri Ağsuda vətəndaşları qəbul edib

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 27-də Ağsuda vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil edilmiş qəbulda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Nazir Şahin Mustafayev vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqının fəaliyyətinə dəstək göstərilməsi, metal konstruksiyaların istehsalı, torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi, sosial və digər məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbul zamanı sahibkarlar əkinçilik, heyvandarlıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatının genişləndirilməsinə dair təkliflər irəli sürüblər. Bununla bağlı müzakirələr aparılıb və nazir Ş.Mustafayev investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.

Nazir qəbul günü birbaşa müraciət edən vətəndaşların da müraciətlərinə diqqətlə yanaşıb. Müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.

Ümumilikdə, həmin gün nazir Ş.Mustafayev 100-dən çox vətəndaşı qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 28 oktyabr.- S. 4.