Azərbaycanın iki filmi İpək Yolu Beynəlxalq
film festivalının
mükafatına layiq görülüb
Çin
Xalq Respublikasının tarixi Sian şəhərində
birinci Beynəlxalq İpək Yolu film Festivalı
keçirilib. Azərbaycan istehsalı olan iki film festivalın
mükafatına layiq görülüb.
Qədim
İpək Yolu üzərində yerləşən ölkələr
arasında mədəni əlaqələri genişləndirmək,
xüsusən də kino istehsalı sahəsində əlaqələri
dərinləşdirmək məqsədi daşıyan
festivala 25 ölkədən 147 film təqdim olunub. Festival
çərçivəsində film sənayesi sərgisi,
müxtəlif forumlar təşkil edilib, filmlərə
baxış olub.
Azərbaycandan
festivala iki film təqdim olunub: bunlar “Axınla
aşağı” və “Mayak” bədii filmləridir.
Siandakı “Cinşa” kinoteatrında Azərbaycan filmlərinə
baxış olub. Baxışdan əvvəl
çıxış edənlər bilirdilər ki, bu cür tədbirlər
ölkələr arasında mədəni əlaqələrin
genişlənməsinə töhfə verməklə
yanaşı, müvafiq sahədə birgə əməkdaşlıq
üçün yeni imkanlar açır.
Azərbaycanın
Çindəki səfiri Lətif Qəndilov ölkəmizin
kino tarixi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan
ilə Çin arasında mədəni əlaqələrin
möhkəmlənməsi xalqlarımızın bir-birini daha
yaxından tanımasına kömək edəcəkdir.
Sonra “Axınla
aşağı” filminin
nümayişi olub. Quruluşçu
rejissoru Asif Rüstəmov olan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasının istehsalıdır.
Psixoloji ailə dramı olan filmdə əsas hadisələr Mingəçevirdəki “Kür”
Olimpiya Tədris-İdman
Mərkəzində cərəyan
edir. İdman məşqçisinin ailəsində baş verən faciə nəticəsində filmin
qəhrəmanı onu
əhatə edən insanlara, ümumiyyətlə,
həyata yeni nəzərlə baxmağa
başlayır.
Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanov tamaşaçıların
film haqqındakı suallarını
cavablandırıb.
Festivala
təqdim olunan digər filmimiz - “Mayak” isə Sergey Gerasimov adına
Ümumrusiya Dövlət
Kinematoqrafiya Universitetinin
məzunu Fariz Əhmədovun diplom işidir. Mədəniyyət və Turizm
Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin
qalib kinolayihələrindən
olan “Mayak” dramında mövzu ata-oğul münasibətidir.
Qeyd edək
ki, münsiflər heyətinin qərarı ilə “Axınla aşağı” və “Mayak” filmləri festivalın mükafatına
layiq görülüb.
Mükafatlandırma mərasimində dünya kino sənayesinin tanınmış simaları,
Çin mərkəzi
və yerli hökumətinin rəhbər
şəxsləri, aktyorlar
iştirak edib. Mərasimdə mükafatlar təqdim edilib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin
kino sahəsində əməkdaşlığına dair birgə bəyannamə qəbul olunub.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Sian
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 8.