Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına
Hörmətli
forum iştirakçıları!
Sizi
ölkəmizin paytaxtı Bakı şəhərində
salamlayır, mötəbər toplantınızın işə
başlaması münasibətilə təbrik edirəm.
Gənclər
siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa
etmiş Azərbaycan dövlətinin fəaliyyətində
prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata
keçirmək üçün ölkəmizdə əlverişli
sosial-iqtisadi və ictimai-siyasi şərait
yaradılmışdır. Son illər aparılan
ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız
sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin
bütün təbəqələri, o cümlədən gənclər
arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli
dərəcədə azalmışdır. Təhsil, səhiyyə,
mədəniyyət və idmanın maddi-texniki bazası
möhkəmlənmiş, cəmiyyətdə davamlı
sabitlik bərqərar olmuş, əsrlər boyu
xalqımıza xas olan qonaqpərvərlik ənənələri
və tolerantlıq mühiti daha dərin kök
salmışdır.
Gənc
nəslin intellektual, fiziki və mənəvi
inkişafının təmin edilməsi, yaradıcı
potensialının üzə çıxarılması,
ictimai fəallığının artırılması,
sosial-məişət və məşğulluq problemlərinin
həlli sahəsində kompleks tədbirlərin görülməsi
daim diqqət mərkəzindədir. Bu məqsədlə son
10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək
icra edilmiş, gənclər təşkilatlarının və
ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə
dəstək verən fond yaradılmışdır.
Sosial-iqtisadi
inkişafın sürətləndirilməsi və mükəmməl
infrastrukturun formalaşdırılması istiqamətində həyata
keçirilən layihələr, müxtəlif ölkələr
və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və
çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin
təşkili sahəsində qazanılmış zəngin təcrübə
son illər Azərbaycanın region, qitə və dünya səviyyəli
forumlara, konfranslara, zirvə toplantılarına və idman
yarışlarına ev sahibliyi etməsinə imkan
vermişdir. Əminəm ki, bu gün işə başlayan Gənclər
siyasəti üzrə birinci qlobal forum da həmin tədbirlər
sırasında layiqli yer tutacaqdır.
Biz
ilk forumun Bakı şəhərində keçirilməsi barədə
qərarı ölkəmizin gənclərlə iş sahəsindəki
təcrübəsinə verilən yüksək qiymət kimi
dəyərləndiririk. Hesab edirik ki, bu toplantı
qloballaşmanın geniş vüsət aldığı
müasir dövrdə gənclər siyasətinin prioritetlərinin
dəqiqləşdirilməsi, problemlərin həlli
yollarının araşdırılması,
iştirakçı ölkələrin dövlət
orqanları və qeyri-hökumət təşkilatları
arasında təcrübə mübadiləsinin
aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli
müzakirələrlə yadda qalacaqdır.
Forumun
işinə uğurlar, hər birinizə möhkəm
cansağlığı arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 oktyabr
2014-cü il.
Azərbaycan.-2014.- 29 oktyabr.- S.1.