Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan

 dövlətlərin Ağsaqqallar Şurasının 8-ci iclası keçirilib

 

Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan dövlətlərin Ağsaqqallar Şurasının (AŞ) 8-ci iclası keçirilib.

İclasda TDƏŞ-in baş katibi Ramil Həsənov, TDƏŞ baş katibinin müavini Adaxan Madumarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Türkiyə Ağsaqqallar Şurasının sədri Metin Kılıç, Qazaxıstan və Qırğızıstan ağsaqqallar şuralarının sədrləri Adil Əhmədov və Beksultan Jakiev iştirak ediblər.

Tədbirdə TDƏŞ arasında bütün sahələrdə, o cümlədən iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı, Astanadakı Türk Akademiyasının gələcək fəaliyyəti və türkdilli ölkələrlə əlaqələrin daha da yaxınlaşdırılması, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək planı və digər məsələlər müzakirə olunub.

AŞ-nin iclasında mənzil-qərargahı Bişkekdə olacaq Beynəlxalq Köçəri Mədəniyyət Mərkəzinin yaradılması tövsiyə olunub. Deyilib ki, bu məsələ Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının növbəti iclasında müzakirə ediləcək.

 

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

Azərbaycan.-2014.-29 oktyabr.-S.2.