Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafında təhsil sahəsində
əməkdaşlıq da vacib
rol oynayır
Oktyabrın 28-də Milli Məclisdə
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvləri Türkiyənin
milli təhsil nazirinin müavini Yusif Tekinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AzərTAc xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışan işçi qrupunun rəhbəri Nizami Cəfərov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. O, xalqlarımızın dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini vurğuladı. N.Cəfərov iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd etdi.
Yusif Tekin ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğuladı. Bildirildi ki, elm, təhsil sahələrində əməkdaşlıq, aparılan təcrübə mübadiləsi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə də yaxşı töhfələr verəcək.
Görüşdə
Azərbaycanın və Türkiyənin üzv
olduqları beynəlxalq qurumlardakı faydalı əməkdaşlığı,
təhsil sahəsində nəzərdə tutulan
islahatlar, tələbələrin həyat
şəraitinin yaxşılaşdırılması sahəsində
görülən işlər barədə fikir
mübadiləsi aparıldı.
Azərbaycan.
- 2014.- 29 oktyabr.- S.2.