Şəhər,
rayon icra hakimiyyəti
başçılarının ictimai-siyasi
və humanitar məsələlər
üzrə müavinlərinin seminar-müşavirəsi
işə başlayıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırığına əsasən
şəhər, rayon icra hakimiyyəti
başçılarının ictimai-siyasi və humanitar məsələlər
üzrə müavinlərinin oktyabrın 28-də Prezident
yanında Dövlət İdarəçilik Akademiyasında
seminar-müşavirəsi işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edərək bu seminar-müşavirənin ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsinə və humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi prosesinə layiqli töhfə verəcəyini bildirib.
Şəhər, rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri ilə yanaşı, Prezident Administrasiyasının struktur bölmələrinin, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, şəhər və rayon icra hakimiyyətləri başçılarının da iştirak etdikləri seminar-müşavirənin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsidir. Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş icra hakimiyyəti başçılarının bir qrupuna “Şöhrət” və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlərini təqdim edib.
Daha sonra seminar-müşavirədə Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.
Seminar-müşavirə
oktyabrın 29-30-da öz işini
davam etdirəcək.
Azərbaycan.
- 2014.- 29 oktyabr.- S.3.