Azərbaycan ilə Qətər arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq inkişaf edir

 

Oktyabrın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətər Dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd Əl-Tani ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov bildirib ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Sazişiki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfir Mübarək bin Fəhd Əl-Tani Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini deyib.

Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fəhd Əl-Taniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.3.