Azərbaycan
ilə Norveç arasında elmi əlaqələr genişlənir
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin
Norveç Krallığının ölkəmizdəki səfiri
Baard İvar Svendsen və “Statoil” şirkətinin prezidenti
Helge Lundu ilə görüşü olub.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə respublikamızda elmin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan elmi Avropa və Amerika qitələrində də tanınmağa başlayıb. Bu, Norveçlə elmi əlaqələrin inkişafına da şərait yaradıb. Əlaqələrin inkişafında AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “Statoil” şirkəti arasında əməkdaşlıq xüsusi rol oynayır. Neft geologiyasının tədqiqinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində mühüm tədqiqatlar aparılıb və səmərəli nəticələr əldə edilib. Hazırda əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
H.Lundu “Statoil” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşerondakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq, Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Vurğulanıb ki, “Statoil” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir.
H.Lundu gələcəkdə elm və texnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağın məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Səfir Baard İvar Svendsen öz ölkəsi ilə Azərbaycan arasındakı mövcud elmi əlaqələrin əhəmiyyətindən danışıb və bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir, eyni zamanda, “Statoil”in respublikamızdakı fəaliyyətindən, yerli şirkətlərlə əməkdaşlığından məmnun qaldığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan elminin dünyaya inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir.
Azərbaycanlı gənc alim və mütəxəssislərin Norveçdə doktorantura və ixtisasartırma təhsili alması barədə təklif razılıqla qarşılanıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev GGİ-nin qərb ölkələrinə məxsus neft şirkətləri ilə geniş əməkdaşlıq etdiyini və “Statoil”in bu sırada ilk yerlərdə olduğunu vurğulayıb.
Akademik A.Əlizadə norveçli nümayəndələri ölkəmizdə ilk dəfə noyabr ayında keçiriləcək “Bakı Elm Festivalı-2014”-ə dəvət edib.
Qonaqlar
AMEA rəhbərliyini əməkdaşlıq çərçivəsində
Norveçdə görmək istəklərini ifadə ediblər.
Azərbaycan.
- 2014.- 29 oktyabr.- S.3.