Forumun plenar iclasında və sessiyalarında gənclər siyasəti ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub

 

Oktyabrın 28-də Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçıları ilk plenar iclasda Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının qəbulundan keçən 20 ildə görülən işlər və qarşıda duran vəzifələri müzakirə ediblər.

"Gənclər siyasəti gənclərin iştirakı olmadan aparıla bilməz, onlar özlərinin gələcəyi, perspektivləri ilə bağlı bütün proqramların hazırlanmasında fəal iştirak etməlidirlər".

Bu sözləri BMT-nin Əhali Fondunun direktor müavini Anne Birgitte Alberktsen çıxışında deyib. O, gənclərlə bağlı siyasətin formalaşdırılmasında səhiyyə, təhsil, məşğulluq kimi sahələrdə gənclərin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib. BMT nümayəndəsi deyib ki, gələcəkdə Avropa istisna olmaqla, AfrikaAsiya qitələrində əhalinin əksəriyyətini gənclər təşkil edəcək. O bildirib ki, dünya üzrə işsizlərin 40 faizi gənclərdir. Onların işlə təmin olunması üçün milyonlarla yeri açılmalıdır.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclər siyasəti daim diqqətdə olub", - deyən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 1996-cı ildə ilk dəfə respublikada Gənclər forumu keçirilib. Nazir Azərbaycanda gənclərlə bağlı tədbirlərin reallaşdırıldığını, proqramlar qəbul olunduğunu qeyd edib. O, məlumat verib ki, ölkədə gənclər mərkəzləri fəaliyyət göstərir, regionlarda yaşayan gənc insanlar cəmiyyətin həyatında fəal iştiraka cəlb edilirlər. A.Rəhimov respublikada gənclər üçün biznes fəaliyyətinin yaxşılaşdırılması və məşğulluq məsələləri sahəsində görülən işləri diqqətə çatdırıb.

Ölkəsində ən gənc nazir olan Albaniyanın sosial rifah və gənclər naziri Erion Veliaj gənclərin cəmiyyətdə müsbət dəyişikliklər üçün çalışmasını xüsusi vurğulayıb. O bildirib ki, indiki gəncləri son model telefon almaq maraqlandırır, nəinki özünün gələcəyini daha parlaq etmək uğrunda çalışmaq. Albaniyalı nazir vurğulayıb ki, 20 il bundan əvvəl veb-dizayner, sosial media meneceri kimi peşələr yox idi. Hazırda isə bu peşələrin sahibləri məhz gənclərdir. Nazirin fikrincə, gəncliyə yatırılan sərmayə həmişə bəhrəsini verəcək.

İbero-Amerika Gənclər Təşkilatının baş katibi Alejo Ramirez Latın Amerikası ölkələrində gənclər siyasətindən danışıb. O, yaşadığı regionda gənclərlə bağlı bir sıra ölkələrin modelinin özünü doğrultmadığını, Cənubi Amerikada gənclərin gələcəyi ilə bağlı yeni yanaşma lazım olduğunu bildirib.

Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədr müavini xanım Hanan Bihi isə qeyd edib ki, müasir gənclərin arzusu mövcud imkanlardan daha çox istifadə edə bilməkdir. O, təmsil etdiyi quruma 30 gənclər təşkilatının üzv olduğunu deyib və Bakı forumunun gənclərin fəaliyyətini əlaqələndirmək üçün mühüm rol oynayacağını bildirib. H.Bihi qeyd edib ki, qabaqcıl təcrübə mübadiləsi müasir gənclərin məqsədlərindən biri olmalıdır.

Gənclər siyasəti üzrə birinci qlobal forumun plenar iclası çərçivəsində sessiyalar keçirilib. Sessiyalarda aktual məsələlər müzakirə olunub.

Gənclərin təhsil problemlərinin müzakirə olunduğu sessiyada BMT-nin Qlobal Təhsil üzrə Birinci Təşəbbüsünün Gənclər naminə qrupunun üzvü Anna Susarenko, Rumıniyanın gənclər siyasəti üzrə dövlət katibi Kristian Kosmin, Avropa Şurasının eksperti Hovard Vilyamson və digərləri iştirak ediblər.

Qeyd olunub ki, dünyada hələ də milyonlarla gənc orta təhsil almaq imkanından məhrumdur. Gənclərin bir qismi informasiya-kommunikasiya texnologiyalarından kənarda qalıb. Müzakirə iştirakçıları gənclərin işsizliyi, onlar arasında savadsızlığın azaldılması yolları ətrafında fikir mübadiləsi aparıblar, müxtəlif ölkələrin təcrübələrindən nümunələr gətiriblər.

BMT-nin Sənayenin İnkişafı Departamentinin gənclərin inkişafı şəbəkəsinin həmsədri xanım Monika Karqonun moderatorluğu ilə keçirilən növbəti sessiya gənclərin məşğulluğu və sahibkarlıq məsələlərinə həsr edilib. Sessiyada dünyada hökm sürən iqtisadi böhranın işsizliyin yaranmasına, əhalinin miqrasiyasına, məşğulluq problemlərinin daha da artmasına səbəb olduğu diqqətə çatdırılıb.

UNESCO-nun uşaqlar və gənclər proqramının direktoru Saji Prelisin moderatorluğu ilə keçən digər sessiyada sülh və təhlükəsizlik məsələləri müzakirə olunub.

Sessiyada Somalinin gənclər və idman naziri Xalid Ömər Əli, strategiya və siyasət üzrə məsləhətçi  Yon-Andreas Solberq, gənc sülh qurucularının birləşmiş şəbəkəsinin nümayəndəsi Matilda Fleminq  mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda dünyada baş verən münaqişələrin yaranmasının, gənclərin bu konfliktlərə cəlb olunmasının səbəblərindən bəhs edilib, bunun qarşısının alınmasının yollarından danışılıb.

Forumun səhiyyə məsələlərinə həsr edilən sessiyasının moderatoru Dünya Səhiyyə Təşkilatının şöbə müdiri Ceyn Ferusson gənclərin sağlamlığının yaxşılaşdırılması istiqamətində əldə olunan təcrübələrin öyrənilməsi, bu sahədəki problemlərin həllinin vacibliyindən bəhs edib.

Melburn Universitetinin professoru Corc Patton, BMT-nin Şri-Lankadan olan nümayəndəsi Dakşita Vikmaratne, Seyşel adalarının vitse-prezidenti Rollen Dani Antuan For sessiyada çıxış edərək gənclər və yaşlılar arasında aparılan tədqiqatlar və onların nəticələri, müxtəlif ölkələrdə gənclər siyasətinin tərkib hissəsi kimi gənclərin sağlamlığı məsələsi barəsində fikir mübadiləsi aparıblar.

Plenar iclasın növbəti sessiyası gənclərin ictimaisiyasi proseslərdə iştirakına həsr edilib. Moderatoru BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin müavini Nato Alhazişvilinin olduğu sessiyada gənclər siyasətinə yeni baxışlar, bu sahənin inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi, müxtəlif ölkələr arasında mübadilə proqramlarının hazırlanması məsələləri müzakirə edilib. Müzakirələrdə Monqolustanın əhalinin inkişafı və sosial müdafiəsi naziri Erden Sodnomzunduy, Avropa Şurasının Gənclər üzrə Birgə Şurasının sədri Laurens Hermand, İndoneziya Gənclər Tədqiqatı Mərkəzinin rəhbəri Muhammad Nacib Azka çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra BMT-nin Könüllülər qurumunun regional proqram rəhbəri Cavtar Zeroualinin moderatorluğu ilə "Könüllülük" mövzusunda sessiya keçirilib.

Sessiyada ABŞ-ın qlobal gənclər məsələsi üzrə xüsusi məsləhətçisi Endi Rabens, AIESEC Beynəlxalq təşkilatının prezidenti Viniçius Tsuqu və WAGGGS təşkilatının gənc məsləhətçisi Petra Stepaniç çıxış edərək bu gün dünyada cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların milyonlarla olduğunu, bu işlərə gənclərin cəlb edilməsinin zəruriliyini vurğulayıblar.

Ətraf mühitin problemlərinə həsr edilən sessiya ictimaiyyət və gənclər siyasəti üzrə tədqiqatçı Aleks Farrou və YOUNGO təşkilatının həmtəsisiçisi Kayli Qreysinin moderatorluğu ilə keçirilib.

BMT-nin Ətraf Mühit Proqramı üzrə nümayəndəsi Əli Şahbaz, ekspert Moa Herraqard, Qlobal Gənc Yaşılları təşkilatının nümayəndəsi Ceroni Verger çıxışlarında gənclər siyasətinin formalaşmasında düzgün tərbiyə, yaxşı təhsilin rolunu qeyd ediblər.

"Gender bərabərliyi" mövzusunda növbəti sessiya BMT-nin Qadınlar Təşkilatının nümayəndəsi Urjazi Rudranın sədrliyi ilə keçirilib. İclasda gender bərabərliyi, müxtəlif ölkələrdə qadınların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən maarifləndirici tədbirlər və beynəlxalq layihələr barəsində ətraflı danışılıb.

Digər sessiya gənclərin bərabər şəkildə hüquqlardan, təhsildən, səhiyyədən yararlanmasına həsr olunub. BMT-nin İnkişaf Proqramının gənclər siyasəti üzrə eksperti xanım Noella Riçardın sədrliyi ilə keçirilən sessiyada Afrikanın Gənclər Təşkilatının prezidenti Mordeka Şumba müasir cəmiyyətdə bərabər hüququn təmin olunmasının əhəmiyyətinə toxunub. İsveçin gənclər və vətəndaş cəmiyyəti üzrə tədqiqatçısı xanım Sofiya Kindayi təhsil, ətraf mühit, sağlamlıq, mədəniyyətlərarası dialoq sahələrində islahatların aparılması ilə bağlı fikirlərini bölüşüb.

Urbanizasiya və məskunlaşdırma mövzusuna həsr edilən sessiyada dünyada gedən məskunlaşma prosesləri, gənclərə təsiri, bu proseslərin sürətlənməsinin səbəbləri ətrafında fikir mübadiləsi aparılıb. İclasda Somalinin gənclər və idman naziri Xalid Ömər Əli, BMT-nin Əhali Fondunun nümayəndəsi Dana Podmolikova çıxış ediblər.

Avropa Şurası ilə Avropa Komissiyası arasında gənclər sahəsində tərəfdaşlıq üzrə əlaqələndirici Marta Medlinskanın moderatorluğu ilə baş tutan "Sosial inklüzivlik" mövzusunda sessiyada isə gənclərin müasir cəmiyyətdə rolu, fəaliyyəti və inkişafı haqqında danışılıb. Hindistanın İqtisadiyyatSosial Elmlər Mərkəzinin professoru Mahendra Dev, Papua-Yeni Qvineyadakı Gənc Qadınların Xristian Assosiasiyasının direktoru Dianne Kambanei və digərləri gənclərin inkişafı istiqamətində forumun işini yüksək qiymətləndiriblər.

İnformasiyakommunikasiya texnologiyaları mövzusu növbəti sessiyada müzakirə olunub. BMT-nin İctimaiyyətin məlumatlandırılması Departamentinin rəhbəri Maher Nasserin moderatorluğu ilə keçirilən sessiyada informasiyakommunikasiya texnologiyalarının gənclərin həyatındakı rolu, gənc nəslin formalaşmasında kompüter texnologiyalarının təsirindən bəhs edilib.

UNESCO-nun gənclər və idman bölməsinin rəhbəri Aleksandr Şışlıkın moderatorluğu ilə keçən sessiyada gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Namibiyanın gənclər, milli idman və mədəniyyət üzrə nazir müavini Culiet Kavetuna, BMT-nin İnkişaf Proqramı üzrə xoşməramlı səfir Marta Vieyra da Silva, gənclər və uşaqlar üzrə Aralıq dənizi ölkələri forumunun baş əlaqələndiricisi Yassin İsbouya sessiyada mövzu ilə bağlı çıxışlar ediblər.

Gənclər siyasəti üzrə birinci qlobal forum oktyabrın 29-30-da öz işini davam etdirəcək.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.4.