Azərbaycanın Rusiyadakı səfiri yenidən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri seçilib

 

Oktyabrın 27-də haqqin.az informasiya saytında “Polad Bülbüloğluna Sarkisyanla işləmək tapşırılıb” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Rusiyadakı səfirliyində AzərTAc-a bildirilib ki, həmin materialda həqiqətə uyğun olmayan məlumat yayılıb.

Əslində oktyabrın 26-da Moskvada MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin birgə iclası keçirilib. DHƏF və HƏŞ MDB məkanında humanitar əməkdaşlıq sahəsində fəaliyyət göstərən iki müxtəlif qurumdur.

DHƏF-in Nizamnaməsinə uyğun olaraq Fondun idarə heyətinin sədri iki il müddətinə seçilir. Səfir Polad Bülbüloğlu 2010-cu ildə ilk dəfə, 2012-ci ildə ikinci dəfə bu vəzifəyə seçilib. Oktyabrın 26-da keçirilən iclasda Polad Bülbüloğlu yenidən Fondun idarə heyətinin sədri seçilib və beləliklə, onun səlahiyyət müddəti daha iki il artırılıb.

HƏŞ barədə isə onu qeyd etmək lazımdır ki, hər il keçirilən seçkilər yolu ilə Şuranın sədri vəzifəsini 2007-2010-cu illərdə Cahan Pollıyeva (RF), 2010-2012-ci illərdə Saymurod Fattoyev (Tacikistan), 2012-2014-cü illərdə isə Oleq Proleskovski (Belarus) tutub.

HƏŞ qaydalarına uyğun olaraq, Şuranın sədri ilə yanaşı həmsədri də seçilir. Oleq Proleskovski Belarus Respublikasında yeni vəzifəyə təyin edildiyinə görə, onun başqa namizədlə əvəz edilməsi zərurəti yaranıb və oktyabrın 26-da keçirilən iclasda həmin vəzifəyə Ermənistan Respublikası Prezidenti Aparatının rəhbəri Vigen Sarkisyan seçilib. Eyni zamanda, ümumi razılıq əsasında Şuranın həmsədri vəzifəsinə Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı təsdiq edilib.

Səfirliyin mətbuat xidmətində vurğulayıblar ki, yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq faktları dəqiqləşdirmədən Azərbaycan informasiya agentliklərinin xəbər lentlərində, o cümlədən haqqin.az saytında ayrı-ayrı jurnalistlərin materiallarının dərc edilməsi və beləliklə yol verilən təhriflər oxucularda yanlış təsəvvür yaranmasına xidmət edə bilər. Səfirliyin mətbuat xidmətindəAzərTAc-a bildirilib: “Bu baxımdan, dərc edilən məlumata belə diqqətsiz münasibət hallarının aradan qaldırılmasını vacib hesab edirik”.

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.7.