Nəcib nəslin görkəmli nümayəndəsi

 

Hər bir dövr özünün böyük şəxsiyyətlərini - qəhrəmanlarını və dövlət xadimlərini, alimlərini, yazıçılarını, bəstəkarlarını və rəssamlarını yetişdirir. Bu insanlar bir çox hallarda onlara qədər görülməyən işləri həyata keçirir, söylənməyən sözləri deyirlər. Zaman keçirbu insanlar unudulmur, çünki onların irsi, əməlləri yaşayır və əhəmiyyətini itirmir. Çox zaman isə məhz həmin irs hansısa bir sahənin gələcək inkişafında böyük rol oynayır, yeni uğurların təməlinə, bünövrəsinə, başlanğıc nöqtəsinə çevrilir.

Tamerlan Əliyev XX əsrin yetişdirdiyi belə şəxsiyyətlərdən, Azərbaycan tibb elminin və səhiyyəsinin görkəmli nümayəndələrindən biridir. Elə bir nümayəndəsi ki, xeyirxah əməlləri hələ də yaşayır, onu tanıyanların xatirələri ilə nəsildən-nəslə keçir. Bir alim kimi irsi də, onilliklər keçməsinə baxmayaraq, öz aktuallığını və dəyərini qoruyub saxlayır.

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor... nəcib, xeyirxah insan. Bunlar Tamerlan Əziz oğlu Əliyevin şəxsiyyətini tanıdan qısa ensiklopedik məlumatlardır. Əslində, görkəmli alim kimi onun bəlkə geniş təqdimata heç ehtiyacı da yoxdur. Bununla belə, yada salaq ki, Tamerlan Əliyev Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyən edilməsində, dünya səviyyəsinə çıxarılmasında, tibb elmində dəyərli nəticələr əldə edilməsində və yüksək ixtisaslı kadrlar hazırlanmasında əvəzsiz xidmətləri olmuş alimdir.

Tamerlan Əliyev həkim, alim, müəllim, nəticə etibarilə vətəndaş və mənalı bir insan ömrü yaşamışdır. Onun ümdə amalı işinin uğuru və xəstələrinin sevinci idi. Həkimliyi, alimliyibütün qəlbi ilə xalqına xidmət edirdi.

Hər bir ağac kökündən, yetişdiyi torpaqdan, içdiyi sudan güc alaraq qol-qanad atır. İnsan da belədir. O da öz soykökündən, əsil-nəcabətindən qanı, geni ilə bir çox xüsusiyyətləri "ərməğan" alır və bütün bunlar onun üçün həm də gözəl nümunə, mənəvi qida olur. Üstəlik, bunlar məsuliyyət, cavabdehlik hissini artıran tutarlı amilə çevrilir.

Tamerlan Əliyevin doğulub boya-başa çatdığı ailə Azərbaycanın tarixini, taleyini, mentalitetini, xarakterini təcəssüm etdirən bir ailə idi. Atası görkəmli dövlət xadimi Əziz Əliyev ömrüboyu onu əhatə edənlərin, ilk növbədə, dərin hörmətini qazanmışdı. Rektor, nazir, Mərkəzi Komitənin katibi, baş nazirin müavini olmuş, Cənubi Azərbaycanda, Dağıstanda, Azərbaycanın Ali Sovetində, Nazirlər Sovetində müxtəlif yüksək vəzifələrdə çalışarkən yalnız xalqının sabahına xidmət etmişdir. Dövrünün partiya və dövlət xadimləri arasında özünəməxsus geniş siyasi və mədəni dünyagörüşü, intellektual səviyyəsi ilə seçilmişdi. Əziz Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində övladları üçün həyat dərsləri olmuşdur.

Görkəmli alim Tamerlan Əliyev 1921-ci ilin oktyabrında qədim Naxçıvan torpağında, Şahtaxtı kəndində anadan olmuşdu. Dünyaya gəlməmişdən 3 il əvvəl, yəni 1918-ci ildə ailəsi erməni vəhşilikləri, vandalizmi nəticəsində doğma yurdlarından, əzəli Azərbaycan torpağı olan İrəvandan köçmək məcburiyyətində qalmışdı. Ailə əvvəlcə Naxçıvanda məskunlaşmışdı. 1923-cü ilin mayında isə ailə Bakıya gələndə Tamerlanın artıq iki yaşı vardı.

Beləliklə, Tamerlan Əliyev Bakıda böyüyüb boya-başa çatır. Əvvəlcə o, 3 nömrəli ibtidai məktəbdə ilk təhsilini alır. Sonra Bakının Oktyabr (Yasamal) rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirir. Orta məktəbi əla qiymətlərlə başa vurduğu üçün gənc Tamerlan həmin dövrün qaydalarına uyğun olaraq qəbul imtahanlarından azad edilir. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur.

Tamerlan Əliyevin həkimlik sənətini seçməsi təsadüfi deyildi. Çünki gözü qarşısında gözəl həkim, sənətinin vurğunu olan atasının nümunəsi vardı. Həm aldığı tərbiyə, həm də həyatda yönəldildiyi istiqamət Tamerlanın qəlbində daim insanlara kömək etmək, onların dərdinə şərik çıxmaq istəyi oyatmışdı. Bunun üçün isə həkim olmaq ən münasib, düzgün seçim idi. Beləliklə, seçdiyi sənətlə xalqına xidmət etmək onun ömrünün mənasına, həyatının amalına çevrildi.

Tamerlan Əliyevin tələbəlik dövrü Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Bu ağır illərdə bacarıqlı tələbə öz səyi, çalışqanlığı ilə seçilir, ali məktəbin müəllim və professorları onun ümidverən kadr olduğunu aydın görürdülər. İnstitutda əla qiymətlərlə oxumaqla yanaşı, Tamerlan Əliyev gecələr Bakıda yerləşdirilmiş təxliyyə hospitallarına gedir, orada orta tibb işçisi kimi yaralılara kömək edir, onların tezliklə sağalması üçün əlindən gələni əsirgəmirdi. Bütün bunlarla bahəm gələcək həkim institutun ictimai həyatında da fəal iştirak edirdi.

Tamerlan Əliyev təhsil aldığı dövrdə yüksək etimad sayılan Stalin təqaüdçüsü olmuşdu. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdü ki, bu da o vaxt nadir hallarda tələbələrə qismət olan xoşbəxtlik idi.

Haqqında yazılmış xatirələrin birində onun ömrünün o çağları belə xarakterizə olunur: "Tamerlan Əliyev əla qiymətlərlə oxuyardı, yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. Tələbə ikən institut divar qəzetinin redaktoru, tələbə həmkarlar ittifaqı komitəsinin üzvü idi. Oxuya-oxuya da işləyirdi. Müharibə dövründə Bakı şəhərində təşkil edilən evakohospitalların birində orta tibb işçisi kimi işləyirdi... Çalışqanlığı, işgüzarlığı, ictimai işlərdə fəallığı ilə seçilən Tamerlan o dövrün ən yüksək tələbə təqaüdünə - Stalin təqaüdünə layiq görülmüşdü".

Qeyd edək ki, müharibə ilə əlaqədar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddətini dörd ilə qədər qısaltmışdılar. Odur ki, Tamerlan Əliyev ali təhsilini 1944-cü ildə başa çatdırır. Bu zaman gənc həkim sənət yollarında artıq ilk addımlarını atmışdı. Belə ki, o, 1943-cü ildə, hələ sonuncu kursda təhsil alarkən Elmi-Tədqiqat EpidemiologiyaMikrobiologiya İnstitutunda epidemioloq vəzifəsində işləmişdi.

1944-cü ildə Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya kafedrasında assistent kimi çalışır. Ümumiyyətlə, T.Əliyevin bütün sonrakı fəaliyyəti Azərbaycan Dövlət Tibb İnstitutu, indiki Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur. 1945-ci ildən başlayaraq institutun fakültativ terapiya, yəni indiki ATU-nun ikinci Müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasında kliniki ordinator vəzifəsində çalışır. Sonra assistent, dosent, professor, kafedra müdiri kimi fəaliyyət göstərir.

Tamerlan Əliyevin gözəl həkim, böyük alim olması ilk növbədə onun vətənpərvərliyindən, insansevərliyindən qaynaqlanırdı. Alim Azərbaycanın təbii sərvətlərini yüksək qiymətləndirirdi və onların insanların sağlamlığına yönəldilməsinə çalışırdı. XX əsrin ortalarında alim Azərbaycanın "İstisu", "Darıdağ" kimi mineral sularının müalicəvi təsirlərini öyrənmək üçün elmi araşdırmalar aparmışdır. Eləcə də digər kurort balneoloji amilləri tədqiq etmişdir. Bu tədqiqatların nəticələri indi də əhəmiyyətini qoruyub saxlayır.

Yeri gəlmişkən qeyd edək ki, Tamerlan müəllimin elmi tədqiqatları çoxşaxəlidir. Onlar Azərbaycanın kurort amillərinin müalicəvi təsir mexanizmlərindən tutmuş miokard infarktının müalicəsi və hemostaziologiyası problemlərinədək geniş mövzu dairəsini əhatə edir. Bu mövzular çərçivəsində endokrin orqanları xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər, onların korreksiya üsulları özünəməxsus yer tutur. Alim hələ həkimlik fəaliyyətinin ilk illərində Naftalan neftinin orqanizmin reaktivliyinə təsirini öyrənməyə başlamışdı. Apardığı axtarışlar və gəldiyi nəticələr əsasında "Heyvan orqanizminin ümmun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusunda namizədlik dissertasiyası işləmiş və onu 1954-cü ildə müvəffəqiyyətlə müdafiə etmişdir.

Elmi araşdırmalar zamanı nəticə çıxarmağa tələsmək Tamerlan müəllimin xarakterinə tamamilə yad bir xüsusiyyət idi. O, hər tədqiqatında dərinliklərə varmağı sevir, böyük səbir, hövsələ və təmkin nümayiş etdirirdi. 1969-cu ildə müdafiə etdiyi "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə periferik damarların vəziyyəti: metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri" mövzusunda doktorluq dissertasiyası məhz belə uzunmüddətli və dərindən araşdırılmış tədqiqatların nəticəsi idi.

Eyni sözləri alimin digər əsərləri haqqında da cəsarətlə demək mümkündür. Əldə etdiyi nəticələrlə kifayətlənməyərək və qazandığı uğurlarla arxayınlaşmayaraq görkəmli alim elmi işlərini səylə davam etdirirdi. Onun "Klinik-diaqnostik laborator tədqiqat üsulları", "Şəkərli diabet haqqında ətraflı məlumat", "Biokimyəvi tədqiqat üsulları", "Şəkərli diabet", "Prediabet" və digər əsərləri gərgin həkim və alim əməyinin məhsuludur. Elmi işlərinin yalnız adını çəkmək kifayətdir ki, alimin mövzu və tədqiqat dairəsinin nə qədər geniş olduğunu göstərə biləsən. Məsələn, "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi", "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi", "Endokrinologiya" və s. Bu əsərlərin hər biri öz aktuallığını, dəyərini indiqoruyub saxlayır. Adıçəkilən əsərlərdən biri - "Endokrinologiya" bu sahədə Azərbaycan dilində yazılmış ilk irihəcmli, geniş mövzu dairəsinə malik idi ki, ondan dərslik kimi istifadə olunur. Bu da təsadüfi deyil. Çünki dərslikdə Tamerlan Əliyevin həm həkim, həm də alim kimi qazandığı təcrübə, topladığı biliklər öz əksini tapmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, professor Tamerlan Əliyevin  alim qələmindən 250-dən çox elmi əsər çıxmışdır. Buraya alimin 12 monoqrafiyası, dərslik və dərs vəsaitləri, metodiki tövsiyələri də daxildir. Professor T.Əliyev həmçinin bir çox səmərələşdirici təklif və ixtiranın, elmi-kütləvi məqalənin müəllifidir. Alim eləcə də tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur. A.V.SumarokovA.A.Mixaylovun "EKO üzrə vəsait" adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.

Tamerlan Əliyevi fərqləndirən cəhətlərdən birionun təşəbbüskarlığı, daim yeniliyə can atması idi. Bu xüsusiyyətlər ona genetik olaraq keçmişdir (Əziz Əliyevin, xalq arasında "qurucu Əziz" adını qazanmış bir insanın, övladı məhz belə də olmalı idi!).

1975-ci ildə professor Tamerlan Əliyevin şəxsi təşəbbüsü və səyi ilə Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaradılmışdır.

Tibb Universitetində Daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə olaraq İntensiv kardioloji yardım şöbəsinin təşkil olunması, reanimasiyaintensiv terapiya blokunun, Funksional diaqnostika şöbəsinin yaradılması da həmin dövrdə baş vermişdir. Bu yeniliklərin də təşəbbüskarı və təşkilatçısı Tamerlan Əliyev olmuşdur.

Tamerlan müəllim öz təşəbbüskarlığı və əməksevərliyi ilə respublikada kardioloji xidmət sisteminin təşkilinin inkişafına da sanballı töhfələr vermişdir. 4 nömrəli klinik xəstəxananın nəzdində yaradılan miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardım, eləcə də İntensiv terapiya şöbəsini göstərmək olar. Bütün bunların nəticəsində Azərbaycanda həmin xəstəliklərdən əziyyət çəkənlərin sayı və ölüm halları azalmış və Sovetlər İttifaqının orta göstəricisindən aşağı olmuşdur. Belə bir şöbə keçmiş SSRİ-də ilk dəfə idi ki, yaradılırdı.

Professor Tamerlan Əliyevin tərcümeyi-halını vərəqlədikcə belə "ilk dəfə"lərə, "ilk təşəbbüslər"ə çox rast gəlmək olar. Bu təşəbbüskarlıq onun Azərbaycan səhiyyəsinin inkisafı qayğısına qalmasını, təəssübünü çəkməsini bir daha aydın göstərir.

Tamerlan müəllimin bütün xarakteri və fəaliyyəti həkim, alim adının ən yüksək etalonuna uyğun idi. Bununla yanaşı, onun özünəməxsus təcrübəsi də vardı. Müdrikliyi, alicənablığı isə bunları büsbütün tamamlayırdı. Tanınmış həkim, böyük alim olması, yəni şan-şöhrəti onun xəstələrə məhəbbətini, diqqətini azaltmamışdı. Hər xəstəni çox böyük şəfqət və qayğı ilə əhatə etməyi bacarırdı. Ətrafındakılar onun bu nəcibliyinə həmişə heyran qalırdılar.

Professor Tamerlan Əliyevin təşəbbüskarlığı təkcə müalicə şöbələrinin, klinikalarının yaradılması ilə məhdudlaşmırdı, həm də tibb infrastrukturunun qurulmasına da yeniliklər gətirirdi. Bunların sırasında C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun onun təşəbbüsü və təşkilatçılığı ilə inşa edilməsini və fəaliyyətə başlamasını xatırlatmaq kifayətdir.

Endokrinologiya sahəsinin inkişafındakı xidmətləri Azərbaycanda yüksək qiymətləndirilməklə yanaşı, alimə xaricdə də hörmət qazandırmışdı. Bunlar nəzərə alınaraq T.Əliyevə Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olmaq tapşırılmışdı. Azərbaycanlı alim, eyni zamanda Ümumittifaq (yəni, bütün SSRİ üzrə) Endokrinoloqlar, KardioloqlarNevroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdi.

Onun üçün ad-san, şan-şöhrət, yüksək vəzifə və mükafatlardan öndə dayanan digər önəmlər və məqsədlər vardı. Bunlar onun gördüyü işlərin uğuru, insanlara gətirdiyi fayda idi. Belə idi Tamerlan Əliyevin həkim və vətəndaş mövqeyi!

Ona etibar edilmiş bütün vəzifələrə eyni məsuliyyətlə yanaşmaq, hər işdə etimadı doğrultmaq da professor T.Əliyevə məxsus ümdə xüsusiyyətlərdən idi. Tamerlan Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektoru olanda və digər vəzifələri yerinə yetirəndə də məhz bu xüsusiyyətləri rəhbər tutmuşdu. Tamerlan Əliyev həmçinin Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, respublika Hərbi Çağırış Komissiyasının və "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvü olmuşdur.

Azərbaycan Respublikasının səhiyyə naziri, professor Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, tanınmış həkim və alimlər - akademik Adilə Namazova, akademik Böyükkişi Ağayev, professor Rafiq Məmmədhəsənov və bir çox görkəmli həmkarları Tamerlan Əliyevi ən xoş xatirələrlə yada salırlar. O, özünün çoxsaylı tələbələrinin də daim qəlbində yaşayır. Vaxtilə auditoriyaklinikalarda Tamerlan müəllimi dinləyən, onun bildiklərindən, zəngin təcrübəsindən bəhrələnən gənclər bu gün Azərbaycan səhiyyəsinin, tibbinin dayaqlarından sayılırlar. Professor Tamerlan Əliyev məktəbinin yetirmələrinin adı ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır.

Bu, bir həqiqətdir ki, hansı vəzifədə çalışmasından asılı olmayaraq professor T.Əliyev həmişə tələbələr qarşısında gözəl mühazirə oxumuş, onlarla öz həkim vərdişlərini paylaşmış, bir sözlə, müəllim, pedaqoq adını bütün ömrüboyu, həm də şərəflə daşımışdır.

Tamerlan Əliyevin elmi rəhbərliyi ilə 5 doktorluq və 25 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Tamerlan müəllim həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olmuşdur. Bu, onun gənc elmi kadrlar yetişdirməsi, bacarıqlı, savadlı alimlər ordusunun sıralarının genişlənməsinə kömək göstərmək üçün imkanlarını daha da artırmısdır.

Görkəmli alim təhsilin təkmilləşdirilməsi işinə də öz töhfəsini vermişdir. Kafedraya rəhbərlik etdiyi illərdə o, nümunəvi bir kafedra yaratmağa nail olmuşdu. 1970-ci ildə SSRİ Ali Attestasiya Komissiyası T.Əliyevə professor elmi adı vermişdir. Məhz həmin ildən də o, kafedra müdiri seçilmiş və 20 il bu vəzifədə olmuşdur.

Maraqlı bir fakt da odur ki, görkəmli alim o dövrün yaş senzinin tələblərinə riayət edərək öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən çıxmışdır. Həmin vəzifəyə öz yetirməsinin seçilməsinə zəmanət vermişdir. Ömrünün sonuna qədər isə kafedradan ayrılmamış, orada professor vəzifəsində çalışmışdır.

Tamerlan Əliyevin insansevərliyi, xeyirxahlığı, mərhəmət hissləri özünü təkcə klinikalarda göstərmirdi. O, yalnız həkim kimi deyil, ümumiyyətlə, bir insan və şəxsiyyət kimi çevrəsində olanların hamısına yaxşılıq etməyi bacarırdı. Ələlxüsus da məsləhətə, qayğıya, köməyə ehtiyacı olanları unutmurdu. Bacardığını əsirgəmirdi və bu, onun məsləyi idi. Bunları təbii hal, adi hərəkət kimi dəyərləndirirdi.

Əziz Əliyev ailəsinin üzvlərini yaxından tanıyan, uzun illər Zərifə xanım Əliyeva ilə rəfiqə və Tamerlan müəllimlə həmkar, yoldaşı olan professor Zəhra Quliyevanın xatirələri bu mənəvi yüksəkliyin təsiri ilə qələmə alınmışdı: "Atam vəfat edəndə Tamerlan dəfn mərasiminin təşkilində çox yaxından iştirak etmişdi. Mənə ürək-dirək, təsəlli verirdi. Qayğısını heç kimdən əsirgəmirdi".

Tamerlan Əliyevin vətən və xalq qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Görkəmli alim 1981-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Müxtəlif illərdə aldığı "Şərəf nişanı" və "Oktyabr inqilabı" ordenləri, Azərbaycan SSR Dövlət Mükafatı laureatı adı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı, "Səhiyyə əlaçısı" döş nişanı da əməyinə verilən mükafatlar sırasındadır. Alim eləcə də Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub, SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsinin sertifikatlarını alıb.

Professor Tamerlan Əliyev Azərbaycanın hüdudlarından kənarda yaxşı tanınan və hörmətlə qəbul edilən alim idi. Onun "Klinik-diaqnostik laborator tədqiqat üsulları" adlı monoqrafiyası hələ sovet dönəmində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmişdi və qızıl medala layiq görülmüşdü. Monoqrafiya həmçinin Azərbaycan SSR Dövlət Mükafatı ilə təltif edilmişdi.

Alimin özü isə bir çox beynəlxalq miqyaslı konfranssimpoziumlarda iştirak və çıxış etmişdir. O, Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiya və digər ölkələrdə keçirilmiş bu cür mötəbər elmi toplantılarda Azərbaycanı layiqincə təmsil etmişdi. Bu tədbirlərdəki çıxış və məruzələri həmkarları tərəfindən həmişə maraqla qarşılanmışdır.

Tamerlan Əliyev dünyasını 76 yaşında - 1997-ci il aprel ayının 7-də dəyişdi. Fəxri xiyabanda dəfn olundu. İşıqlı xatirəsi isə daim ürəklərdə yaşayır. Tələbələrinin, şəfa bəxş etdiyi insanların, həmkarlarının, dostlarının, doğmalarının, bir sözlə, sədaqətlə, övlad sevgisi ilə xidmət etdiyi Azərbaycan xalqının qəlbində həmişə yeri var. 2011-ci ildə anadan olmasının 90 illiyi respublikanın elmi-pedaqoji, tibb ictimaiyyəti tərəfindən yüksək səviyyədə qeyd olundu. Lakin Tamerlan Əliyev təkcə yubileydoğum günlərində deyil, hər zaman xalqı tərəfindən xatırlanan bir şəxsiyyət, alimböyük insandır.

İstər doğulub böyüdüyü, mənsub olduğu ailənin şöhrəti, istərsə də özünün həyatda qazandığı hörmət və nüfuz Tamerlan müəllimin sadəliyinə, təvazökarlığına zərrə qədər də təsir edə bilməmişdi. Əksinə, yüksək intellekti, tutduğu vəzifələr ona həmişə öz obyektivliyini həyata keçirməkdə köməkçi olmuşdur. Tamerlan Əliyev incəqəlbli bir insan, çox həssas bir həkim idi. O, böyük alim, xeyirxah insan idi. Həkim, alim, vətəndaş mövqeyini həmişə uca tuturdu.

Alim kimi Tamerlan Əliyevin irsi öz dəyərini saxlayır, gənc həmkarlarının əlindən tuturbu irs hələ çox öyrəniləcək, tədqiq ediləcək və yüksək qiymətləndiriləcək.

    

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 30 oktyabr.- S.6.