Ölkələrimiz arasında mədəni sahədə

 əməkdaşlıqdan məmnunluq ifadə edilib

 

Oktyabrın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salim Əl-Hamud Əs-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrlə bağlı müqavilə imzalandığını qeyd edərək bu sahədə bir çox işlər görüldüyünü, bir sıra mədəni tədbirlər həyata keçirildiyini söyləyib. Nazir 2013-cü ildə Azərbaycanda Küveyt mədəniyyət günlərinin baş tutduğunu diqqətə çatdırıb. Həmçinin Küveytdə də Azərbaycan mədəniyyət günlərinin keçirildiyini vurğulayıb.

Ə.Qarayev Küveyt dövlətinin beynəlxalq səviyyəli forumlarda və tədbirlərdə həmişə Azərbaycanın haqq işini dəstəklədiyini məmnunluqla ifadə edib.

Nazir fürsətdən istifadə edərək qonaqları gələn il ölkəmizdə keçiriləcək Üçüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Küveytin mədəniyyət nazirinin salamlarını çatdıran qonaq bundan sonra da ölkələrimiz arasında mədəni sahədəki əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini vurğulayıb.

 

Azərbaycan.-2014.- 30 oktyabr.- S.7.