Almaniyada Azərbaycan Mədəniyyət

 Günləri çərçivəsində daha bir tədbir keçirilib

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

Tədbir Hannover Konqres Mərkəzində keçirilib. Səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir həmçinin ölkəmizin sürətli inkişafı, zəngin musiqi ənənələrindən danışıb, Azərbaycanın konservatoriyası kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.

Tədbirin aparıcısı Heydər Əliyev Fonduonun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fonduonun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb. Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milliklassik musiqilər səsləndirilib.

Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan "Azərbaycanda alman izləri" kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Tədbir çərçivəsində izləyicilər "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, o cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover merinin müavini Tomas Herrmann,  Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi İcmasının sədri Mixael Fürst iştirak ediblər.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 Hannover

Azərbaycan.-2014.- 30 oktyabr.- S.7.